“Saata baxdım, 7 dəqiqə sonra türk uşağı qan itirərək dünyasını dəyişdi”backend

"Saata baxdım, 7 dəqiqə sonra türk uşağı qan itirərək dünyasını dəyişdi"

O məşum gecədən 29 il ötdü. O gecədən ki, xocalılıların göydə Allahdan, yerdə vətəndaşı olduğu dövlətdən əli üzülmüşdü. Onların ah-naləsi, haray səsləri Qarqar çayının şırşırında boğulurdu, hətta Ağdama gəlib çatmırdı. Beləcə, yüzlərlə soydaşımız faşist ermənilərin insafına buraxılmışdı. Ermənidə də nə vaxt insaf olub ki?.. Ermənilər hər zaman türk qanını şərbət kimi içiblər. Necə ki, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə bunu bir daha gördük və şahidlik etdik. Biz şahidlərinsə vəzifəsi odur ki, son nəfəsimizə kimi ermənilərin nə qədər qansız, vandal və insani hisslərdən uzaq olduğunu deyək, danışaq.

Bu yazımda ermənilərin özlərinin Xocalı soyqrımı ilə bağlı xatirələrinə yer ayıracam. Qoy gəncliyimiz kiminlə qonşu olduğumuzu bir daha bilsin, yadında saxlasın.

Qaregin Njdedən sonra erməni faşizmini ən güclü şəkildə alovlandıran şərəfsizlərdən biri də Zori Balayan olub. 1988-ci ildə istər Dağlıq Qarabağda separatizmin baş qaldırmasına, istərsə də Sumqayıt hadisələrinə səbəb məhz onun “Ocaq” kitabı olmuşdu. Türkün cəlladı olan Balayanın milli zəmində yazdığı daha bir kitabı isə 1996-cı ildə nəşr olunan “Ruhumun canlanması”dır. Bu kitab bütünlüklə erməni vəhşiliyinin və Xocalı soyqrımının təsvirinə həsr olunur. Yeri gəlmişkən deyək ki, Xocalı faciəsi bir günün işi deyildi. Onlar buna illərlə hazırlaşmışdılar. Təsadüfi deyil ki, Xocalı soyqırımı günü erməni faşizminin o vaxtkı ideoloqları Silva Kaputikyan, Zori Balayan da Xocalı şəhərində idi. Və erməni cəlladların törətdikləri vəhşiliyi bu varlıqlar nəşə ilə seyr edirdilər. Zori Balayan öz kitabında yazırdı ki, “Biz Xaçaturla ələ keçirdiyimiz evlərdən birinə girərkən əsgərlərimiz 13 yaşında bir türk uşağı pəncərəyə mismarlamışdılar. Daha sonra bu uşağın başının, sinəsinin və qarnının dərisini soydum. Saata baxdım, 7 dəqiqə sonra türk uşağı qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığım üçün sevincindən qürurlanırdı. Sonra Xaçatur ölmüş türk uşağın cəsədini hissə-hissə doğrayaraq türklərlə eyni kökdən olan itlərə atdı”.

David Xerdiyan adlı erməni yazar Livanda çap olunmuş “Xaç uğrunda” kitabında qeyd edir: “Biz soyuqda Daşbulaq yaxınlığındakı bataqlıqdan keçməmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən zabit mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qızın meyitinin üstünə basıb addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Beləcə təxminən 1200 meyitin üstündən keçdim”.

Başqa bir erməni cəlladı Arakel Minasyan yazırdı: “Boş qalmış şəhəri gəzərkən bir körpə səsi eşitdik. Səs gələn tərəfə getdim. Gördüm ki, yerdə bir türk qadının meyiti var. Meyitin yanındakı bələkli körpə acından və soyuqdan gömgöy  göyərmişdi. Onun səsi başıma düşdü. Körpəni susdurmaq üçün anasının döşünü kəsib onun ağzına tıxdım”.

