“Türkiyə Azərbaycanla birləşir və sonra Cənubi Azərbaycanı İrandan alır” – ŞOK TƏHLİLbackend

“Türkiyə Azərbaycanla birləşir və sonra Cənubi Azərbaycanı İrandan alır” - ŞOK TƏHLİL

İkinci Qarabağ savaşının gözlənilmədən başlayıb, belə tez yekunlaşacağına çoxları hələ də inanmır. Lakin bu müharibə haqqında iki il öncədən xəbər verən insanlar da var. Belə ki, bəzi analitiklər Qarabağ müharibəsinin nəticələrini Azərbaycanın 27 sentyabr 2020-ci il tarixində hücumlara başlamasından bir neçə il əvvəl proqnozlaşdırırdılar. Proqnozu gerçəkləşənlər arasında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makiyenko da var. “Moskovskiy komsomolets” ondan proqnozun nəyə əsaslandığını və nəyi proqnozlaşdırmağın mümkün olmadığını soruşub.

 – İki il yarım əvvəl, 2018-ci ildə MK-ya “Fırtınanı gözləyirik: Cənubi Qafqaz” kitabının nəşri ilə əlaqədar verdiyiniz müsahibədə Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğunu söylədiniz. Təxminən senarisini, qoşunların taktikasını və ehtimal olunan nəticəni təsvir etdiniz. Bu proqnoz demək olar ki, bütün əsas məqamlarda doğru çıxdı. Nəyi proqnozlaşdırmaq mümkün olmadı?

– Əsas odur ki, bəlkə də nə mənim, nə də o kitabın yaradılmasında iştirak edən müəlliflərin heç biri əvvəlcədən görə bilmədi ki, azərbaycanlılar özləri üçün strateji xarakterli bu cür həlledici hədəflər qoyacaqlar. Güman edirdik ki, çox güman ki, Qarabağ məsələsini nəhayət həll etməyə çalışmazdan əvvəl, Azərbaycan 2016-cı ilin aprelindəki kəskinləşmə nümunəsini izləyərək daha təvazökar miqyaslı ən azı bir və ya daha iki əməliyyat keçirəcəkdir. Bakının özünə erməni birləşmələrini qəti məğlub etmək və 1992-1994-cü illərdə ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin tamamilə azad edilməsini hədəf kimi  qarşıya qoyacağını biz də gözləmirdik.

Niyə bunu görə bilmədik? Səbəbini deyim. Nikol Paşinyan 2018-ci ilin may ayında “məxməri inqilab” nəticəsində Serj Sarkisyanın əvəzinə Ermənistanın Baş naziri oldu. Bax,biz bunu nəzər almamışdıq. Köhnə Qarabağ siyasi elitası Ermənistanda hakimiyyətdə qalsaydı, 2020-ci ilin payızındakı hərbi vəziyyət böyük ehtimalla bir qədər fərqli olardı. Mümkündür ki, Bakı sadəcə belə bir ciddi əməliyyatı həyata keçirməyə cürət etməzdi. Yəni 2018-ci ilin əvvəlində Paşinyanın bu qədər aciz olduğu hələ məlum deyildi. Dövlət başçısının həqiqi müharibədən keçmiş bir insan olması, məsələn, Köçəryandan (1998-2008-ci illərdə Ermənistan prezidenti Robert Köçəryan – “MK”) danışsaq bir şey, dövlət başçısının jurnalist olduğu zaman başqa bir şey ortaya çıxır.

