“Biz hər zaman qeyd etmişik ki, müharibə tək döyüş meydanında aparılmır”.
Bunu KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib.
Partiya sədri qeyd edib ki, bütün sahələr üzrə döyüşlər gedir: “Düşmən hər zaman ayıq-sayıqdır, bizi düşündüyümüzdən də çox izləyir və məlumatlıdır. O baxımdan istər sosial şəbəkələrdə, istərsə də media və digər sahələrdə də diqqətli olmalıyıq. Bəzən bilərəkdən və ya bilməyərəkdən media nümayəndələri, sosial şəbəkə istifadəçiləri düşmənin bizim əleyhimizə istifadə etdiyi yalnışlığa yol verirlər. İnanmıram ki, sosial şəbəkə istifadəçilərin hamısı bunu bilərəkdən və ya qəsdlə edirlər. Bəzən təcrübəsizlikdən bu addımı atırlar. Müharibənin nə qədər ciddi olduğunu dərk etmirlər. Bu kimi informasiyaları yayanlara nəzər etsək, görərik ki, əksəriyyəti yeniyetmə gənclərdir. Onlar düşünmürlər ki, müharibə qandır, ölümdür, şəhiddir, qazidir. Bu, insan taleləridir”.
Tural Abbaslı vurğulayıb ki, insanlar daha çox məsələnin yumor tərəfinə qaçırlar: “Ona görə də maarifləndirmə işləri güclənməlidir. KİV-in imkanlarından istifadə edib, maarifləndirmə işləri aparılmalıdır. Əsas da televizyalarda sosial çarxlar hazırlanmalı və efirə verilməlidir. Bu video çarxlarda insanların özünü aparması, təhlükələr və digər məsələlər barəsində məlumatlar verilməlidir ki, vətəndaşlarımız diqqətli olsunlar. Mən sizin vasitənizlə bütün vətəndaşlarımıza və sosial şəbəkə istifadəçilərinə çağırış edib, bildirmək istəyirəm ki, hərbi vəziyyətə əməl edək, bir az daha məsuliyyətli olaraq məsələyə ciddi yanaşaq. Rəsmi orqanların qərar və tövsiyələrinə əməl edək. Şəhidlərimizin qanı bahasına alınan torpaqlar və ərazilər ironiya mövzusu olur. Bu da düşmənin əlinə psixoloji müharibə aparmaq üçün ləvazimat verir. Yenə təkrar edirəm, insanlarımız bunu bilərəkdən etmir. Hər şeyin səbəbi məlumatsızlıqdan irəli gəlir. Aidiyyəti orqanlar bu istiqamətdə işləri gücləndirsə, daha yaxşı olar”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
Xüsusilə bəzi rusdilli insanlarımız çok məsuliyətsiz davranır. Rus sitələrində aparılan təxribatı yalan yanlış xəbərləri mənimsəyirlər və yayırlar. Sabotajla məşğuldurlar. Hamısı deyil təbii ki.