Ukrayna Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsinin 28-ci günü ilə bağlı son məlumatları yayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, Rusiya son 24 saat ərzində Ukraynaya raket zərbələri endirməkdə davam edib.
Ukrayna müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində əməliyyatları davam etdirib:
“Şərq istiqamətində qoşunların əməliyyat qrupları Donetsk, Slobojanski və Tavrida vilayətlərinin şərq hissələrində fəaliyyət göstəriblər. Onlar düşmənin Slavyansk istiqamətində və Lozovaya qəsəbəsinə hücumuna icazə verməyiblər. Düşmənin Zaporojye, Popasnaya və Kuraxovo şəhərləri istiqamətində irəliləməsini əngəlləyiblər”.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsinə görə isə onlar Mariupolun hərtərəfli müdafiəsini həyata keçiriblər.
Şimal-Şərq istiqamətində əsas səylər dövlət sərhədinin mühafizəsinə, Malin yaşayış məntəqəsi ərazisində rusların hücumunun qarşısını almağa yönəlib.
Severşinada Ukrayna qoşunlarının bir hissəsi Çerniqovun müdafiə edib və Rusiyanın Kiyev istiqamətində irəliləməsinin qarşısını alıb.
Cənub-Şərq istiqamətində müdafiə əməliyyatı həyata keçirilib:
“Quru qoşunlarının və ayrı-ayrı hissələrin hərəkətlərinə dəstək verilib. Qara dəniz əməliyyat zonasında bazaların və dəniz limanlarının müdafiəsi təmin edilib. Nikolayev şəhərinin və Nikolayev vilayətinin yaşayış məntəqələrinin müdafiəsi davam edir. Müdafiəçilərimiz Krivoy Roq və Novovorontsovka istiqamətində düşməni qarşısını alıb və ərazi müdafiəsi üçün tapşırıqları yerinə yetiriblər”.
Ukrayna MN son sutkada Rusiyanın verdiyi itkiləri də açıqlayıb:
“Ötən gün ərzində düşmənin 17-dən çox hava hədəfi – 6 təyyarə, 5 PUA, 1 helikopter və 5 qanadlı raketi vurulub. Bundan əlavə, Ukrayna aviasiyası düşmənin texnika və canlı qüvvə toplanmasına mane olub, onlara sarsıdıcı zərbə endirib”.
Ukrayna MN-in məlumatında qeyd edilib ki, artıq Belarus da hərbi texnikasını sərhədə toplayır:
“Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır”.
Vəsilə İbrahim,
KONKRET.az
