Azərbaycana niyə Putinlə rahat, Makronla qeyri-komfortdur – Lukyanovla qiyabi POLEMİKAbackend

Azərbaycana niyə Putinlə rahat, Makronla qeyri-komfortdur - Lukyanovla qiyabi POLEMİKA

“Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru, “Valday” Beynəlxalq diskussiya klubunun inkişaf və dəstək Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov  Ermənistan mətbuatında ətraflı şərhlə çıxış edərək Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsinə öz baxışını açıqlayıb.

Rusiya qoşunlarının yeni heyətinin yerləşdirilməsi sülhməramlıların kiçik bölməsinin Voskepar kəndində yerdəyişməsindən sonra xüsusi aktuallıq kəsb edib və dərhal da bölgənin ekspert kəsimində gur müzakirələr doğurub. Rusların yerdəyişməsi ilə bağlı üç ölkənin hökumətləri inadla susmaqda davam edir, bu isə bütün mümkün və tamamilə qeyri-mümkün ehtimallara – birinci müharibə zamanı itirilmiş anklavların mübadiləsindən Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmininə qədər – yol açır.

Lukyanov öz iddiasında tamamilə haqlıdır ki, “Rusiya özünün sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsinə gedə bilər, ancaq yalnız Azərbaycanın mövqeyini nəzərə alaraq”. Rusiyanın hakim dairələrinə yaxın ekspert Rusiya ilə Azərbaycanın maraqlarının düzgün nisbətinin prioritetini qeyd etməklə, ölkələr arasındakı strateji əməkdaşlığın səviyyəsini düzgün dəyərləndirir.  Yəni, Moskva Ermənistanın mühüm müttəfiqi olmaqla yanaşı, digər tərəfdən, Lukyanovun dəyərləndirməsinə görə, “Bakının maraqlarına etinasız yanaşa bilməz”.

Bu cür yanaşma Rusiya-Azərbaycan münasibətlərinin siyasi ruhuna və bizim də dəfələrlə qeyd etdiyimiz kimi, Putinlə Əliyevin qarşılıqlı münasibətlərinin “şəxsi kimya”sına  cavab verir. Məhz buna görə Lukyanov yeni geosiyasətdən və yeni qüvvələr nisbətindən çıxış edərək qüvvələrin yeni balansı nəzəriyyəsini irəli sürür.

Rusiyalı ekspert aşkar təsdiqləyir ki, rus sərhədçilərinin yerləşdirilməsi məsələsi təkcə Yerevan və Moskvadan yox, həm də xüsusilə Azərbaycanın Ankara ilə strateji müttəfiqlik münasibətləri fonunda Bakıdan asılıdır.

Ancaq Lukyanovun Rusiya və Fransanın vasitəçilik missiyalarının unifikasiyası haqda növbəti tezisi kökündən yanlışdır və daha çox “Trampın izolyasionizmi” dövründə formalaşmış beynəlxalq siyasətin analizindən çıxan nəticədir. Ekspert Fransanı “kollektiv Qərb” formatından qopararaq Yelisey sarayının Vaşinqtondan asılı olmayan müstəqil siyasətinə işarə edir.  Putinlə Makronun 2019-cu ildəki tarixi görüşünün nəticələrinə əsaslanır, ancaq tamamilə başqa dövrdə. Və guya Makronun siyasətindəki yeni aksentlər Rusiya ilə konsensus üçün münbit mühit yaradır.  Bəli, ehtimal ki, Rusiya Paris ilə konsensusa başqa yerlərdə – Liviyada, Fələstində, Suriyada, Livanda… – gedə bilər.  Ancaq Rusiya ilə Yelisey sarayının Azərbaycan-Ermənistan münaqişəsinin həllində konsensusu  Rusiyanın indiyədək qoruyub saxladığı unikal qərəzsiz hakim rolunun itməsinə aparıb çıxaracaq. Məhz həmin rol Rusiyaya nüfuzlu və münaqişə tərəflərinin danmadığı əsas vasitəçi – 9(10) noyabr sülh razılaşmasının qarantı olmağa və bunu qoruyub saxlamağa imkan verir.

