Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Co Baydenə göndərdiyi məktubda bir sıra məqamlara toxunub. Dövlət başçısı məktubda öz həmkarına gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Maraqlıdır, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı hansı rolu oynaya bilər? Ümumiyətlə, ABŞ bu məsələdə nə dərəcədə maraqlıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması qaçılmaz bir məsələdir:

“Biz dəfələrlə fövqəldövlətlərin və böyük güclərin riyakar yanaşmalarına şahidlik etmişik. Azərbaycan BMT-nin Baş Assambleyasında işğal olunmuş ərazilərdəki vəziyyəti və problemin həlli məsələsini gündəmə gətirdikdə Minsk qrupunu təmsil edən dövlətlər geri çəkilirdi. ABŞ və digər böyük dövlətlər Qarabağ münaqişəsinin həllində həmişə ikili standartlara və saxtakarlığa yol verib. Təbii ki, bu, bizə xoş deyildi. Münaqişəni özümüz həll etdikdən sonra bütün beynəlxalq təşkilatlar və o cümlədən, fövqəldövlətlər yeni reallıqla barışmalı oldu. Vaxtilə ABŞ-ın yüksək rütbəli hərbçisi NATO-nun qərargahında mənə demişdi ki, siz həqiqətən də, Qarabağ probleminin öhdəsindən gəlmək istəyirsinizsə, bizim metodikadan istifadə edin. Bizim metodika isə gücə əsaslanır. Gücümüz olduğu zaman zorla da olsa, öz istəyimizə nail oluruq. Azərbaycan da öz haqq işimizdə və ədalətin bərpasında bu metoddan istifadə etdi”.
Politoloqun fikirncə, ABŞ-ın sülh prosesinə etiraz etməyə əsası yoxdur:
“Beynəlxalq ədalətsizliyi biz öz gücümüzlə bərpa etdik. Ermənilər geri çəkilməyə vadar edildi. İndiki mərələdə isə sülh müqaviləsinin imzalanması vacibdir və bu, gec-tez olacaq. ABŞ-ın sülh prosesinə etiraz etməyə əsası yoxdur. Çünki Azərbaycan elə siyasət aparır ki, həm Qərb dövlətləri, həm ABŞ bundan ancaq xeyir götürə bilər. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması, Cənub Qaz Dəhlizinin inşa edilərək istifadəyə verilməsi, Azərbaycanın sülhpərvər missiyalarda iştirakı və NATO ilə əməkdaşlığı ABŞ-ın ürəyincədir. Təsadüfi deyil ki, Co Bayden İlham Əliyevə təbrik teleqramında ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu ətraflı şəkildə bildirib. Burada ilk növbədə sülhün təmin olunması, təhlükəsizliyin gücləndirilməsi, demokratik proseslərin inkişafından söhbət gedir. Bütün bu işlərin həyata keçirilməsində enişli-yoxuşlu məqamlar da var. Lakin biz ABŞ-la əməkdaşlığa hazırıq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
