Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya-Ukrayna müharibəsində yeganə çıxış yolu diplomatiyadır. Türkiyə lideri əlavə edib ki, şərtlərin nə qədər çətin olduğunun fərqindəyik və bu istiqamətdə də səmimi təşəbbüslər davam etdiriləcək.
Bəs görəsən, Türkiyə vasitəsilə münaqişə həll edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Sədrəddin Soltan cavablandırıb.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsində vasitəçilər arasında ən etibarlı dövlət Türkiyədir:
“Çünki digərləri ilə müqayisədə həm Rusiyanın, həm də Ukraynanın Türkiyəyə etimadı var. Məsələn, vasitəçi ölkələrdən biri də Almaniyadır. Amma Almaniya Avropa İttifaqının üzvüdür və Rusiyaya qarşı sərt mövqeyini açıqladığına görə tərəf sayılır. Lakin Türkiyəyə hər iki tərəf inanır və etimad göstərir. Bundan başqa, Türkiyə həm də NATO üzvü olduğuna, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığına görə, Qərb bloku da ona etimad göstərir. Yəni həm NATO, həm Ukrayna, həm də Rusiya Türkiyənin tərəfsizliyini qəbul edir. Hesab edirəm ki, Türkiyənin təşəbbüsləri problemin həllində vacib rol oynaya bilər”.

Politoloq əlavə edib ki, indiki mərhələdə heç bir dövlət münaqişə tərəflərinə təsir edə bilməz: “Türkiyənin bütün tərəflərdə etimad mühiti yaratması çox mühümdür və müsbət haldır. Hər iki ölkənin XİN rəhbərlərinin Antalyada görşüməsi də Türkiyənin bu məsələdəki önəmini bir daha sübut edir. Müharibə başlamazdan əvvəl Ərdoğan Zelenski və Putinin görüşməsi ilə bağlı təklif irəli sürmüşdü. Bu, qardaş ölkənin hadisələri öncədən proqnozlaşdırması və məsələnin həllinə dəstək verməsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, əgər tərəflər görüşmək istəsələr, Türkiyənin bitərəfliyi və vasitəçiliyindən yararlana bilərlər. Lakin liderlərin görüşü olsa belə, humanitar məsələlər üzrə olacaq. Bu istiqamətdə isə indiyədək müəyyən razılaşmalar var. İndiki mərhələdə heç bir dövlət münaqişə tərəflərinə təsir edə bilməz. Çünki nə Ukrayna, nə də Rusiya öz şərtlərindən geri çəkilmək istəyir. Yəni hansısa təşəbbüslə görüş baş tutsa belə, formal xarakterli və humanitar görüş olacaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
