Xocalı soyqırımı… Fərqli ildönüm – Beynəlxalq ictimaiyyət hələ də susurbackend

Xocalı soyqırımı... Fərqli ildönüm - Beynəlxalq ictimaiyyət hələ də susur

Elman Babayev, əməkdar jurnalist

Ermənilərin Xocalı şəhərində törətdiyi genosid çinayətinin 29-cu ildönümünü Azərbaycan tamamilə başqa əhval-ruhiyyədə yad edir: qalib gəlmiş, qisasını almış, tapdanmış qürurunu özünə qaytaran xalq kimi!

44 günlük Vətən müharibəsində təkcə torpaqlarımız azad olunmadı, şəhidlərimizin qisası alınmadı, həm də dəhşətli Xocalı faciəsinin qurbanlarının intiqamı alındı. Qisasa qisas deyildi, amma fərqli yanaşma ilə. Fərqli üslub budur ki, döyüşdə erməni əsgəri varkən, günahsız, zəif, sıradan insanlara, uşaqlara hücum etmək yolu tutulmadı. Azərbaycan xalqı özünün insanpərvərliyini, dinc sakinlərə qarşı humanizm prinsipləri çərçivəsində yanaşmasını bütün dünyaya bir daha nümayiş etdirdi. Sübut üçün şəkillər var, videolar var, dünya ictimaiyyəti bu isbatlardan başqa, heç bir əks-dəlilə malik deyil. Əks halda erməni mətbuatı bütün dünyanı ayağa qaldırmışdı. Amma çönüb özünün cinayətkar keşmişinə, üzərinə sıçrayan günahsız uşaqların qanına baxdımı, Xocalıya görə utandımı? Heç utanmadı da!

Ermənilər Xocalıda soyqırım aktını törədərkən dinc insanları, uşaqları, yaşlıları misli görünməmiş vəhşiliklə qətlə yetirmişdi. Azərbaycan əsgəri edə bilərdimi? Etməzdi, etmədi də. Məhz bu faciədə əli olan cinayətkar erməni hərbiçilərini, onların hərbi texnikasını, bütövlükdə ordusunu məhv etdi! Bu qisas bizə kifayət idi.

Azərbaycan əsgəri dinc sakinlərə böyük humanizm prinsipi ilə yanaşdı, onları qətl etmədi, bir sıra hallarda qayğısına da qaldı, öz ölkəsinə qayıtmaq imkanı yaratdı. Hansı ki, əksini etmək üçün əlində bütün imkanlar, əsaslar vardı. Əsgərimizin ahıl erməni sakininə, uşağına, qadınına insani davranışını isbat edən görüntülər hamının yaxşı xatirindədir. Bu faktların özü dünya tarixində nadir rast gəlinə bilən mərhəmət nümunəsidir. Faşist düşüncəli, insanlıqdan uzaq, soyqırım törətmiş düşmənə qarşı müharibədə soyqqanlılığını qoruyan Azərbaycan əsgəri bir an olsun bu ali prinsipdən imtina etmədi! Etmədi ki, erməni ictimaiyyəti, dünya ictimaiyyəti aramızdakı fərqi yaxşı anlasın!

Erməni də özünün vəhşi təbiətinə sadiq qaldı: müharibənin gedişində Cəbhə bölgəsindən uzaqlara, dinc əhaliyə təhlükəli silahlardan atəş açmaq, Bərdə, Gəncə və Tərtər faciəsinə qəddar imzasını qoymaqla. Burada da yeni bir soyqırım gerçəyi yaratdı, amma dünya həmişəki kimi gözünü yumdu, qulağını tutdu, nə Azərbaycanın humanizmindən danışmaq istədi, nə də erməninin davam edən cinayətkar xislətindən.

Kimin müharibə qaydalarına necə əməl etməsi 44 günlük müharibənin gerçəklikləridir! Azərbaycanın siyasi-hərbi rəhbərliyinin düşünülmüş davranışları tarixdə düşmənə qarşı soyqırım aktı kimi yozula biləcək hadisənin yaşanmasına imkan vermədi.

Azərbaycan əsgəri mülki şəxslərə qarşı atəş açmaq əmri almadı. Bu gün Azərbaycan vətəndaşları həm də buna görə qürurludurlar!

Qisas alınıb, doğru. Amma təbliğat dayanmayıb. Xocalı soyqırımı ilə bağlı görməli olduğumuz işlər çoxdur. Soyqırımın tanınması istiqamətində kampaniya daha böyük əzmlə aparılmalıdır.

Məlumdur ki, indiyə qədər bu istiqamətdə böyük işlər görülüb. Xocalı soyqırımının tanınması üçün görülən işlər bütün sərhədləri aşıb, son illər bu faciənin bütün dünyaya çatdırılması baxımından kəskinliklə fərqlənib. Dünyanın 60-dan artıq ölkəsində bu genosid siyasəti hərtərəfli anladılıb. Bir sıra ölkələrdə soyqırımın tanınmasına nail olunub.

Xocalı soyqırımının dünya arenasında geniş təbliğində dövlət qurumları, səfirliklər, Heydər Əliyev Fondu, QHT-lər, xariçi ölkələrdəki diaspor təşkilatları mühüm işlər həyata keçirib.

Fəqət əldə olunan qələbə, alınan qısas təbliğatda axsamalara, passivliyə yol açmamalıdır. Düşmənin acı məğlubiyyətə rəğmən dayanmaması, faşist xislətindən əl çəkməməsi danılmaz fakt kimi qarşımızdadır. Belə olan təqdirdə xalqımıza qarşı törədilən cinayətləri, Xocalı soyqırımını bir an olsun belə unutmamalıyıq. Məhz unutqanlığımız tarix boyu bizim əsas bəlamız olub!

Onu da unutmamalıyıq ki, beynəlxalq aləmin Xocalı genosidi üzərində ədalətsizliyi hələ də hökm sürməkdədir. 44 günlük Vətən müharibəsində düşmənin müharibə cinayətlərinə susan beynəlxalq ictimaiyyət illərdir Xocalı soyqırımına da yetərli reaksiya verməyib. Xarici dövlətlər üzərlərinə düşən işi hələ də yerinə yetirməyiblər. Hadisəni hüquqi baxımdan tanımaq istəmir, soyqırımı genosid faktı kimi adlandırmağa maraq göstərmirlər. Azərbaycan dünyanın ədalətsiz mövqeyi qarşısından geri çəkilməmək, faciəni unutmamaq, hadisənin genosid cinayəti olduğunu dünyaya sübut etmək prinsipində möhkəm dayanmaqda qərarlılığını heç vaxt itirməməlidir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*