Yevgeni Mixaylov: “Nikol Vovayeviç, xahiş edirik, Njdenin İrəvandakı abidəsini demontaş etdirin”backend

Yevgeni Mixaylov: “Nikol Vovayeviç, xahiş edirik, Njdenin İrəvandakı abidəsini demontaş etdirin”

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Yevgeni Mixaylov Moskvaya səfər etməyə hazırlaşan Paşinyanı nasizmin fetiləşdirilməsinə son qoymağa çağırıb.

KONKRET.az Yevgeni Mixaylovun facebookdakı şəxsi hesabında paylaşdığı video müraciəti tərcüməsi ilə birgə təqdim edir:

– Xoş gördük. Sizinlə Yevgeni Mixaylovdur. Mən şokdayam. Bu günlərdə Moskvadakı kitab dükanı “Arm buk” tərəfindən yayılan bir xəbər diqqətimi cəlb etdi. Mən hiddət içindəyəm. Məsələ ondadır ki, Yeni ilin elə ilk günü Moskvanın mərkəzində yerləşən “Arm buk” dükanı öz oxucularını ermənilərin Njde kimi tanınan “milli qəhrəmanı” Qareqin Ter-Arutyunyanın doğum günü münasibətilə təbrik etdi. Qeyd edim ki, Rusiyada Njde faşistlərlə əməkdaşlıq edən biri kimi tanınır. “Arm buk” həmçinin öz oxucularına məşhur Njdenin əsərlərini əldə edib onlarla tanış olmağı, müasir Ermənistanda dövlət səviyyəsində fetiləşdirilən bu xadimin tərcümeyi-halını və keçdiyi siyasi yolu öyrənməyi  tövsiyə edib.

Bir vətəndaş və faşizmin tulası olan bu şəxs haqda dəfələrlə film hazırlayan bir jurnalist kimi hiddətimə səbəb olan odur ki, “Arm buk” Rusiya nəşridir, Moskvanın mərkəzində yerləşən bir dükandır və həmin dükan rusiyalı oxuculara Njdeni oxumağı məsləhət görür. Təbii ki, mən bunu anlamıram.

Belə çıxır ki, sözügedən dükan sovetlər dönəmində cinayət məsuliyyətinə cəlb olunan bir şəxsi təbliğ edir. Onun haqqında açılan cinayət işindən sitat gətirirəm:

”…nasistlərlə əməkdaşlıq etdiyinə, Sovet Ordusu hissələrinə qarşı silahlı mübarizə apardığına, Almaniya kəşfiyyat və əks-kəşfiyyat qurumlarının tapşırıqlarını yerinə yetirmək üçün adamlar tapıb və hazırladığına görə…”

Bu nə deməkdir axı? Hiddətə səbəb olan odur ki, Rusiya dövlətinin ərazisində, Rusiya şirkəti tərəfindən 1919-cu ildə RF Xarici İşlər Nazirliyinin hazırladığı məruzədə birmənalı şəkildə milliyyətçi siyasi xadim kimi xarakterizə olunan bir şəxs reklam olunur. Ermənilərin dediyinə görə, bu şəxsin nəzəriyyəsindən Mussolini, hətta Hitler də yaralanıb. Belə çıxır ki, faşist Almaniyası Njdenin əsərlərinə çox diqqətlə yanaşırmış. Bu nədən xəbər verir? Təbii ki, bu Njdenin Reyxlə əməkdaşlığından və bir sıra digər mətləblərdən xəbər verir.

Məni hiddətləndirən həm də odur ki, bu Qaregin Njdenin Rusiya ərazisində ilk təbliğatı deyil. Njdenin Armavirdəki abidəsini xatırlayaq. Çətinliklə də olsa, onu demontaş etmək mümkün oldu. Jurnalistlərin çəkdiyi film də yadımızdadır. Həmin filmdə erməni milliyyətçilərinin Njdenin Vladimirski sentral yaxınlığındakı (ermənilərin milli qəhrəmanı, lideri orada yerləşən həbsxanada cəza çəkdiyi zaman  dünyasını dəyişib) boş məzarı ətrafında necə rəqs etdiyinin şahidi oluruq.

Unutmaq olmaz ki, rusiyalı siyasətçilərin əksəriyyəti öz məruzələrində Rusiya və postsovet respublikaları ərazisində nasizmin fetiləşdirilməsinin yolverilməz olduğundan danışırdı. Amma indi, yeni ilin ilk günlərində Njde haqda kitab Moskvada reklam olunaraq satılır. Ümumiyyətlə, bu nə deməkdir? Bütün eşidib bildiklərimizdən sonra bu hərəkətə nə ad verəsən?!

Fikrimcə, bu daha geniş əhatəli məsələdir. Ermənistan hakimiyyətinə Rusiya ərazisində nasizmin və nasizmə rəvac verənlərin təbliğatının Rusiya ilə dostluq və əməkdaşlıq ruhuna zidd olduğuna dair ciddi şəkildə xəbərdarlıq edilməsə, bu cəhdlərə son qoyulmayacaq. Məlum Qarabağ hadisələrindən sonra ermənilər anlamalıdır ki, Rusiya onları yemləyən, bu ölkəyə kömək edən yeganə dövlətdir. Odur ki, Rusiya ərazisində, özü də paytaxtda nasizmə rəvac verənləri fetiləşdirmək yolverilməzdir. Bu vəhşilikdir. Bü gün, Rusiya sülhməramlılarının Qarabağda ermənilərin təhlükəsizliyini təmin etdiyi bir zamanda belə bir hərəkət xüsusilə absurd görünür.

