Aliment öhdəliyi olan şəxslər bəzən maddi çətinliklər, gəlirlərinin azalması, səhhətlərində yaranan problemlər və digər səbəblərdən müəyyən edilmiş məbləği ödəməkdə çətinlik çəkirlər.
Belə hallarda aliment ödəyən şəxsin məbləğin azaldılmasını tələb etmək hüququ varmı? Bunun üçün hansı prosedurlardan keçmək lazımdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq digər hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər.

Onun sözlərinə görə, alimentin azaldılması üçün müraciət edən şəxs maddi vəziyyətinin ağırlaşdığını, xəstəliyini və ya ödəmə imkanlarına mənfi təsir göstərən digər halları sübut etməlidir.
Hüquqşünas qeyd edib ki, alimentin azaldılması üçün ilk növbədə mediasiya təşkilatına müraciət olunmalıdır. Mediasiya prosesində tərəflər arasında alimentin məbləğinin azaldılması ilə bağlı razılıq əldə edilmədiyi təqdirdə, aliment ödəyən şəxs müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Beləliklə, aliment ödəyən şəxsin maddi vəziyyətinin ağırlaşması onun öhdəliyinin avtomatik olaraq azalması demək deyil.
Məbləğin dəyişdirilməsi üçün qanunla nəzərdə tutulan əsaslar sübuta yetirilməli və müvafiq hüquqi prosedur həyata keçirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
