Bu il bir sıra mühüm hadisələrin baş verəcəyi gözlənilir. Bu hadisələr arasında Türkiyədə keçiriləcək Prezident seçkiləri xüsusi diqqət çəkir. Budəfəki seçkilərin çətinliyi və dramatikliyi ilə əvvəlkilərdən fərqlənəcəyi istisna olunmur. Həmçinin Prezident Ərdoğanın qalib gəlmək şansları haqda fərqli fikirlər səsləndirilir. Bəs görəsən Ərdoğan bu seçkilərdə qalib gələ biləcəkmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyədə 2023-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri Ərdoğanın son 20 ildə iştirak etdiyi ən ağır seçki olacaq: “Bu, həm də həlledici seçki sayılır. Yəni, nəticələr Türkiyənin gələcək siyasətinə və beynəlxalq arenada oynadığı rola təsir göstərə bilər. “Cümhuriyyət” blokunun namizədi Rəcəb Tayyib Ərdoğan artıq 20 ildən çoxdur ki, partiyası ilə birlikdə hakimiyyətdədir. Onun vaxtında Türkiyə olduqca mühüm uğurlara imza atıb və beynəlxalq arenada seçilən bir dövlətə çevrilib. O cümlədən, yerləşdiyi regionun əsas dövləti hesab olunur. Türkiyə iqtisadiyyatı bu dövr ərzində kifayət qədər inkişaf edib. Bütün bunlara rəğmən seçkilər Ərdoğan üçün öz ağırlığı ilə fərqlənəcək. Çünki bir neçə ildir ki, Türkiyə iqtisadiyyatında müəyyən problemlər, o cümlədən yüksək inflyasiya hökm sürür. Bu da əhalinin gəlirlərinin aşağı düşməsinə səbəb olub. Ona görə də, əhalinin dolanışıq səviyyəsi seçkilərdə mühüm rol oynayacaq”.

Politoloq əlavə edib ki, Ərdoğan xarizmatik bir liderdir və Türkiyə cəmiyyətində kifayət qədər populyarlığa malikdir. Həmçinin onun stabil dəstəyi mövcuddur: “Son bir neçə ildə baş verən iqtisadi problemlər hakimiyyətin reytinqinin aşağı düşməsinə səbəb olub. Amma bütün hallarda Ərdoğanın qalib gəlməsi iki şərtə bağlı olacaq. Birincisi, inflyasiya və iqtisadi problemlərlə bağlı müəyyən irəliləyişlər əldə olunmalıdır. İkincisi, beynəlxalq şərait və Türkiyəyə olan təzyiqlərlə bağlı məsələlər həllini tapmalıdır. Digər məsələ isə müxalifətin Ərdoğanın qarşısına hansı namizədlə çıxacağı ilə əlaqədardır. Bütün bu faktorlar seçkinin nəticələrinə təsir edəcək əsas şərtlərdir”.
Oqtay Qasımov bildirib ki, Türkiyədə müxalifət bloku 6 partiyanın birləşməsindən ibarətdir: “Bu 6-lıq blokunun üzvləri bir ildən çoxdur ki, seçkilərdə iştirak və ümumiyyətlə Türkiyədə idarəetmə forması ilə bağlı müzakirələr aparır. Bu blok hesab edir ki, Türkiydə mövcud başqanlıq sistemi dəyişməli və gücləndirilmiş parlament quruluşuna geri qayıdış olmalıdır. Bu təşəbbüslərin ölkədə müəyyən sayda tərəfdarı var. Bütün hallarda hesab edirəm ki, seçki kifayət qədər həlledici və dramatik olacaq. Ərdoğanın bu seçkilərdə qalib gəlmə imkanları qalmaqdadır. Qeyd etdiyimiz məsələlər öz həllini tapsa, şansları daha da artacaq və Ərdoğan qalib gələcək. Lakin müxalifətin öz namizədini müəyyən etməsindən sonra daha dəqiq fikir söyləmək mümkün olacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
