“Ermənistan bütün qonşuları ilə iqtisadi əməkdaşlıq yolunu tutmalıdır. Beynəlxalq ictimaiyyət başa düşür ki, bölgədəki heç bir ölkə yeni bir müharibə, yeni bir qarşıdurma istəmir, bölgə ölkələrinin sülh içində yaşamasını istəyir. Hər kəsin bölgədə çox böyük bir işbirliyi var”.
KONKRET.az xəbər verir ki, bunu erməni iş adamı Xaçatur Sukiasyan “Armeniya Today”a müsahibəsində deyib. O əlavə edib ki, dünyada qonşu ölkələrin ÜDM-dəki əməkdaşlıq payı ən azı 5-10% həcmindədir. “Ermənistanın heç bir qonşusu ilə əlaqəsi yoxdur. Bütün qonşularla əməkdaşlıq yolu ilə getməliyik. Bölgədəki kommunikasiyaların blokdan çıxarılmasından mümkün iqtisadi faydalar əldə edə bilərik. Türkiyənin Ermənistanla həmsərhəd hissəsi o qədər də inkişaf etməyib və bəlkə də bu ərazilər Ermənistandan mal idxal etmək istəyir”, – deyə Sukiasyan bildirib.
Bir nümunə olaraq iş adamı Kəcəran və Ağarakdakı iki mis-molibden zavodunun məhsullarının Meğridən keçən dəmir yolu xətti ilə daşınması və bununla da rəqabət qabiliyyətini artıracağına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanda minlərlə müəssisə rabitənin blokdan çıxarılmasından faydalanacaq və enerji daşıyıcılarının qiymətləri də əhəmiyyətli dərəcədə azalacaq.
“Düşünürəm ki, bu cür aqressiv davranış varsa, tədricən azalacaq. Bu təcavüz lazımsızdır. İqtisadiyyatımızı gücləndirməliyik. Çox güclü bir orduya sahib olmalıyıq. Hər şeydən əvvəl təhsilə diqqət yetirməliyik”, – deyə iş adamı fikrini tamamlayıb.
Surxay Atakişiyev,
KONKRET.az
