Dünən Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı öz çıxışında bildirib ki, biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq. Burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
Maraqlıdır, Prezident İlham Əliyev bu sözlərlə kimlərə və hansı mesajı ötürürdü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İlham Əliyev bu sözlərlə ilk növbədə Ermənistana və onun havadarlarına mesaj verir:
“Çünki AŞPA-nın qəbul etdiyi qətnamə ədalətsizlikdir. Orada “Dağlıq Qarabağ” ifadəsi işlədilir və qətnamə bu şəkildə qeydə alınıb. Digər tərəfdən həm Rusiyada, həm də Fransada siyasətçilər “Dağlıq Qarabağ” ifadəsini işlətməklə status məsələsini yenidən gündəmə gətirmək istəyirlər. İlham Əliyev onlara bildirir ki, bu münaqişə artıq tarixə qovuşub və belə bir coğrafi-inzibati vahid mövcud deyil. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu formalaşdırılıb və Azərbaycan Milli Məclisi bunu təsdiq edib. Qarabağ Azərbaycan ərazisidir”.

Politoloq əlavə edib ki, Prezidentin bu səfərində həm siyasi, həm də hərbi mesajlar var idi:
“Sülhməramlıların yerləşdirildiyi ərazidə və Xankəndidə siyasi cəhətdən uyğun olmayan addımlar atılır. Prezident bu sözləri ilə açıq şəkildə bildirir ki, biz o torpaqlarda əbədi yaşayacağıq. Bu, təsadüfi bir şey deyil. Son 200 il ərzində ölkəmizin əraziləri bu və ya digər formada Ermənistan və onu dəstəkləyən digər qüvvələr tərəfindən “məskunlaşma” adı ilə işğal olunub. Burada mədəni işğal ifadəsini işlətmək yerinə düşər. Əslində məskunlaşma humanitar addımdır. Lakin Qarabağda ermənilərin yerləşdirilməsi siyasi qərar idi. İndi revanşist qüvvələrin yenidən iştahı artıb və xam xəyallara qapılıblar. Vətən müharibəsində aldıqları zərbədən sonra ermənilər ağıllanmaq əvəzinə sərsəmləyiblər. İndi Prezident o şəxslərə çatdırmaq istəyir ki, bu məsələni bağlamaq lazımdır. Azərbaycan nəinki 30, heç 3 il əvvəlki Azərbaycan da deyil. Düşünürəm ki, Prezidentin bu səfərində həm siyasi, həm də hərbi mesajlar var idi”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