Üstəlik, Paşinyan parodik olaraq xalqının ağır məğlubiyyətlərindən məsul olan başqa bir uduzana bənzəyir. Azərbaycanın vaxtilə Elçibəy adlı prezidenti var idi, onun rəhbərliyi altında Azərbaycan Ordusu fəlakətli məğlubiyyətlərə uğradı və ölkənin özü ağır ərazi itkilərinə məruz qaldı. Prezident olmazdan əvvəl Elçibəy qədim mətnləri öyrənirdi və ərəb dilindən tərcümələr edirdi. Və sonra bu adam dövlət başçısı oldu. Bəlkə də bu, tarixin ironiyasıdır. SSRİ-nin də rəhbərliyinə Qorbaçov kimi yalançı birinin keçdiyi vaxt biz bunun şahidi olduq. Rəsmi olaraq o ali təhsil almışdı, universitetin müstəqil komsomol təşkilatının katibi idi. Həqiqətdə isə Mixail Sergeyeviç Qorbaçov savadsız və təhsilsiz adam idi. Onun “parlaq” rəhbərliyinin nəticəsi hamımıza yaxşı məlumdur.

Bu, bizim 2018-cildə nəzərə ala bilmədiyimiz haldır. Ermənistandakı siyasi elitanın dəyişəcəyini və yeni siyasi rəhbərliyin bu qədər bəsit olacağını bilmirdik.

Və ikinci məqam. Əlbəttə ki, Türkiyənin bu münaqişədə iştirakının bu qədər güclü olacağını xəyal edə bilməzdik. İndi tədricən məlum olur ki, türk hərbi məsləhətçiləri Azərbaycan hərbi birləşmələrində olublar. Yalnız bəzi qərargahlarda deyil, hərbi əməliyyatların inkişafı və onların planlaşdırılması ilə məşğul idilər. Onlar batalyon səviyyəsinə qədər Azərbaycan qoşunlarının döyüş birləşmələrində iştirak edirdilər. Bəzi hallarda – bir konsaltinq şirkəti səviyyəsində. Əslində yerdəki hərbi əməliyyatlara rəhbərlik edirdilər. İnsansız hava vasitələrinin operatorlarının tez-tez türk olduqları anlaşılır. Türk Ordusunun Azərbaycanın hava hücumundan müdafiə sistemlərini, rabitəsini və sairə elektron hücumların təmin etdiyi barədə məlumatlar var. Türkiyənin bu qarşıdurmaya bu qədər güclü müdaxilə etməsi, əlbəttə ki, 2018-ci ildə təsəvvür etmək də çətin idi.

2018-ci ildə iki il əvvəlki hərbi toqquşmaların təhlilinə əsasən, Ermənistanın müdafiə sisteminin məğlubiyyətə səbəb ola biləcək zəif tərəflərini dediniz: ordunun zəif texniki təchizatı və müdafiə xətləri, qoşunların yerləşdirilmə nisbətləri, inkişaf etməmiş hərbi infrastruktur. Bəs son iki ildə bu problemlər Ermənistan rəhbərliyi tərəfindən niyə həll olunmadı?

– Təəssüf ki, Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi 2018-ci ilə qədər bu məsələlər həll olunmadı. Və onun gəlişi ilə vəziyyət daha da pisləşdi. Müharibədən əvvəl edilən bəzi əsas səhvləri sadalaya bilərik. Bu, ərazinin mühəndis hazırlığına etinasızlıqdır. Cənubda bu əməliyyat teatrında tank üçün təhlükəli olan yeganə istiqamətdə müdafiə strukturlarının ən zəif olduğu ortaya çıxdı. Bütün bu problemli məsələlər həll olunmadı.

Ancaq biz rusların daim unutmamalı olduğumuz əsas bir şey var. 1992-1994-cü illər müharibəsi nəticəsində və sonrakı toqquşmalar nəticəsində, o cümlədən 2016-cı ilin aprelində ermənilər azərbaycanlılar üzərində bir üstünlük kompleksi yaratdılar. Hərbi-texniki və ədədi azərbaycanlılardan geri qalmasına baxmayaraq, təşkilatlanma və mənəvi-psixoloji keyfiyyətlərinə görə azərbaycanlılardan üstün olduqlarına inanırdılar. Və birdən-birə məlum oldu ki, Azərbaycan piyadaları və tankerləri də mükəmməl motivasiya və təlim almışlar. Rəqibinizi qiymətləndirməmək çox təhlükəli bir şeydir. Zəif xarici düşməni belə qiymətləndirməmək belə ağır məğlubiyyətlərə səbəb olur. Əslində azərbaycanlıların 2016-cı ilin aprelindən bəri piyadaların keyfiyyətini, hərbi-texniki üstünlüklərini artırdıqları və komandanlıq keyfiyyətini yüksəltdikləri ortaya çıxdı. Hər şeydən öncə bu, təkcə ermənilər üçün deyil, ümumiyyətlə, hər kəs üçün vacib bir dərsdir. Bu, açıq bir dərsdir, amma heç kim bunu öyrətmir. Sadəcə heç bir halda rəqibinizi aşağı qiymətləndirməməlisiniz.