Fikrimcə, “Rusları döyüşdə həzz alaraq öldürdüyümüz kimi, döyüşdən kənar da eyni həzzlə öldürməliyik” bəyənatı ilə çıxış edən bir insanı fetiləşdirərək rusları qardaş xalq, Rusiyanı Ermənistanın müttəfiqi adlandırmaq mümkünsüzdür. Xahiş edirəm, nəzərə alasınız ki, mən erməni xalqı haqda deyil, Njde haqda danışıram. Dediyim odur ki, erməni xalqının içində o xalqın özünə düşmən kəsilən şəxslər var. Həmin şəxslər ermənilərin qonşu xalqlarla dostluq münasibəti qurmasına, sülh və əmin-amanlıq şəraitində yaşamasına, həmçinin Ermənistanla Rusiya arasındakı qardaşlıq münasibətlərinə mane olmağa çalışır.

Əziz erməni dostlar, sizə demək istərdim ki, Nje kimi birinin nasizm ideyalarını təbliğ etməklə sizə və Cənubi Qafqazda yaşayan bütün xalqlara son dərəcə lazım olan və yeganə qarantı Rusiya olan sülhə nail olmaq mümkün deyi. Zənnimcə, bu yolverilməzdir. Bu hərəkətə başqa qiymət verə bilmirəm.

Əziz dostlar, ötən ilin yazında, faşizm üzərindəki böyük qələbənin 75 illiyi ərəfəsində bir qrup fəal tərəfindən “Stop Faşizm!” məramlı vətəndaş təşəbbüs qrupu yaradıldı. Qrupun fəaliyyəti postsovet ölkələri ərazisində nasizm ideyalarının və nasizmə rəvac verənlərin təbliğatına, eləcə də ümumi dəyərimizi, yaddaşımızı təhqir edənlərə  qarşı mübarizəyə yönəlmişdi. Hesab edirəm ki, nasistlərlə əməkdaşlıq edən Njdenin fetiləşdirilməsi də ümumi yaddaşımızın təhqir edilməsidir, buna yol vermək olmaz.

Zənnimcə, bu gün hamıya, o cümlədən də Ermənistan rəhbərliyinə anlatmalıyıq ki, faşizmin istənilən formada təbliği-istər, Böyük Vətən Müharibəsi tarixinin təhrifi olsun, istərsə də nasistlərlə əlbir olan Vlasov, Bandera, Njde kimilərinin təbliği, Rusiya ilə dostluq və əməkdaşlıq üçün  qırmızı xəttdir. Təkrar edirəm: Rusiya ilə dostluq və əməkdaşlıq üçün  qırmızı xəttdir. Buna imkan vermək olmaz.

Bu üzdən hamınızı Nikol Vovayeviç Paşinyana Njdenin İrəvandakı abidəsinin demontaş edilməsi və nasizmin təbliğatına son qoymulması tələbi ilə bağlı  müraciətimi dəstəkləməyə çağırıram. Hər birinizi mənim və” Stop Faşizm!” təşkilatının bu müraciətini bütün erməni dostlarınıza çatdırmağa, eləcə də Ermənistanın baş naziri Paşinyanın facebookdakı rəsmi səhifəsində #PashinyanStopFAshism və #PaşinyanFaşizmi Dayandır həşteqi ilə birgə  öz tələbinizi bildirməyə  dəvət edirəm. Bununla başqa cür necə mübarizə apara bilərik ki?

Sonda erməni xalqına müraciət etmək istəyirəm. Ermənistanla Rusiya arasındakı münasibətləri zəhərləyən heç nə olmamalıdır. Mən əllaməçilikdən uzaq sadə dildə danışıram. Bizim keçmişimiz, bu günümüz və gələcəyimiz ayrılmazdır. Odur ki, ümumi tarixi dəyərlərimiz də ayrılmaz olmalıdır. Biz hər zaman qardaş xalqlar olmuşuq, amma bu gün Paşinyanın və ondan əvvəlki ölkə başçılarının dəstəyi ilə Ermənistanda baş verənlərə, mən Njdenin fetiləşdirilməsini nəzərdə tuturam,  son qoyulmalıdır.

Daha nə deyə bilərəm? Əgər müraciətimi sona qədər izləyə bildinizsə, diqqətinizə görə sağ olun. Keçmiş bayramlarınız mübarək. Ümidvaram, bundan sonra yalnız sülh və əmin-amanlıq illəri olacaq. Eləcə də Azərbaycanla Rusiya, Ermənistanla Azərbaycan, Türkiyə ilə Ermənistan arasında dostluq illəri yaşanacaq. Sonucda bu hər kəsçün sərfəlidir və hər kəsə lazımdır.  Diqqətinizə görə sağ olun.  (sfera.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*