Ermənistanın təxribatlarının ara verməməsi xarici ekspertlərin də diqqətindən yayınmır. Düşmən ölkənin münaqişəni alovlandırmaq cəhdi həm də regiona soxulmağa cəhd edən ölkələrin planıdır. Ermənistana hərbi-siyasi dəstək verən ölkələr bir neçə istiqamətdə Azərbaycana hücum etsələr də, hələlik onların cəhdləri uğursuzluğa düçar olub.
Məsələ burasındadır ki, “humanitar fəlakət” şousunun ardınca, “etnik təmizləmə” planı da işlərinə yaramadı. Deməli, ermənilərin yeganə çıxış yolu silahlı münaqişədir. Xarici ekspertlər hesab edirlər ki, buna yol vermək olmaz.
KONKRET.az xəbər verir ki, rusiyalı politoloq Mixail Sinelnikov-Orişak da bu fikirdədir ki, “Bu gün heç kimə yeni münaqişə lazım deyil. İndi həm Rusiya, həm də ABŞ regionda münaqişənin alovlanmasına imkan verməməlidir.
Amma tərəflər biri-birilərini ittiham etməkdə davam edirlər. Məsələ burasındadır ki, münaqişəni heç kim istəmir, amma qarşıdurma baş verəndə gec olacaq. Deməli, reallığı əks etdirən şərtlər təklif edilməlidir. Hazırda Azərbaycana nəyisə diqtə etmək çətindir və praktiki olaraq mümkün deyil.
Çünki Azərbaycan qalib tərəfdir və daim uğurları ilə öyünür. Məsələ burasındadır ki, Ermənistan da geri çəkilmək istəmir, çünki onların müəyyən maraqları var. Azərbaycanın təklif etdiyi şərtlər isə həddindən artıq çoxdur. Ona görə də arbitrlər – ABŞ və Rusiya öz fəaliyyətlərini maksimum gücləndirir ki, hazırkı vəziyyət saxlanılsın.
Mövcud vəziyyətin saxlanılması sonrakı eskalasiyalara gətirib çıxarmamalıdır. Buna görə də ABŞ-la Rusiyanın problemə yanaşmasının üst-üstə düşməsi təəccüb doğurmur”.
Vəli Həsənov
KONKRET.az