Xarici siyasətdən İLGİNC PROQNOZ: Qarabağı yeni müharibə, Ermənistanı isə yeni itkilər gözləyir – ƏTRAFLIbackend

Xarici siyasətdən İLGİNC PROQNOZ: Qarabağı yeni müharibə, Ermənistanı isə yeni itkilər gözləyir - ƏTRAFLI

Yola saldığımız 2022-ci il Rusiya-Ukrayna müharibəsi ilə tarixə düşdü. Minlərlə insanın həlak olduğu, şəhərlərin məhv edildiyi bu amansız müharibə təəssüf ki, 2023-cü ildə də davam edir. Beynəlxalq siyasətçilər Moskva və Kiyev arasında döyüşlərin hələ uzun müddət davam edəcəyini proqnozlaşdırır.

Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmağa çağırıb. BBC-yə verdiyi müsahibədə Stoltenberq, “Biz uzun bir səyahətə hazır olmalıyıq” ifadəsini işlədib.  Onun fikrincə, Rusiya Ukraynadakı məqsədlərindən əl çəkmək niyyətində deyil.

Stoltenberq hesab edir ki, Rusiyadakı səfərbərlik Kremlin mümkün yeni hücum cəhdindən xəbər verir. Moskva ilə Kiyev arasında sülhün bağlanmasının mümkünlüyündən danışan NATO-nun baş katibi münaqişənin nizamlanmasına dair razılaşmanın şərtlərinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını vurğulayıb.

Xüsusən Ukrayna ordusunun Donetsk ətrafında, Makiyevkada rusların səfərbərlik qüvvələrinin yerləşdiyi kazarmaya endirdiyi zərbə tutarlı bir cavab olub. Ukrayna ordusunun Strateji Kommunikasiyalar İdarəsi 400 nəfərin öldüyünü bildirib. Rusiya tərəfi isə əlbəttə ki, qurbanların sayını əhəmiyyətli dərəcədə azaldıb, lakin bu, gözlənilən idi.

Hər halda, Rusiyada dayanmaq fikrində deyillər və bu, Kremlin təbliğatçılarının səsləndirdiyi fikirlərdən aydın görünür. Putin həmvətənlərini 2023-cü ildə qalib gələcəyinə inandırır. Üstəlik, teleaparıcı Vladimir Solovyovun fikirlərini də bu təbliğatın bir hissəsi hesab etmək olar: “Ölümdən qorxmaq lazım deyil, çünki hamımız Cənnətə gedəcəyik!” Ruslar ölümə belə hazırlanırlar.

Bunun fonunda Amerikanın “Foreign Policy” analitik nəşri  2023-cü ildə sülhlə bitmə ehtimalı olan 10 hərbi münaqişə haqda danışıb. Siyahıda Azərbaycan-Ermənistan münaqişəsinə xüsusi diqqət yetirilib. Lakin ekspertlərin fikrincə, Qarabağda yeni müharibə olacaq. Doğrudur, 2020-ci ildəki müharibə ilə müqayisədə nisbətən qısa, amma daha az dramatik olmayan bir döyüş baş verəcək. “Foreign Policy” hesab edir ki, güc balansı yenə də Azərbaycanın xeyrinədir. Onların proqnozlarına görə, Ermənistan ordusu nə qoşunlarını, nə də silahlarını artıra bilməyib, Azərbaycan isə əksinə, sürət yığır.

Beləliklə xarici nəşrin hesablamalarına görə, Azərbaycan ordusu erməni ordusundan bir neçə dəfə üstündür. Üstəlik, Türkiyə tərəfindən dəstəklənir. Xarici ekspertlərin fikrincə, ABŞ və Çin bu və ya digər formada Azərbaycanı dəstəkləyir. Fransa Ermənistanın yanında qərarlaşsa da,  konkret addımlar atmaq fikrində deyil. Əksinə, Fransa prezidenti Emmanuel Makron Ermənistana həm hərbi, həm də maliyyə baxımından günü-gündən zəifləyən KTMT-də, yəni Rusiyanın təsir zonasında qalmağı məsləhət görür. Eyni zamanda, xarici siyasi dairələr Avropanın Azərbaycan qazına artan tələbatından da söz açır və Bakını mühüm tərəfdaş kimi təqdim edir.  Bəli, Aİ Azərbaycanın “Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində” oynadığı rola görə təriflər söyləməkdən yorulmur.

Qarabağda mühüm gəlişmə: Ermənistan yeni müharibəyə hazırlaşır? - YouTube

“Foreign Policy” bildirir ki, Qarabağda yerləşdirilən və sülhü qorumaq üçün nəzərdə tutulan Rusiya hərbi kontingenti öz aktuallığını itirir. Bəli, Azərbaycanın regiondakı nüfuzu və gücü artıq bütün dünya tərəfindən qəbul edilir. Ermənistan isə yenidən itkilər vermək riski ilə üz-üzədir.  Göründüyü kimi, dünyada heç kim Ermənistana açıq şəkildə hərbi yardım göstərmək niyyətində deyil. Birincisi, dünyanın başı Ukraynadakı müharibəyə qarışıb. İkincisi, Azərbaycan-Türkiyə tandemi öz gücünü bütün dünyaya nümayiş etdirib və heç kim buna qarşı çıxmaq iqtidarında deyil. Odur ki, Ermənistanın bir çıxış yolu qalıb. Üzərinə götürdüyü öhdəlikərə əməl etmək və sülh müqaviləsinə imza atmaq. Əks halda xarici siyasətçilərin və nəşrlərin proqnozlarına görə, Ermənistanı yeni və daha çox itkilər gözləyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*