At əti yemək günah sayılır? – Din xadimindən maraqlı cavabbackend

At əti yemək günah sayılır? - Din xadimindən maraqlı cavab

Dünyanın müxtəlif ölkələrində at ətinə münasibət fərqlidir. Bəzi xalqların mətbəxində bu ət geniş istifadə olunsa da, bir çox cəmiyyətlərdə at əti yemək həm mədəni ənənələrə, həm də dini baxışlara görə qəbul edilmir.

Bəs İslam dinində at əti yemək haramdırmı, yoxsa bu qadağa daha çox tarixi və məişət amilləri ilə bağlıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam hüququna görə at əti haram deyil, məkruh hesab olunur.

Tural İrfan

“Atın əti bərk olduğundan gec həzm olunur. Eyni zamanda at minik heyvanı olduğu üçün onun kəsilib yeyilməsi məqsədəuyğun hesab edilməyib. Tarixən at məişətdə və müharibələrdə yük daşımaq, minik vasitəsi kimi geniş istifadə olunub. Əgər kütləvi şəkildə kəsilib yeyilsəydi, insanların məişətində və təsərrüfatında müəyyən çətinliklər yarana bilərdi”.

İlahiyyatçı qeyd edib ki, atın əzələ quruluşu da bu məsələdə rol oynayır:

“At minik heyvanı olduğuna görə onun ətində bərk əzələlər üstünlük təşkil edir. Bu isə həm bişirilməsini, həm də həzm olunmasını çətinləşdirir. Dəvə də minik heyvanıdır, lakin onun ətində piy və yağ qatları daha çox olduğundan nisbətən yumşaqdır. Atda isə yağdan çox əzələ kütləsi mövcuddur”.

Tural İrfan vurğulayıb ki, İslam dinində at, eşşək və qatır ətinin yeyilməsi haram sayılmır:

“Bu heyvanların əti haram deyil, məkruhdur. Yəni başqa qida və ya ət tapılmadıqda, yaxud həkim tövsiyəsi ilə zəruri ehtiyac yarandıqda, bu heyvanların ətinin istehlakına icazə verilir.

Qazaxıstan kimi ölkələrdə at ətinin istehlakı geniş yayılıb. Hətta orada xüsusi olaraq ətlik məqsədilə yetişdirilən at cinsləri var və həmin heyvanlar yalnız kəsim üçün bəslənilir. Bu baxımdan onların istehlakı müəyyən mənada məqbul hesab oluna bilər”.

Beləliklə, ilahiyyatçının sözlərinə görə, İslam dinində at əti qəti şəkildə haram sayılmır. Bu məsələdə formalaşan yanaşma daha çox atın tarixən insanların həyatında daşıdığı strateji əhəmiyyət, eləcə də ətin xüsusiyyətləri ilə əlaqələndirilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*