28 il idi işğal altında olan ərazilərimiz erməni separatçılarının və onların havadarlarının nəzarəti altında olmaqla, Azərbaycan xalqının qüruru, mənliyi, ləyaqəti tapdalanmışdı. Biz, əslində, içimizdə böyük bir ağrı yaşayırdıq. Bu ağrı ondan ibarət idi ki, Qarabağ kimi müqəddəs bir torpağı itirmişdik. Amma bu illər ərzində içərimizdə mənəvi cəhətdən “silahlanma” prosesi gedirdi. Buna ideoloji “silahlanma” da demək olar. Və o dövrdən bu günə, yəni qələbəyə qədər bizim gənclik ideoloji cəhətdən buna demək olar ki, nail ola bildi. Düşmənə qarşı qətiyyətli olmağı bacardı və bunun sayəsində biz qələbə qazandıq.
Biz 28 il müddətində həm də Azərbaycanın haqq işini dünyaya bəyan etməyi bacardıq. Yəni dünya Qarabağ bölgəsini yaxşı tanımır, burada gedən prosesləri tam anlamırdı. Elə başa düşürdülər ki, ermənilər bizim torpağımızı yox, biz onların torpağını işğal etmişik. Keçən illər ərzində Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandanımız İlham Əliyev dünya liderlərinə və ictimaiyyətinə ideoloji istiqamətdə anlatmağa çalışdılar ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Bu torpaq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və burada separatçı bir rejim yaradılıb. Onlar qondarma bir respublika qurmaq istəyirlər və o respublikanın adını “Arsax” qoyurlar. Əslində Arsaxın özü də, Qarabağ da türk mənşəli sözdür ki, bu da ayrı bir mövzudur. Yəni ermənilər tarixi təhrif edir, Azərbaycan torpaqlarını zəbt edirlər.
Etiraf etmək lazımdır ki, Azərbaycan xalqı bu 28 il müddətində səbirlə mübarizə apardı: dövləti və Ali Baş Komandanı ilə birgə. O Ali Baş Komandan ki, 17 ildir Azərbaycan Respublikasına rəhbərlik edir. Məncə, bütün bunları birinci mərhələ kimi, yəni ideoloji baryerin dağıdılması mərhələsi kimi xarakterizə etmək olar.
İkinci mərhələ isə artıq ondan ibarət oldu ki, Azərbaycan xalqı mənəvi-ideoloji cəhətdən birləşməyə başladı. Xalqımız ölkəmizdə yaşayan bütün etnoslarla – talışlar, ləzgilər, udinlər, saxurlar, inqloylar, ruslar və s. ilə vahid yumruq kimi birləşib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə mübarizə apardılar. Artıq milliyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı dərk etdi ki, Qarabağ adlı torpaq Ermənistanın işğalı altında qala bilməz. Bu düşüncə ilə Qarabağın azad olunması uğrunda gedən mübarizə, deyərdim ki, Azərbaycan xalqının tarixində ikinci mərhələ kimi xarakterizə olunmalıdır, yəni xalqın bir yumruq kimi birləşməsi mərhələsi.
Əlbəttə, bu birlik, yəni xaricdə ideoloji informasiya blokadasının dağıdılması, ölkənin daxilində mənəvi birliyin yaradılması və bundan sonra üçüncü mərhələ – artıq Dağlıq Qarabağ ərazisinin işğalçılardan azad olunması mərhələsidir ki, bu da 44 günlük bir müddəti əhatə etdi. Və 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ torpağını erməni işğalçılarından azad etdi. Bu, dünya tarixində misli görünməmiş bir hünərdir. O mənada ki, Azərbaycan Ordusu XXI əsrdə müasir texnologiya və dünyagörüş ilə işğalçıları öz torpağından təmizləmək nümunəsi göstərdi. Eyni zamanda, Azərbaycan dövləti həm hüquqi cəhətdən, həm də Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr baxımından haqlı olduğunu dünyaya nümayiş etdirdi. Əslində, Azərbaycan Ordusu BMT-nin həyata keçirə bilmədiyi qətnamələri öz zəfəri ilə yerinə yetirdi. Və mən şübhə etmirəm ki, bu zəfər dünya tarixi üçün maraqlı fakt kimi gələcəkdə geniş təhlil olunacaq.
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
