Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ukraynaya “IRIS-T” zenit-raket kompleksinin yeni buraxılış qurğusunu təhvil verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
“Dünən biz yeni “IRIS-T” buraxılış qurğusunu qəbul etdik. İnsanların müdafiəsinə verdiyi davamlı töhfəyə görə Almaniyaya təşəkkür edirik. Məhz belə güclü dəstək sayəsində minlərlə insanın həyatını qorumaq mümkün olub. Lakin Rusiyanın hücumlarını dəf etmək üçün kifayət qədər imkanlara malik olmaq məqsədilə hava hücumundan müdafiə sistemləri üçün daha çox raketə ehtiyacımız var”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, “IRIS-T” təyyarələri, helikopterləri, pilotsuz uçuş aparatlarını və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş müasir hava hücumundan müdafiə raket kompleksidir. Sistem Almaniyanın “Diehl Defense” şirkəti tərəfindən istehsal olunur.
