“20 yanvar faciəsinə görə Qorbaçovu bağışlamısınızmı?” – TARİXbackend

"20 yanvar faciəsinə görə Qorbaçovu bağışlamısınızmı?" - TARİX

Sizi bilmirəm, amma Vətənimin işğal olunmasının mənasını bütün mahiyyətilə məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə anladım. O zaman bunu, məncə, hətta məktəbli uşaqlar belə dərk etdilər. Çünki şəhidlərin arasında yaşıdları vardı.

Qanlı qırğın zamanı və sonrakı günlərdə Bakıda və Azərbaycan rayonlarında 146 nəfərin həyatına son qoyuldu. Onların arasında – qadınlar, uşaqlar, qocalar, təcili yardım və milis işçiləri… 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

Bu qırğının olmaması üçün xalqımız, xüsusilə də Bakı əhalisi əlindən gələni etmişdi. Kremlin dini və milli zəmində ortaya atdığı bütün təxribatlar boşa çıxmışdı. Bakıdakı 13 Yanvar hadisələrinin də müəllifliyinin SSRİ DTK-sına məxsus olduğu çox tez aşkarlanmışdı. Azərbaycan xalqının Qarabağ münaqişəsindəki ermənipərəst mövqeyini gizlədə bilməyən, Qarabağımızı əlimizdən alıb ermənilərə bəxş etmək istəyən Qorbaçova və onun rəhbərlik etdiyi sovet dövlətinə heç bir inamı qalmamışdı. Və 1990-cı ilin martında keçirilməsi gözlənilən parlament seçkiləri demokratiya və müstəqillik istəyən qüvvələrin qələbəsi ilə nəticələnəcəkdi. Bir sözlə, Azərbaycan SSRİ-nin əlindən çıxırdı.

20 Yanvar hadisələri zamanı da hər kəsə məlum oldu ki, SSRİ rəhbərliyinin planlaşdırdığı hərbi cinayət Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ermənilərin əsassız ərazi iddialarına sərt etiraz edən, “torpaqdan pay olmaz”, – deyən xalqımızı cəzalandırmaq məqsədi daşıyırdı.

Kremlin dediyi ilə oturub-duran xain rəhbərlik yoxa çıxmışdı. Bütün təhlükələrə baxmayaraq, xalqımızın böyük oğlu Heydər Əliyev Vətənimizlə bir yerdə olduğunu dünyaya nümayiş etdirdi. O, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedərək mətbuat konfransında çıxış etdi, Qorbaçovu və onun dəstəsini xalqımıza qarşı çinayət törətməkdə ittiham edərək, bu vəhşiliyi cəsarətlə pislədi.

Hərbçilər Azərbaycan Televiziyasının enerji blokunu partlatdılar. Lakin tanınmış azərbaycanlılar “Azadlıq” radiosu vasitəsilə dünyaya haray çəkdilər. Azərbaycanın düşməni olan M.Qorbaçovun və onun quldur dəstəsinin yol verdiyi dəhşətli cinayətdən hər kəs xəbər tutdu. Xalqların həbsxanasına çevrilmiş eybəcər quruluşun başçısının Alma-Ata və Tbilisi hadisələrindən sonra təkrarən iblisanə hərəkətə yol verməsi, günahsız xalqımızı qan içində boğması yalnız erməniləri və ermənipərəst qüvvələri sevindirə bildi. Amma Qorbaçovun və onun ermənipərəst dəstəsinin planları öz başlarında çatladı.

Həmin ağır günlərdə rəhbərsiz qalmış xalqımız öz şəhidlərinə sahib çıxdı. 20 Yanvar şəhidlərinin izdihamlı dəfn mərasimi xalqımızın hüznünün nə qədər dərin, qəzəbinin necə güclü olduğunu nümayiş etdirdi.

Artıq hər kəs anladı ki, bu cür ağlasığmaz cinayətdən sonra Azərbaycanın SSRİ-dən ayrılması qaçılmazdır. Və məhz həmin günlərdə ölkəmizin dövlət müstəqilliyinin bərqərar olmasının əsası qoyuldu.

20 Yanvar faciəsi SSRİ-dən ayrılmağın əleyhinə danışanların səsini batırdı. Moskvanın vəzifəyə gətirdiyi Ayaz Mütəllibovun bütün cəhdlərinə baxmayaraq, çox qısa müddətdən sonra, 1991-ci il oktyabrın 18-də, xalqımız dövlət müstəqilliyinin bərqərar olmasına çatdı.

Amma dövlət müstəqilliyinə nail olsaq da, torpaqlarımızın erməni işğalında qalması, ərazi bütövlüyümüzün pozulması Şəhidlər Xiyabanını ziyarət edərkən hər kəsi rəncidə edən məqamlardan birinə çevrilmişdi.

Qara Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində xalqımızın Qarabağda böyük Zəfər qazanması bu rəncidəliyə də son qoydu. Bu gün Şəhidlər Xiyabanını artıq erməniləri və havadarlarını məğlub edən Böyük Xalq ziyarət edir.

Bir neçə il öncə beynəlxalq tədbirdə tanınmış rus jurnalistinin Qazaxıstandan olan həmkarına “1986-cı il hadisələrinə görə Qorbaçovu bağışlamısınızmı?” sualına “Bəli” cavabını verməsi Azərbaycan jurnalistlərində təəccüb doğurmuşdu. Onlardan biri söz alaraq “Sizdən fərqli olaraq biz Qorbaçovu heç bir vaxt bağışlamayacağıq. Çünki xalqımıza qarşı böyük cinayət törədib. Şəhidlər Xiyabanını ziyarət edərkən özünüz bu cinayətə şahid olmusunuz. Biz 20 Yanvar faciəsini və ümumiyyətlə Qorbaçovun azərbaycanlıların başına gətirdiyi bəlaları heç bir vaxt unutmayacağıq və unutdurmayacağıq!” söyləmişdi.

Çox təəssüf ki, Qorbaçov və onun cinayətkar dəstəsinin üzvləri ədalət mühakiməsi qarşısında dayanmadılar. Hələlik onlar lənətləniblər. Təkcə şəhidlərin ailə üzvləri deyil, bütün xalqımız tərəfindən. Amma tarix öz sözünü gec-tez mütləq deyəcək…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*