Məsələn, hərbiçilərimizin Ukrayna ordusunu necə qiymətləndirdiyini bilmirəm. Ancaq küçədəki ortalama, televizora baxan və siyasətlə az-çox maraqlanan adamımızın Ukrayna ordusuna hörmətsiz yanaşması – bir həqiqətdir. Bu da çox təhlükəlidir. Çünki Ukrayna ordusu 2014-cü ildəki kimi deyil. Üstünlük hiss etmək və düşməni qiymətləndirməmək çox təhlükəli ola bilər. Düşməni yüksək qiymətləndirmək, əlbəttə ki, buna dəyər deyil, işini etibarlı görmək deməkdir.

Müharibə ərəfəsində ermənilərin səhvləri  aydın olur. Erməni tərəfinin məğlubiyyətini sürətləndirən hərbi əməliyyatlar zamanı hərbi rəhbərlik səhv etdimi?

– Doğrudan da döyüş əməliyyatları zamanı əsas səhv yenə cənub istiqamətinin qiymətləndirilməməsi idi. Yeri gəlmişkən, qeyd edək ki, ermənilər bütövlükdə mərkəzi və şimalı qoruyub saxladılar.

– İki il əvvəl Azərbaycan Ordusunun güclü tərəflərini sadalamısınız və mümkün taktikalarından danışmısınız. Hər şey gözlədiyiniz kimi idimi, yoxsa azərbaycanlılar sizi nədəsə təəccübləndirdilər?

– Əməliyyat sənəti baxımından düşünürəm ki, Azərbaycanın cənub istiqamətindəki manevri diqqətə layiqdir, şübhə edirəm ki, türklərin iştirakı olmadan hazırlanmayıb. Azərbaycanlılar cənubdan keçərək Laçın istiqamətində təqlid “kobra atışı” etdilər. Ermənilər də əsas müdafiə qüvvələrini orada cəmləşdirdmişdilər. Amma  azərbaycanlılar bir az daha şərqə, silsilələr, vadilər boyunca Şuşa bölgəsinə keçdilər. Yəni şərqdən güclü bir zərbə vurdular. Əlbəttə, Laçın da əsas məqamdır. Ancaq azərbaycanlılar Şuşanı alaraq Dağlıq Qarabağın bütün müdafiəsinin məhv etdilər. Bu əməliyyat – Laçına bir zərbə təqlidi və Şuşaya isə əsl bir zərbə idi. Bu parlaq şəkildə hazırlanıb həyata keçirilmiş bir hərbi əməliyyat idi. Nəticədə, Ermənistan qoşunları əməliyyat təşəbbüslərini itirdilər.

– Hərbi-texniki baxımdan Azərbaycan qoşunları daha güclü idimi?

– Bəli, bu, proqnozlaşdırıla bilərdi. Bəlkə də eyni dərəcədə deyil. 2018-ci ildə kamikaze pilotsuz təyyarələri də daxil olmaqla pilotsuz təyyarələrin böyük rol oynayacağı bəlli idi. Ancaq bu rolun bu qədər müəyyənləşdirilməsi şəxsən mən də daxil olmaqla hər kəs üçün sürpriz oldu. Bir sürpriz, Azərbaycan piyada qoşununun ciddi şəkildə artan keyfiyyəti və çox yaxşı öyrədilmiş yüngül dağ piyada birliklərinin olması idi.  Şuşada pilotsuz təyyarələr işləmirdi. Orada dağ xüsusi təyinatlıları fəaliyyət göstərirdi, demək olar ki, əlbəyaxa döyüşlər olurdu.

– Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində hərbi iştirakı ilə bağlı proqnozunuz doğruldumu? Ankaranın qazancı nədir?

-Türkiyənin rolu çox yüksək idi. Ankara, daha doğrusu Prezident Ərdoğan bir neçə layihə həyata keçirməyə çalışır. Bu, vaxtilə Osmanlı İmperiyasının tərkibində olan ərazilər üzərində nəzarəti bərpa etmək üçün neo-Osmanlı layihəsidir.

İkinci layihə pantürkizmdir. Yəni Ərdoğan Türk dünyasının lideri olmaq istəyir.

Üçüncü məqsədi İslam dünyasının lideri olmaqdır. Bu mənada Azərbaycan Türkiyə üçün vacib bir halqadır. Etnik və dil baxımından bu, Türkiyənin ən yaxın ölkəsidir. Bunlar qanla qardaş xalqlardır. Və buna görə də, əlbəttə ki, Azərbaycan Ərdoğanın pantürkist layihəsinin həyata keçirilməsinin ilk obyektidir. Coğrafiyaya baxaq. Türklər Xəzər dənizinə Azərbaycan üzərindən girirlər və Orta Asiya və Volqa bölgəsindəki vəziyyətə daha çox təsir göstərə bilərlər. Yəni Azərbaycana göstərilən böyük yardım Ərdoğanın planının həyata keçirilməsinin bir hissəsidir. Bu layihəni həyata keçirmək üçün növbəti cəhdlər Qazaxıstanda, Şimali Qafqazda, Volqa bölgəsində olacaqdır. Dayanmayacaqlar. Belə bir senari təsəvvür edin – Türkiyə Azərbaycanla birləşir və sonra Cənubi Azərbaycanı İrandan alır. Bu vəziyyətdə, 100 milyondan çox əhalisi olan, güclü bir Türk sənayesi və Azərbaycan enerji qaynaqları olan bir birlik əldə edilir. Yəni, gücü Osmanlı İmperatorluğunun qızıl çağındakı gücünü xatırladan bir geopolitik varlıq olacaqdır.

Nəinki 2020-ci il Qarabağ müharibəsinin nəticələrini, eyni zamanda Ermənistanın ilk Rusiya İmperiyasının, daha sonra isə SSRİ-nin bir hissəsi olmasının çoxəsrlik təcrübəsini nəzərə alaraq demək olar ki, bu cür dövlətlər öz təhlükəsizliyini təmin etmək və sosial-iqtisadi inkişaf üçün şərait yaratmaq iqtidarında deyillər? Onları nə gözləyir və onlar üçün çıxış yolu nədir?

– Ermənistanı çox çətin dövrlər gözləyir. Ermənistanın dövlətçiliyi üçün çox böyük risklər var. Bunlar hərbi fəlakətin məhsuludur. Eyni zamanda, risklər bəsit və qərarsız siyasi rəhbərlik tərəfindən çox ağırlaşır. Düşünürəm ki, hazırda miqrasiya kəskin şəkildə güclənir. Yaxın 2-3 ildə 200 minə qədər adam Ermənistanı tərk edəcək. İki milyon sakini olan bir ölkə üçün bu, bir fəlakətdir. Ermənistan üçün yaşamağın yeganə yolu Rusiya ilə inteqrasiya proseslərini gücləndirməkdir. Coğrafi baxımdan çətin olsa da.

Nəhayət belə bir sual: indi  ermənilərin Rusiyaya ehtiyac varmı?

– Düşünürəm ki, bu fikrin alternativi yoxdur. İndi Dağlıq Qarabağda rusiyapərəst inteqrasiya hissləri daha güclüdür. Və tədricən bu tendensiya Ermənistana da keçəcək. Unutmayaq ki, Ermənistan heç zaman müstəqil dövlət olmayıb. Rusiyasız Ermənistan ola bilməz.

“Moskovskiy komsomolets”, 14 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*