ABŞ 20 illik siyasətə yekun vurur – Baydenin “perestroyka”sı Amerikaya nə vəd edir?backend

ABŞ 20 illik siyasətə yekun vurur - Baydenin "perestroyka"sı Amerikaya nə vəd edir?

Amerika ənənəvi siyasətdən imtina edirmiş kimi görünür. Co Bayden prezident olaraq görəvə başlayandan 2 ay sonra Putinlə açıq toqquşur, ona qatil deyir. Putini provokasiya edir. Ukrayna məsələsində gərginliyi artırır, Rusiyanı müharibəyə sövq etməyə çalışır. Moskvanın səbrini sınağa çəkir, Əfqanıstandan qoşunları geri çəkmək qərarı verir.

Mayın 3-də başlanmalı olan proses aprelin 25-dən start götürür.

Bölgədəki əsas və qədim müttəfiqi Türkiyəyə qarşı son kozırını istifadə edir. Türkiyə Cümhuriyyətini qətliamda günahlandıran iddaya haqq verir, genosid ifadəsi işlədir. Bayden, ABŞ dərin dövləti uçurduqları “əski binaların” yerində nə tikəcəklər? Niyə yıxıb-söküb hər şeyi yerlə bir edirlər? Amerika hansı yeni dünya siyasətinə başlayıb və bu başlayan siyasəti biz harada gözdən qaçırmışıq?

Durum Türkiyəyə də sərf edir. İsraillə toqquşmadan sonra Ərdoğanın reytinqi həm öz ölkəsində, həm Yaxın Şərqin müsəlman ölkələrində sürətlə yüksəlmişdi.

2016-cı il, 16 iyul qiyam cəhdi də Ərdoğanı böyük krizdən yayındırdı. Həm ictimai rəydə olan itkilərini düzəltdi, həm də daxili rəqibləri əzib, zəiflətdi. Çoxu qaçıb, Amerikaya sığındı.

Türkiyə yenə ABŞ-la ideoloji savaşdadır. Ərdoğan xalqının gözündə haqlı görünür. İmperialist güclərin basqısı altında olan dövlətin lideri kimi böyük savaşa rəhbərlik edir. Savaşları kimin başlatması önəmli deyil, savaşları kimin idarə etməsi önəmlidir. Qələbəni, savaşı onu uğurla idarə edib, öz xeyirinə sonlandıranlar qazanır.

Bəlkə, Qərb (ABŞ) Türkiyəni küsdürüb, təxribata çəkib, onun NATO-dan çıxmasına nail olmaq istəyir? Xatırladım ki, hər dəfə ABŞ-dan gələn basqılar zamanı Türkiyə prezidenti İncirlik hərbi bazasını qapada biləcəklərini söyləyir. Avropa Birliyinə qəbul olunmayan Türkiyə nədən NATO üzvü kimi qalsın? Soyuq savaş dövrü bitib, SSRİ kimi təhdid aradan qalxıb, sərhədlər dəyişib və s. NATO niyə Türkiyənin kaprizini çəkib, ərazisində hərbi baza saxlasın? Bu ona lazımdırmı?

NATO-dan çıxmaq sadə prosedurdur, ya deyil, açığı, məlumatsızam. Strateji olaraq bu xətt götürülə bilər. Türkiyəni Qərbdən tamamən təcrid edib, tipik Şərq ölkəsinə çevirmək, immunitetini zəiflətmək və bundan sonra bölüb, zəiflədib əzmək… Belə bir planın olması istisna deyil.

Fəqət Türkiyə Cümhuriyyəti belə xain planları 98 illik tarixində çox yaşayıb. Hamısını da dəf edə bilib. Yəqin bu dəfə də öhdəsindən gələr. İndi Türkiyə daha qüdrətli dövlətdir. ABŞ-ın bu regionda belə güclü dövlətə – Türkiyəyə qarşı xain planlar qurub, onu zəiflətməsi mümkün görünmür. Bir az Türkiyəni getdiyi yolda ləngidə bilər, amma o yoldan saptırması əsla mümkün görünmür.

ABŞ dərin dövləti 2008-ci ildən bəri yeni, təəccüblü siyasətə start verib. Qaradərili Obamanın Ağ Evə gətirilməsindən başlayan eksperimentlər bu gün də davam edir. Obamanın dövründə Yaxın Şərq ölkələrində inqilablar oldu, bunun altını Avropa çəkdi. Hələ də qaçqın selinin altında qalıb köhnə qitənin aparıcı dövlətləri. Ardından Trampı iqtidara gətirdilər. O da qeyri-ənənəvi siyasəti ilə bəşəriyyəti təəccübləndirdi. İndi də Co Bayden Amerika siyasətinin əski binalarını, qüllələrini – yəni ənənəvi siyasətini sökməklə, dağıtmaqla məşğuldu. Yerində nə tikiləcək? Tikiləcəkmi? Amerika çoxlarının iddia etdiyi kimi, qürub dövrünü yaşayır, yoxsa daha bir intibah çağına hazırlaşır? Dərin böhran yaradıb, yenidən güclənmək xətti tutur? Bunu zaman göstərəcək.

SSRİ-də başladılan “perestroyka” hərəkatı Sovet İttifaqının sonunu gətirdi. Qorbaçov da əski binaları sökürdü. O “söküntülər” domino effekti verdi. Nəhəng SSRİ çökdü.

Müqayisə qüsurlu ola bilər. Amma ABŞ da sökdüyü binaların dağıntıları altında qala bilər.

İmperiyalar yenilənmək istəyəndə heç də həmişə uğurlu alınmır. Görəsən, ABŞ bəşəriyyət üçün nə qədər önəmlidir? Bu dövlətin dağılması dünyanın dağılmasımı olar?

Bu il 2001-ci il, 11 sentyabr hadisələrinin 20 ili tamam olur. Çoxu iddia edirdi ki, 11 sentyabr terror hücumlarından sonra ABŞ, xüsusilə xarici siyasətində ciddi dəyişikliklər etdi. Amma siyasət əvvəlki idi, sadəcə yürüdülən siyasəti pərdələməyə gərək qalmadı. Açıq oynadı Vaşinqton. Hətta dövlətin elan etdiyi prioritetlər hələ prezident Corc Buşun zamanında dəyişdiriıdi. Demokratiya arxa plana çəkildi. Enerji və milli təhlükəsizlik önə çıxarıldı.

Əl-Qaidənin terror hücumundan sonra Amerika öncə Əfqanıstanda böyük miqyaslı antiterror əməliyyatlarına start verdi, ardınca İraqı işğal etdi. İndi isə Əfqanıstandan geri çəkilir.

Sanki ABŞ 20 illik dönəmi qapadıb, yeni dönəm başlatmaq üzrədir. Nyu-Yorkda terrorun yıxdığı o əkiz binaların yerində, görəsən, bu dəfə hansı siyasət ucaldılacaq?

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*