Pandemiya sayəsində bəzi önəmli siyasi-strateji hədəflərə artıq nail olundu, indi artıq bioloji silahı zərərsizləşdirmək zamanıdır; Virusa qarşı vaksinin məhz prezident Co Baydenin səlahiyyətlərini icra etməyə başladığı dövrdə istifadəyə hazır olması da bütün prosesin əvvəlcədən “yazılmış ssenari” üzrə cərəyan etdiyindən şübhələnməyə əsas verir…
Dünya yenidən normal həyata dönmə mərhələsinə keçid edir. Bəşəri fəlakət dövrü sona çatır. Və yaxın zamanlarda bunun ilkin əlamətləri ciddi şəkildə sezilməyə başlayacaq.
ABŞ-ın yeni prezidenti Co Bayden Ağ Evə köçər-köçməz dünyanın bir nömrəli probleminin həllinə əl atdı. Üstəlik, qəbul etdiyi qərarlar və verdiyi açıqlamalar onun bu işdə uğur qazanacağına əmin olduğunu göstərir. Bu baxımdan, “qaranlıq dünya”nın üzərinə yenidən işıq düşəcəyi günün o qədər də uzaqda olmadığı qətiyyən şübhə doğurmamalıdır.
Məsələ ondadır ki, ABŞ-ın yeni prezidenti Co Baydenin pandemiya ilə bağlı qəbul etdiyi qərarlarda və bu mövzuda verdiyi açıqlamalarda kifayət qədər maraqlı məqamlar mövcuddur. Birincisi, bəzi müşahidəçilər hesab edirlər ki, epidemiya ilə mübarizə prezident Co Baydenin vəzifə borcudur. Və qeyri-adi adi heç nə baş vermir. O, sadəcə, öz vəzifə səlahiyyətlərini icra edir.
İlk baxışdan bu mövqenin müəllifləri hətta haqlı görünürlər. Ancaq bu halda, istər-istəməz sual ortaya çıxır. Bəs, keçmiş prezident Donald Tramp niyə pandemiya ilə mübarizəyə ciddi əhəmiyyət vermirdi? Bu, Ağ Evin yeni sahibindən fərqli olaraq, onun vəzifə borcları sırasına daxil deyildimi?
Bu suallara isə əks fikirdə olanlar cavab verirlər. Onlar hesab edirlər ki, pandemiyanın ipi Tramp administrasiyasının əlində deyildi. Keçmiş administrasiya bu fəlakətə nəzarət imkanlarının olmadığını anlayırdı. Bu problemin süni şəkildə dünyanın, o cümlədən də, ABŞ-ın boynuna dolandığından əmin idi.
Hər halda, keçmiş prezident D.Trampın dönəmində ABŞ-ın dövlət katibi olmuş Maykl Pompeonun bu mövzuda tez-tez təkrarladığı bir cümlə var idi: “Koronavirus Çinin hərbi laboratoriyalarında hazırlanıb”.
Üstəlik, keçmiş prezident D.Tramp da dövlət katibinin bu iddiasını eynilə təkrarlayırdı. D.Trampın qərarlarından da anlaşılırdı ki, keçmiş administrasiya bu epidemiyanı dünya üzərində aparılan “səhnəarxası əməliyyat” hesab edir.
Ona görə də, Tramp administrasiyası Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hücum edirdi. ÜST-ü epidemiyanın mövcudluğunu bilsə də, məqsədli şəkildə bu fəlakəti dünya ölkələrindən gizlətməkdə suçlayırdı. Bəyan edirdi ki, ÜST epidemiyanın dünyaya məqsədli yayılması prosesində Çinlə ortaq hərəkət edib. Və bu səbəbdən də ABŞ-ın ÜST-ə üzvlüyünü dondurmuşdu, illik ödənişlərin edilməsi də qadağan olunmuşdu.
Belə versiyalar da mövcud idi ki, pandemiya ABŞ-dakı “dərin güclər” arasındakı savaşda istifadə edilən bioloji silahın kütləvi tətbiqinin nəticəsidir. Keçmiş dövlət katibi M.Pompeonun virusu Çindəki hərbi laboratoriyalar ilə əlaqələndirməsi də qətiyyən təsadüfi deyildi. Çünki ABŞ-dakı “dərin güclər”dən birinin Çinin səhnəarxası himayədarı olduğu bildirilir. Və həmin “dərin güc”ün həm də ABŞ demokratlarına dəstək verdiyi iddia edilir.
Göründüyü kimi, pandemiya ilə bağlı iddialar kifayət qədər qəlizdir. Bu fəlakətin süni şəkildə yaradıldığını təsdiqləyə biləcək kifayət qədər faktorlar mövcuddur. Həmin faktorlar barədə pandemiyanın yayıldığı ilk dövrlərdə yazdığımız yazılarda geniş şəkildə bəhs etmişdik.
İndi belə görünür ki, pandemiya sayəsində bəzi önəmli hədəflərə artıq nail olunub. Xüsusilə də, rəqib “dərin güc”ün əsas leqal siyasi aləti – Tramp administrasiyası artıq hakimiyyətdən kənarlaşdırılıb. Və hakimiyyətə gətirilməsi planlaşdırılan Bayden administrasiyası indi iş başındadır.
Bu isə o deməkdir ki, qalib “dərin güclər” dünya düzənini öz maraqları çərçivəsində yenidən formalaşdırmaq üçün lazım olan leqal siyasi iradə resurslarına artıq sahibdirlər. Və deməli, əsas savaş alətini – bioloji silahı tədricən dünya üzərindən yığışdırmaq olar.
Deyəsən, Bayden administrasiyası da elə ilk iş olaraq, bu məsələnin həllinə əl atıb. Öz “vəzifə”sinin öhdəsindən bacarıqla gəlmiş ÜST-lə ABŞ-ın qaynaşması da əvvəlki vəziyyətinə qaytarılmaqdadır.
Beləliklə, müşahidələrə əsasən demək olar ki, prezident Co Bayden süni pandemiyanın durdurulması üçün artıq “düymə”yə basıb. İlk addımlar da atılmağa başlanılıb. Və yaxın vaxtlarda tədricən nəticələri görünməyə başlayacaq.
Ağ Ev sahibinin “Hər şey yaxşı olmazdan əvvəl daha da pis olacaq” mesajı, beynəlxalq hesablaşmanın rəqiblərin tam təslim olması üçün hələ bir müddət davam edəcəyindən xəbər verir… |