“Sülh müqaviləsi üçün son variant masaya qoyula bilər” – Vaşinqton görüşünün təxirə salınması ilə bağlı AÇIQLAMAbackend

"Sülh müqaviləsi üçün son variant masaya qoyula bilər" - Vaşinqton görüşünün təxirə salınması ilə bağlı AÇIQLAMA

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü təxirə salınıb. Rəsmi İrəvan iddia edir ki, görüşün təxirə salınmasını rəsmi Bakı istəyib. Amma Dövlət Departamenti və rəsmi Bakı görüşün təxirə salındığını elan etsə də, bunun səbəbini açıqlamayıb. Bəs görəsən, Vaşinqton görüşü hansı səbəblərdən təxirə salına bilər? Bu, iki tərəfin razılığı əsasında baş verib yoxsa Azərbaycan görüşü ertələyib?

Samir Hümbətov

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, görüşün Azərbaycan tərəfinin təkidi ilə təxirə salınması mümkündür və bu, istisna deyil: “Ola bilər ki, bəzi məsələlər üzərində müzakirələrin aparılması vacibdir. Çünki burada qərarı təkcə xarici işlər nazirləri vermir. Əsas olan liderlərin müzakirəsi və onların verdiyi qərarlardır. Görünür, birinci Vaşinqton görüşündə ciddi müzakirələr aparılıb və nəticələr əldə olunub. Buna rəğmən birinci Vaşinqton görüşündən sonra verilən açıqlamalarda qeyd olunurdu ki, bəzi məsələlərdə qaranlıq məqamlar hələ də qalıb. Yəni görünən odur ki, bu qaranlıq məqamların aydınlaşdırılması üçün görüş təxirə salınıb”.

Samir Hümbətovun sözlərinə görə, bu məsələdə söhbət tərəflərin öz aralarında apardığı müzakirələrdən gedir: “Yəqin ki, Azərbaycan tərəfi bəzi məsələlərin müzakirəsini daha dərindən aparmaq istəyir. Ona görə də, rəsmi Bakının görüşü təxirə salması mümkündür. Amma hər bir halda ikinci Vaşinqton görüşü baş tutacaq. Bunun üçün müəyyən zaman lazımdır. Fikrimcə, əsas məsələlərdə razılıq əldə olunub. Qalan xırda detallar da yekunlaşmalıdır ki, sülh müqaviləsi üçün son variant masaya qoyula bilsin”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*