ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini yenidən hərbi cinayətkar adlandırıb: “Ukraynadakı dağıntıları, açıq desəm, hərbi cinayətkar hesab etdiyim bir adam törədib”.
KONKRET.az xəbər verir ki, Bayden bu fikirləri cümə günü, martın 25-də Ukrayna ilə sərhəddən 90 kilometr aralıda yerləşən Polşanın Rzeşov şəhərinə səfəri zamanı deyib.
Bayden bundan əvvəl də artıq Putini hərbi cinayətkar adlandırmışdı.
Rzeşovda Bayden Polşa Prezidenti Anjey Duda ilə birlikdə Ukraynadan olan qaçqınlara yardım üçün humanitar əməliyyatın gedişi ilə tanış olub. Duda Baydeni Polşanın Ukraynadan olan insanlara kömək etməyə hazır olduğuna əmin edib. O vurğulayıb ki, “Ukraynadan gələnləri qaçqın hesab etmir, onlar qonağımızdır”.
“Ukraynalılar Rusiyanın təcavüzü nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan bizim qardaşlarımız və qonşularımızdır”, – deyən Anjey Duda həm hərbi, həm də humanitar sahədə göstərdiyi dəstəyə görə Co Baydenə təşəkkür edib.
Yeri gəlmişkən, Polşa sərhəd xidmətinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri bu ölkəyə 2,24 milyon qaçqın köçüb.
Natiq Səlim,
KONKRET.az