 

Cənubi Qafqazdakı vəziyyətlə bağlı Fransa ilə konsensus Azərbaycanın maraqlarına tam sayğısızlıq, hadisələrin birtərəfli interpretasiyası və geosiyasi anqajement demək olardı. Bu isə Rusiyanın Bakı ilə münasibətlərin soyumasına və vasitəçilik rolunun itirilməsinə aparıb çıxaracaq.  Üstəlik rəsmi Bakı Rusiyanın vasitəçilik missiyasını qəbul edir, ancaq Minsk qrupu həmsədrləri formatında yox. Vaşinqton və Paris  erməni meydançasına kollektiv Qərbin Rusiyanın təsirini əvəzləmək üçün geosiyasi istinad nöqtəsi kimi baxır.  Lukyanov bunu anlamaya bilməz. Makron isə axsaq ördəkdir. Və Fransanın maraqlarını Makronla (gələn il artıq hakimiyyətdə olmayacaq) Putinin (Rusiyaya hələ uzun illər rəhbərlik edəcək) qarşılıqlı münasibətlərinə və razılaşmalarına bağlamaq tanınmış siyasi ekspert üçün  ehtiyatsız addımdır.

Avropa İttifaqının Rusiyaya münasibətdə siyasətini, xüsusən də Paris və Berlində elitaların əvəzlənməsindən sonra, qabaqcadan söyləmək çətindir,  ancaq ikinci Qarabağ savaşından sonra Cənubi Qafqazda formalaşan status-kvoya münasibətdə bu siyasətin dəyişəcəyi ehtimalı azdır. Xüsusən də, Moskvanın tolerant yanaşması fonunda Ankaranın bölgədə artan rolunu nəzərə alsaq.

Şübhəsiz ki, Avropa İttifaqı və Vaşinqton Rusiyanın təsirinin ziddinə fəaliyyətlərini davam etdirəcəklər. Və Lukyanov  Parisin Rusiya üçün əngəl olmayacağını fərz edəndə bərk yanılır. Əks halda Kreml hələ ötən il Paşinyanın münaqişədən sonra bölgədə Rusiya qoşunları ilə bərabər ABŞ və Fransanın silahlı qüvvələrini də yerləşdirmək təşəbbüsünü müdafiə edərdi.  Əks halda sülh razılaşması Moskvada Putinin himayəsi ilə yox, Parisdə və ya Brüsseldə “ATƏT-in Minsk qrupu” lövhəsi altında imzalanardı.  Situasiyanın oxşar ssenari ilə inkişafı Kreml üçün ağlasığmazdır.  Eləcə də “Şərq tərəfdaşlığı” çərçivəsində milyardlarla aktiv sərmayə yolu ilə Avropa İttifaqının Ermənistan daxilində möhkəmlənməsi.

Parislə Moskvanın konsensusu variantı bölgənin təhlükəsizliyində formalaşmış yetərincə kövrək sistemin dağılmasına aparıb çıxaracaq. Bu kövrək sistemdə Azərbaycan Moskvanın iştirakına təmkinlə yanaşır,  ancaq Yerevanın hərbi-siyasi müttəfiqi olan və Bakıya münasibətdə özünü bədxah kimi göstərən Parisin iştirakını qəbul etmir.

Lukyanov bəyan edir ki, Rusiyaya Fransa ilə çalışmaq rahatdır. Ancaq Makronun Bakıya münasibətdə açıq erməniyönümlü və aqressiv münasibət sərgiləyən siyasətini nəzərə alaraq Azərbaycana Fransa ilə çalışmaq rahat deyil.  Və əgər Rusiya bu konsensusa getsə, Azərbaycanın siyasi elitasının və geniş ictimaiyyətinin nəzərində Moskva öz nüfuzuna güclü xələl gətirəcək,  bölgədə əsas vasitəçi statusunu sarsıdacaq. Nə qədər ki Paris Cənubi Qafqaza münasibətdə özünün prioritetlərinə və xarici siyasət prinsiplərinə yenidən baxmayıb,  bu “institusional konsensus”un bölgədə heç bir perspektivi yoxdur…/virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*