“Artıq erməni əsgərləri Azərbaycan Ordusu ilə döyüşməkdən imtina edir” – AÇIQLAMAbackend

"Artıq erməni əsgərləri Azərbaycan Ordusu ilə döyüşməkdən imtina edir" - AÇIQLAMA

“Bu gün döyüş meydanında Ordumuz tərəfindən başı əzilən erməni Rusiya və digər dövlətləri münaqişəyə cəlb etmək üçün Gəncədə, Mingəçevirdə, Tərtərdə, Ağdamda mülki əhalini  raket atəşinə tutur”.

Bunu KONKRET.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gün döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan Gəncəni, Mingəçeviri və digər rayonları raket atəşinə tutaraq insanlarımız arasında təşviş və çaşqınlıq yaratmağa çalışır: “Dünən ermənilərin Gəncədə törətdiyi vəhşilik bir daha bütün dünyaya onların vandal, terrorçu və faşist millət olduğunu sübut etdi. Təəssüf ki, beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ermənilərin istər oktyabrın 11-də, istərsə də dünən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törətdiyi vəhşiliklə bağlı susqunluqlarını qoruyurlar.

Təbii ki, bu, bir daha dünyadakı ikili standartların sübutudur. Ermənilərin dünən axşam törətdiyi terror nəticəsində 13 nəfər həlak oldu, onlarla soydaşımız yaralandı. Ölənlər arasında 2 azyaşlı uşaq da var. Qadağan olunmuş ballistik raketlərlə Gəncədə mülki əhalini hədəf alan ermənilər bu addımları ilə bütün beynəlxalq hüquq normalarını pozaraq növbəti müharibə cinayətinə imza atdılar.

Əli azərbaycanlı körpələrin qanına bulaşan erməni vandalları Xocalıda törətdikləri soyqırımı Gəncədə də reallaşdırmağa çalışırlar. Amma unudurlar ki, bu gün onların qarşısında 90-cı illərin əvvəllərindəki Azərbaycan dövləti deyil. Bu gün Azərbaycan güclü orduya və iqtisadiyyata malikdir. Biz öz torpaqlarımızda haqq mübarizəmizi aparıb, torpaqlarımızı düşməndən azad edirik”.

Deputat vurğulayıb ki, 30 ildir ATƏT-in Minsk Qrupunun görəcəyi işi bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu həyata keçirir:”Qorxaq Ermənistandan siyasi və hərbi rəhbərliyindən fərqli olaraq Azərbaycan ordusu heç bir zaman mülki əhaliyə atəş açmayıb. Biz mübarizəmizi döyüş meydanında aparırıq. Sentyabrın 27-dən bu günə kimi düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Xeyli sayda hərbi texnikası da ələ keçirilib. Artıq erməni əsgərləri Azərbaycan Ordusu ilə döyüşməkdən imtina edir, silah-sursatlarını qoyaraq qaçırlar. Bu da onların necə qorxaq xislətə sahib olduqlarını sübutudur”.

Deputat söyləyib ki, ermənilər Gəncədə törətdiyi vəhşiliyin cavabı döyüş meydanında verildi: “Bu gün Ali Baş Komandan xalqa müraciətində Azərbaycan xalqına növbəti şad xəbəri verərək Füzuli şəhərinin və daha bir neçə kəndin işğaldan azad olunduğunu söylədi. Bu gözəl qələbə münasibətilə füzulililər başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Şəhidlərimizə və Gəncədə həlak olan soydaşlarımıza Allahdan rəhmət diləyirəm. İnanıram ki, qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*