Fransa Azərbaycan və Türkiyəni şantaja cəhd edir: Cənubi Qafqazın qapıları isə çoxdan qapanıbbackend

Fransa Azərbaycan və Türkiyəni şantaja cəhd edir: Cənubi Qafqazın qapıları isə çoxdan qapanıb

Fransanın Cənubi Qafqaza dürtülməyə çalışdığı bütün “geopolitik keçidlər” bərk-bərk bağlanıb və bu region rəsmi Paris üçün artıq əlçatmazdır…

Rəsmi Bakının tezliklə Fransanın həmsədrlik statusunun ləğvi üçün hüquqi prosedura start verəcəyi və bu narazılığın Azərbaycan səfirinin geri çağırılmasına qədər inkişaf edəcəyi də qətiyyən istisna deyil…

Senatda Azərbaycan və Türkiyəyə qarşı hazırlanan “siyasi şantaj çomağı”nın Fransanın öz başına dəyə biləcəyini ehtimal etmək olar…

Savaş bitib, artıq xeyli müddətdir ki, güllə atılmır, qan tökülmür. Ermənistan da öz məğlubiyyəti ilə barışıb, kapitulyasiya sənədini imzalayıb. Və geri qalan xırda-para məsələlərin dinc yolla həll edilməsi prosesi intensivlik qazanıb.

Ancaq qəribə də olsa, son 30 ildə “Cənubi Qafqazın korbağırsağı” olan bu problemin belə asan və sürətlə nizamlanmasından məmnun olmayanlar hələ də var. Bütün imkanlardan, vasitələrdən yararlanaraq, dinc quruculuq prosesini pozmağa, əngəl törətməyə, bir sözlə “arabanın təkərinə çomaq soxmağa” çalışanlar var.

Məsələ ondadır ki, Ermənistan öz biabırçı məğlubiyyətini artıq çoxdan qəbul edib. Ancaq qəribə də olsa, Fransa Ermənistanın kapitulyasiyası ilə barışmaq istəmir. Sülhyaratma prosesini pozub, savaşı yenidən bərpa etmək üçün ən yolverilməz addımlara üz tutur. Və Fransanın bu davranışları rəsmi Parisin son 30 il ərzində necə, hansı məntiqlə Minsk Qrupuna həmsədrlik etdiyini aydınlaşdırır.

Maraqlıdır ki, 18 noyabrda Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senatoru tərəfindən qondarma “DQR”-in tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib. Bu layihə cəmi bir neçə gün sonra – noyabrın 25-də tez-tələsik Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub.

Deyəsən, çox tələsirlər. Ona görə də, bu addımların hətta Fransaya vura biləcəyi zərəri hesablamağa da qətiyyən ehtiyac görmürlər. Belə ki, Fransa son 30 ildə Ermənistandan heç bir maliyyə-iqtisadi mənfəət əldə etməyib. Ermənistan iqtisadiyyatının səviyyəsi və geoiqtisadi situasiyanın istiqamətləri buna qətiyyən uyğun deyil.

Ancaq Azərbaycanda Fransaya aid 57 şirkət fəlaiyyət göstərməkdədir. Azərbaycan və Fransa arasındakı iqtisadi-ticari dövriyyə həcminin iki milyard dollardan çox olduğu bildirilir. Belə olan halda, rəsmi Parisin davranışlarının Fransanın maraqlarına adekvat olduğunu düşünmək belə, mümkün deyil.

Ona görə də, hesab etmək olar ki, Fransanın bu tələskən pozuculuq cəhdləri əsasən iki önəmli səbəblə bağlı ola bilər. Birinci əsas səbəb bu prosesin arxasından boylananların özəl maraqları ilə bağlıdır.

Belə ki, beynəlxalq hüquqa zidd olan “tanıma avantürası” layihəsinin ermənilərin kompakt yaşadığı bölgələri təmsil edən senatorlar tərəfindən təqdim edilməsi qətiyyən təsadüfi deyil. Görünən odur ki, həmin senatorlar növbəti seçkilərdə parlamentdəki yerlərini qorumaq niyyətindədirlər. Ona görə də, erməni səslərini itirmək istəmirlər.

Eyni zamanda, bu, Fransa prezidenti Emmanuel Makrona da aiddir. Çünki növbəti dəfə president seçilmək üçün ona erməni səsləri mütləq lazım olacaq. Və bu səbəbdən də, belə canfəşanlıq edir.

İkinci səbəbə gəldikdəsə, burada Fransanın geopolitik maraqları ön plana keçir. Belə ki, rəsmi Paris böyük ümidlər bəslədiyi Cənubi Qafqaza yerləşmə planlarının boşa çıxmaq üzrə olduğunu artıq anlamağa başlayıb. Çünki Ermənistanın imzaladığı kapitulyasiya sənədi həm də Fransanın geopolitik planlarının iflasının təsdiqi anlamına gəlir.

