Xaçmaz sakini nazir və polis rəisini belə aldatdı – FOTObackend

Xaçmaz sakini nazir və polis rəisini belə aldatdı - FOTO

Ötən həftə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənovun təşəbbüsü ilə rayon ərazisində yaşayan bir neçə aztəminatlı ailəyə yardım edildiyi barədə xəbər vermişdik.

Sentyabrın 21-də saytımızda dərc olunan “Polis rəisindən nümunəvi addım” başlıqlı yazıda bildirilirdi ki, rayonda yaşayan, maddi cəhətdən imkanı zəif olan və köməyə ehtiyac duyan sakinlər şöbə rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov tərəfindən qəbul edilib, onları narahat edən məsələlərin həll olunması üçün müvafiq tədbirlər görülüb. Rayon sakinləri bu diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Xaçmaz RPŞ-nin rəisinə və bütün polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Onlar arasında aztəminatlı ailələrdən olan rayonun Çarxı kənd sakini, 67 yaşlı Natiq Əskərovun da adı çəkilib. Lakin saytımıza daxil olan bir müraciətə görə, polis rəisi tərəfindən maddi yardım edilən Natiq Əskərov heç də imkansız ailənin üzvü deyil. Adının açıqlanmasını istəməyən şəxsin məktubunu sizin də diqqətinizə çatdırırıq: “Saytınızda dərc olunan “Polis rəisindən nümunəvi addım” adlı xəbərdə adı çəkilən Çarxı kənd sakini “aztəminatlı” Natiq Əskərov bilirsiniz kimdir? Bir ay bundan qabaq “Azərlotoreya”dan 31 min manat məbləğində cek-potu udan adamdır. Hələ bir neçə il bundan qabaq xarici avtomobil və dəfələrlə pul uduşlarına da sahib olub. Zəhmət olmasa, Çarxı kəndinə buyurun, öyrənin o, hansı ailəni saxlayır. 25 il bundan qabaq atdığı, indiyədək mənəvi işgəncə verdiyi ailənimi? Və ya ümumiyyətlə, o, Çarxıda yaşayırmı? O, əslində Şabran rayon Söhbətli kəndində qeyri-qanuni nigahda başqa gadınla yaşayır. Onun barəsində düzgün məlumat verin ki, polis rəisimiz daxili imkanlarını həqiqətən aztəminatlı ailələrə yönəltsin. Çünki Çarxı kəndində hətta 50 qəpik yolpulu tapıb rəisin gəbuluna gələ bilməyən çoxlu aztəminatlı ailələr var”.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, rayonun Çarxı kənd sakini, 67 yaşlı Natiq Əskərov həqiqətəndə dəfələrlə lotoreyadan böyük məbləğdə pul və avtomobil qazanıb. Amma bütün bunlara baxmayaraq, o, özünü imkansız kimi təqdim edərək polis rəisini aldatmağı bacarıb.

Həmçinin məlum olub ki, Natiq Əskərov dəfələrlə ayrı-ayrı nazirlərin regiona səfəri zamanı onlardan da maddi yardım ala bilib. Sonuncu dəfə isə Gənclər və İdman naziri Azad Rəhimovun Xaçmazda və baş prokuror Zakir Qaralovun Şabranda vətəndaş qəbulunda onlardan maddi yardım istəyib. O, nazir qəbullarına müxtəlif bəhanələrlə qeydiyyata düşür, sonda isə yüksək çinli məmurlardan pul istəyir. Natiq Əskərov nazirlərin digər regionlara olan səfərlərindən də yararlanır. Onun hətta bu məqsədlə Biləsuvar rayonuna da getdiyi məlum olub.

Çox təəssüflər olsun ki, hələ də cəmiyyətimizdə özlərini imkansız ailə başçısı kimi təqdim edənlərə rast gəlinir. Bu isə məmur-vətəndaş münasibətlərində etimadsızlıq doğuran mühüm məqamlardan biridir. İnanırıq ki, həyat tərzlərini belə qurmuş insanlar vicdan əzabı çəkməsələr də, qanun çərçivəsində aidiyyəti orqanların cəzası ilə qarşılaşacaqlar.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*