Avropa liderləri Rusiya, Ukrayna və ABŞ arasında aparılması nəzərdə tutulan danışıqlara qoşulacaq nümayəndə heyətinin tərkibini razılaşdırıblar.
Qrupa Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın nümayəndələri, eləcə də Avropa Komissiyası və Avropa Şurasının yüksək vəzifəli şəxsləri daxil ediləcək. Lakin Avropa diplomatiyasının rəhbəri Kaya Kallas üçün bu komandada ayrıca yer tapılmayıb.
Bununla belə, Moskva hələ avropalılarla ümumiyyətlə danışıqlar aparmağa razılıq verməyib. Üstəlik, təklif olunan tərkibdə danışıqlara qatılmaq məsələsi də sual altındadır.
Avropa Şurasının sədri Antonio Koşta noyabrın 13-də Dublində keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitində qəbul edilmiş qərarı açıqlayıb. Nümayəndə heyətinin formalaşdırılması zamanı daha əvvəl Əbu-Dabidə keçirilən məsləhətləşmələrdə iştirak etmiş Avropa təmsilçilərinin mövcud komandası əsas götürülüb.
Koşta bildirib ki, Ukraynanın gələcəyini və Avropa qitəsinin təhlükəsizliyini müəyyənləşdirən bütün müzakirələrdə Avropa vahid mövqedən çıxış etməlidir:
“Avropa aydın və vahid səslə danışmalıdır. Nəhayət, bu, komanda işidir”.
Gözlənilir ki, beş ölkə danışıqlarda milli təhlükəsizlik üzrə müşavirləri ilə təmsil olunacaq. Avropa Komissiyası və Avropa Şurası isə özlərinin yüksək vəzifəli rəsmilərini prosesə cəlb edəcək. Danışıqlara NATO-nun da qoşulması nəzərdə tutulur.
Yeni komandanın əksər üzvləri artıq məlumdur. Onlar noyabrın 12-də Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Bundan əvvəl isə danışıqlar masasında Avropaya yer açmağa çalışmaq üçün Əbu-Dabiyə səfər etmişdilər. Lakin bu cəhd nəticəsiz qalmışdı.
Böyük Britaniyanı Conatan Pauell təmsil edir. O, baş nazirin milli təhlükəsizlik məsələləri üzrə tanınmış müşaviridir. Pauell təkcə Şimali İrlandiyada “Xeyirli Cümə” sazişinin hazırlanmasında iştirakı ilə deyil, həm də diplomatik təcrübəsi ilə tanınır.
Almaniya nümayəndə heyətinə kanslerin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Gunter Zautter daxildir. O, karyerasına Frank-Valter Ştaynmayerin köməkçilərindən biri kimi başlayıb, hazırda isə kansler Fridrix Mersin xarici siyasət üzrə müşaviri kimi fəaliyyət göstərir.
Fransanı prezidentin kontinental Avropa və Türkiyə məsələləri üzrə müşaviri Bertran Buxvalter təmsil edir. O, vaxtilə Prezident Emmanuel Makronun Moskvaya səfərində də iştirak edib.
İtaliyanın nümayəndəsi isə hökumət başçısının diplomatik müşaviri Fabrizio Sakkodur. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri Afrika olsa da, diplomat daha çox diplomatiyanın pərdəarxası prosesləri üzrə mütəxəssis kimi tanınır.
Avropa Komissiyasını danışıqlar qrupunda Ursula fon der Lyayenin aparat rəhbəri Byorn Zaybert və onun baş diplomatik müşaviri Saymon Mordu təmsil edir.
Zaybert Avropa Komissiyasının “boz kardinalı” adlandırılır. Mordu isə təxminən 30 ildir Avropa diplomatiyasında fəaliyyət göstərir. O, Suriya qaçqınları ilə bağlı Türkiyə ilə əldə edilmiş və bu günədək qüvvədə olan razılaşmanın əsas memarlarından biri hesab olunur.
Avropa Şurasını isə Antonio Koştanın xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura təmsil edir. O, ictimaiyyət qarşısında çox görünməsə də, Avropa diplomatik dairələrində nüfuzlu şəxslərdən biri sayılır.
Beləliklə, hazırkı qərardan əvvəl Avropa komandasının əsas nüvəsini məhz bu yeddi şəxs təşkil edib. Bununla belə, Rusiya ilə birbaşa danışıqlarda iştirak edəcək nümayəndə heyətinin yekun və tam tərkibi hələ açıqlanmayıb. Ona görə də adları çəkilən şəxslərin növbəti mərhələdə rəsmi şəkildə təmsil olunacağını təsdiqlənmiş fakt kimi qəbul etmək hələ tezdir.
Yeni formatda əsas dəyişiklik Polşanın prosesə qoşulmasıdır.