Hər halda, həmin sənəd Fransanın xüsusi can atdığı geopolitik nizamlama prosesində iştirakını nəzərdə tutmur. Əksinə, Fransanın Cənubi Qafqaza dürtülməyə çalışdığı bütün geopolitik keçidləri bərk-bərk qapadır. Və bu regionu Fransa üçün həmişəlik əlçatmaz edir.

Elə Fransa Senatının qəbul etdiyi sənədin mətninə ötəri nəzər saldıqda da aydın olur ki, senatorları və rəsmi Parisi Dağlıq Qarabağın erməni əhalisinin taleyi qətiyyən düşündürmür. Fransanı daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, strateji müttəfiqlik yolunu seçməsi narahat edir. Çünki Dağlıq Qarabağ münaqişəsində qarşıduran tərəflər rolunda Ermənistan və Azərbaycan çıxış etsə də, sənəddə məhz Türkiyənin adı daha çox çəkilir.

Elə bu məqamda da Fransanın “simvolu olan xoruzun quyruğu” açıq-aydın ortaya çıxmış olur. Rəsmi Paris anlayır ki, Cənubi Qafqaz regionunda geopolitik proseslərə bundan sonra Azərbaycanla yanaşı, Rusiya və Türkiyə nəzarət edəcək. Fransanın bu regionda peyda olmasına imkan verən yeganə faktor – Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasi öz əhəmiyyətini itirib. Bu missiya hələ rəsmən “dəfn” edilməsə də, artıq formal xarakter daşıyır.

Ona görə də, Fransa tez-tələsik “suyu bulandırmağa” cəhd göstərməklə, Azərbaycanı, Türkiyəni və Rusiyanı siyasi cəhətdən şantaş etməyə çalışır. Rusiya prezidenti Vladimir Putinin də vurğuladığı kimi, Ermənistanın belə, son 30 il ərzində tanımağa cəsarət etmədiyi qondarma “DQR”-ın müstəqilliyinin indi Fransa tərəfindən gündəmə gətirilməsinə başqa izah vermək çox çətindir.

Rəsmi Paris demək istəyir ki, Cənubi Qafqazın gələcək taleyinin müəyyənləşdirilməsi prosesinə Fransanı da daxil edin. Halbuki bunun artıq qətiyyən mümkün olmadığı hər kəsə, hətta öz siyasi acizliyinə ermənilər qarşısında haqq qazandırmaq üçün “Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Suveren dövlətin daxili işlərinə qarışmaq olmaz” demək məcburiyyətində qalan prezident E.Makrona da aydındır.

Rəsmi Paris də bilir ki, artıq “DQR” adlana biləcək heç nə yoxdur. Bu məsələ birdəfəlik qapanıb. Və Fransanın Cənubi Qafqaz xəyalları da yox olmaq üzrədir. Çünki dekabrın 1-də Laçının Azərbaycana təhvil verilməsindən sonra işğaldan azad edilmiş ərazilərdə Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə əsgərləri də yerləşdiriləcək. Yəni Türkiyənin Cənubi Qafqaza yerləşməsi prosesi hüquqi cəhətdən yekunlaşmış olacaq.

Bu isə o deməkdir ki, dekabrın 1-dən sonra Fransanın dünyanın bir çox bölgəsində qarşıdurma yaşayıb, məğlub olduğu Türkiyə ilə eyni regionda özünə künc-bucaq tapa bilməsi qətiyyən mümkün deyil. Rəsmi Ankara Fransaya mütləq Azərbaycanın Ermənistanı işğal edilmiş ərazilərdən “qovduğu” metodla reaksiya verəcək. Bu isə məsələnin 1 dekabra qədər həllinə can atan Fransanı tələskənliyə vadar etməklə yanaşı, həm də isterik vəziyyətə salmaqdadır.

Təbii ki, tələskənlik əksər hallarda ciddi siyasi səhvləri də özü ilə gətirir. Fransanın son davranışları regionun rəsmi Parisin üzünə birdəfəlik qapanmasına səbəb oldu. İndi rəsmi Paris vasitəçi həmsədr missiyasını həmişəlik unutmalı olacaq. Çünki rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü təsbit edən BMT qətnamələrini kobud şəkildə tapdalayaraq, mövcud olmayan “DQR”-in müstəqilliyinin gündəmə gətirilməsini Fransaya bağışlamaz. Azərbaycan üçün Fransa neytral mövqedən uzaqlaşmış qərəzli dövlət status qazandı.

Böyük ehtimalla rəsmi Bakı ən yaxın vaxtlarda Fransanın həmsədr statusunun ləğv edilməsi üçün hüquqi prosedura start verəcək. Eyni zamanda, bu narazılığın rəsmi Bakı tərəfindən Azərbaycan səfirinin geri çağırılmasına qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyil.

Göründüyü kimi, Ermənistanın böyük bacısı Fransa “qaş düzəltmək istəyərkən, vurub gözü də çıxarıb”. Senatda məlum sənədlə Azərbaycan və Türkiyəyə yelləmək üçün hazırlanan “siyasi şantaj çomağı”nın Fransanın öz başına dəyə biləcəyi isə qətiyyən istisna deyil.

Elçin Xalidbəyli
Siyasi ekspert

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*