Xocalıya hücum əməliyyatından sonra yaxınları ilə həmin qanlı hadisələr törədilən yerdə olmuş başqa bir erməni Vazgen Mkrtıçyan sonralar danışırdı: “Evlərdən birinin divarına 11 yaşlı bir türk qızı mismarladıq. Türklərə olan nifrətimi soyutmaq üçün hələ də can verən qızın dərisini qopartmağa başladım”.

Bəli, Xocalıda ermənilər bu dərəcədə vəhşi və qansız olublar. Ən dəhşətlisi də odur ki, erməni faşistləri törətdikləri vəhşilikləri qəhrəmanlıq kimi təsvir edir, bunu rəsmi yığıncaqda danışır, kitablar çap etdirirlər.  Məsələn,  Xocalı soyqırımını törətmiş qüvvələrə komandanlıq edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan erməni gəncləri ilə görüşlərində iştahla deyirdi ki,  “Biz üzərimizə düşən missiyanı yerinə yetirdik, Ermənistan və Qarabağ türksüzləşdirildi. Yerdə qalanları siz etməlisiniz”.

Nə yazıq ki, belə bir varlıq dünyaya insanlıqdan və insan haqlarından dərs deyən ABŞ, Avropa dövlətlərinin liderləri ilə badə toqquşdurub, bir masada oturub. Və bu gün də siyasi meydanda at oynadır. Hələ Robert Koçaryanı demirəm. Dağlıq Qarabağda törədilən bütün qətlamlarda, o cümlədən Xocalı soyqırımında  Robert bilavasitə iştirak edib. Bundan sonra isə 10 il Ermənistanın rəhbəri olub. Bu gün bizə “dost” deyən Vladimir Putinin “lyubimçiki” olan Koçaryan həm də ABŞ, Fransa, Almaniya və insani dəyərlərdən anqıra-anqıra danışan digər ölkələrin liderləri ilə uzun müddət badə yoldaşı olub. Bu da böyük dövlətlərin ikili və riyakar siyasətlərinin ən iyrənc göstəricisidir. Azərbaycan hökumətinin Xocalı soyqırımına görə beynəlxalq axtarışa verdiyi Koçaryanlar, Sarkisyanlar, Ohanyanlar nə yazıq ki, beynəlxalq hüququn gözü qarşısında sərbəst şəkildə gəzirlər. Və ən dəhşətlisi də odur ki, bu cəlladlar beynəlxalq tribunalardan “türk vəhşiliyi” barədə zingildəyə-zingildəyə hürürlər. İnsan haqları üzrə hesabatlar hazırlayan beynəlxalq institutlar və ABŞ, Rusiya və Avropa kimi dövlətlər isə erməni cəlladların cəfəng danışıqlarına ağızlarını ayırıb qulaq asırlar, bəzənsə onlara dəstək də verirlər, “erməni soyqrımını” tanıyırlar.

Amma bir təsəllimiz var ki, xocalılıların və 25 mindən artıq soydaşımızın qanı yerdə qalmadı. 44 günlük “Dəmir yumruq” əməliyyatı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Erməni cəlladların tam əksəriyyəti Qarabağdan qovuldu. Yəqin ki, yaxın aylarda növbəti əməliyyat keçiriləcək və digər faciələrimiz kimi Xocalı soyqrımının səbəbkarları da Azərbaycan qanunları ilə mühakimə olunacaq.

Surxay Atakişiyev,

KONKRET.az

  • Zamina Elturan
    Fevral 26, 2021 - 12:18

    Bunlar adamlıqdan,insanlıqdan danışa bilməz!Nəsə qeyri yırtıcı məxluqdular,sadəcə,adama bənzərləri var.Bunlar iblisdilər,iblis!Kitablarında etiraf etdikləri əməlləri onların adam-insan olmamalarına bir möhürdü.Bu möhürü onlar özləri vurdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*