Varşava əvvəlki E4 formatında təmsil olunmurdu. Həmin qrup Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanı birləşdirirdi. İndi Polşanın da danışıqlar komandasına daxil edilməsi nəzərdə tutulur. Lakin bu ölkəni kimin təmsil edəcəyi hələ açıqlanmayıb.
Əvvəlki məsləhətləşmələrdə NATO-nu alyansın baş katibi Mark Rüttenin aparat rəhbəri Cefri van Leuven təmsil edirdi. Növbəti mərhələdə də məhz onun iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat yoxdur.
Diqqətçəkən məqamlardan biri isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın danışıqlar komandasında ayrıca mandat almamasıdır.
Kallas əvvəllər Moskva ilə danışıqlarda Avropa İttifaqının əsas nümayəndəsi olmaq iddiasında idi. O, mövcud Avropa razılaşmalarının xarici siyasət və təhlükəsizlik məsələlərinin həllində öz iştirakını nəzərdə tutduğunu bildirirdi.
“Avropanın təhlükəsizliyindən söhbət gedəndə müqavilələrdə hər şey kifayət qədər aydın göstərilib. Avropanı bu məsələlərdə Antonio Koşta və Avropa Komissiyasının vitse-prezidenti, ali nümayəndə təmsil edir”, – deyə Kallas vurğulamışdı.
Lakin Avropa liderləri vahid danışıqlarçı təyin etmək əvəzinə, aparıcı dövlətlərin iştirak etdiyi kollektiv formatı qoruyub saxlamağa üstünlük veriblər. Beləliklə, bütün Avropa adından Moskva ilə kimin danışacağı məsələsi yeni vəzifə yaratmaqla deyil, artıq mövcud olan diplomatik komandanın fəaliyyətini genişləndirməklə həll edilməyə çalışılır.
Əsas sual isə budur: Rusiya bu nümayəndə heyəti ilə danışıqlar aparmağa razı olacaqmı?
Əbu-Dabidə keçirilən əvvəlki danışıqlar zamanı Avropa nümayəndələri Ukrayna və ABŞ tərəfləri ilə ayrıca məsləhətləşmələr aparsalar da, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin üçtərəfli görüşlərinə buraxılmamışdılar. Həmin vaxt avropalılarla ruslar arasında birbaşa danışıqlar da baş tutmamışdı.
Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 13-də bildirib ki, Moskva Avropanın növbəti danışıqlar mərhələsində iştirakına dair hələ yekun qərar qəbul etməyib.
“Onların həqiqi niyyətlərini və sülh prosesinə töhfə verməyə nə dərəcədə hazır olduqlarını anladıqdan sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı dialoqun genişləndirilmiş formatda aparılması barədə qərar vermək mümkün olacaq”, – deyə Peskov bildirib.
Bununla belə, o, Rusiyanın Avropa nümayəndələri ilə təmaslara prinsip etibarilə qarşı olmadığını da istisna etməyib. Peskovun sözlərinə görə, avropalıların həqiqətən danışıqlar aparmaq səlahiyyətinə malik nümayəndəsi və belə bir istəyi varsa, Moskva onlarla danışmağa hazırdır.
“Əgər avropalıların həqiqətən də danışmaq üçün müəyyən səlahiyyətlərə malik nümayəndəsi varsa və onlar bunu etmək istəyirlərsə, əlbəttə, biz onlarla danışmağa hazırıq”, – Kremlin sözçüsü qeyd edib.
Rusiyanın Əbu-Dabi danışıqlarındakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə daha sərt mövqe nümayiş etdirib. Onun sözlərinə görə, Moskva Avropa dövlətlərindən indiyədək “heç bir sülh təşəbbüsü və konkret sülh təklifi” almayıb. Bu səbəbdən də avropalılarla hansı məsələləri müzakirə etməyin mümkün olduğu hələ aydın deyil.
Beləliklə, Avropa liderləri danışıqlar komandalarının tərkibini müəyyənləşdirsələr də, onların növbəti mərhələdə real iştirak edib-etməyəcəyi hələ də Moskvanın mövqeyindən asılıdır. Əks halda, avropalılar yenə də ABŞ və Ukrayna nümayəndələri ilə məsləhətləşmələrlə kifayətlənməli, əsas danışıqlar masasından kənarda qalmalı olacaqlar.
Növbəti danışıqların tarixi və keçiriləcəyi yer hələ açıqlanmayıb. Lakin bu, o qədər də vacib məsələ deyil. Şəxsən mən Avropanın məhz bu tərkibdə formalaşdırılmış komandasının növbəti danışıqlarda iştirak edəcəyinə inanmıram.
Açığı, bütün bunlar diplomatik prosesdən daha çox, bir növ siyasi tamaşanı xatırladır.
Müəllif: Aleksandr Timoşenko
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
