“Adam heç Şuşadan getmək istəmir” – Mədəniyyət paytaxtımızla qürur duyuruqbackend

"Adam heç Şuşadan getmək istəmir" - Mədəniyyət paytaxtımızla qürur duyuruq

28 ildən sonra bu il ilk dəfə olaraq Şuşanın 8 may 1992-ci il tarixli işğalı qəlbimizə xəncər kimi saplanmır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan ordusunun xüsusi şücaəti nəticəsində mənfur düşməndən tamamilə azad edilməsi qədim və doğma şəhərimiz barədə qürur və fəxarət hissi ilə danışmağımıza haqq qazandırır, təkan verir.

Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması naminə böyük işlər görülür. Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ olunması üçün mühüm addımlar atılır.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı bu gözəl şəhərimizə bəslənən böyük Vətən sevgisinin təzahürüdür. Bu qərarın tariximizə qara ləkə kimi düşən 8 may işğalı ərəfəsində qəbul edilməsi erməni faşistlərinə və onların eynilə azğın havadarlarına daha bir tutarlı cavabdır. Digər tərəfdən, İlham Əliyevin Şuşaya xüsusi həssaslıqla yanaşması, bərpa və quruculuq işlərinə ciddi nəzarəti gözdən yayınmır. Onun hər səfəri zamanı “Adam heç Şuşadan getmək istəmir” sözlərini dəfələrlə takrarlaması qədim şəhərin azərbaycanlılar üçün necə böyük əhəmiyyət kəsb etdiyindən xəbər verir.

İndi Şuşa tarixi hadisələrə hazırlıq ərəfəsindədir. Ramazan bayramından sonra Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya səfəri gözlənilir. 2020-ci il dekabrın 10-da Bakıda Zəfər paradını birgə qəbul etmələrindən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə füsünkar təbiətə malik olan Şuşaya getməsi türk düşmənlərinin bağrını bir daha çatladacaq.

İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının, Vaqif poeziya gününün təşkil edilməsi reallaşmaq üzrədir. Heydər Əliyev Fondunun tarixi memarlıq abidələrimizin bərpası ilə bağlı yüksək səviyyəli layihələri sürətlə həyata keçirilməkdədir. Düz 32 ildən sonra Cıdır düzündən azərbaycanlı xanəndələrin ifasında “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” sözləri yenidən səslənəcək, tar, kamança və qavalın müşayiətilə Azərbaycan muğamları, təsnifləri, bəstəkar mahnıları mavi səma ənginliklərinə yüksələcək. Vaqifin və digər klassik şairlərimizin şeirləri könülləri oxşayacaq, Qarabağın sinəsinə vurulmuş yaralara məlhəm olacaq.

28 ildən sonra Şuşa sözünü dilə gətirəndə könlümüz açılır, gözümüz, üzümüz gülür. Azərbaycan əsgər və zabitinin qanı və canı bahasına azad edilən Şuşa bu gün bizə daha da əziz və doğma gəlir. Onun azadlığa çıxması və Böyük Zəfərimiz bütün şəhidlərimizin, Azərbaycanın böyük şəxsiyyətlərinin və aydınlarının ruhlarını da şad edib.

Gözün aydın, mədəniyyət paytaxtımız! Sənə hamılıqla qovuşacağımız gün yaxındadır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*