Ağdamdan məcburi köçkün düşən və Göyçayın Əyrici fabrikinin körpələr evində məskunlaşan Bayramovlar ailəsi çarəsiz vəziyyətdədir. Buna səbəb isə ailənin 12 yaşlı yeganə övladının bir gözünün görmə qabiliyyətini itirməsidir. 12 yaşlı Qabil Bayramzadənin anası Vəfa Bayramova oğlunun gözünün buynuz qişası köçürülməsi ilə görə biləcəyini deyir. Lakin bunun üçün maddi imkanları olmayan ailə Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edib. KONKRET.az həmin mürciəti olduğu kimi təqdim edir:
Göyçay şəhəri Əyrici fabrikinin körpələr evində məskunlaşan məcburi köçkün, şəhid bacısı Bayramova Vəfa Əyyub qızı tərəfindən
MÜRACİƏT:
Mən mətbuat vasitəsi ilə hörmətli Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm. Bizim ailə 1993-cü il tarixində Ağdam rayonundan məcburi köçkün düşərək Göyçay rayonunda məskunlaşıb. Birinci Qarabağ müharibəsində qardaşım Azadov İlham Əyyub oğlu qəhrəmancasına şəhid olub. Şəhid qardaşımın məzarı Ağdam şəhidlər xiybanındadır. 12 yaşlı yeganə övladım Bayramzadə Qabil Kəmaləddin oğlu sağ gözündən xəsarət aldığı üçün görmə qabiliyyətini 90 faiz itirib. Buna görə gözündən 3 dəfə cərrahi əməliyyat olunsa da, görmə qabiliyyətinin bərpa edilməsi mümkün olmayıb. Qabili müayinə edən professor bildirib ki, gözünə buynuz qişası köçürülərsə, onun görmə qabiliyyəti tam bərpa olunacaq. Biz ailəliklə buna çox sevinsək də, arzumuz-istəyimiz gözümüzdə qalıb. Çünki balaca Qabilə buynuz qişası köçürülməsi üçün istənilən 10.000 (on min) manat pulu ödəməyə maddi imkanımız yoxdur. Həyat yoldaşım Göyçay Gigiyena və Epidemologiya Mərkəzində fəhlə işləyir, əmək haqqı isə 320 manat təşkil edir. Bu pul ilə biz güclə dolanırıq. Başqa yerdən gəlirimiz yoxdur.

Vəfa Bayramova bildirib ki, 12 yaşlı oğlu Qabil taekvando idman növü üzrə yarışlarda dəfələrlə qalib olub, güclü idmançıdır. Çoxlu sayda medallar və fəxri diplomlarla təltif edilib. İndi isə aldığı xəsarətə görə sağ gözünün görmə qabiliyyəti itib. Maddi imkansızlığa görə balaca Qabilin gözünə buynuz qişası köçürülməsini təmin edə bilmirlər. Buna görə də, ağlamaqdan gözlərində yaş qalmayıb: “Çətinliklə üzləşsək də, ümidimizi üzməmişik. Ona görə ki, Azərbaycan Respublikasının Mehriban Əliyeva kimi mərhəmtəli, qayğıkeş və humanist birinci xanımı var. Mehriban xanımın köməkliyi sayəsində çoxlu sayda xəstə uşaqlar sağalıb və sağlam həyata qayıdıblar”.

Çox ümid edirəm ki, Mehriban xanım mənim bu müraciətimi oxuyub balaca Qabilin səhhəti ilə maraqlanıb, onun cərrahi əməliyyat olunmasına köməklik göstərəcək. Hörmtli Mehriban xanım! Sizdən çox-çox xahiş edirəm, yeganə övladım olan balaca idmançı Qabilin gözünə buynuz qişasının köçürülməsinə köməklik göstərəsiniz.

Müşviq Tofiqoğlu
KONKRET.az
