“Bayraktar” Krım səmasında – Ukrayna ordusundan gözlənilməz həmləbackend

“Bayraktar” Krım səmasında – Ukrayna ordusundan gözlənilməz həmlə

Co Baydenin prezident seçilməsi Rusiyanın siyasi və ekspert dairələrində ehtiyatla qarşılanıb. Bunun səbəbi odur ki, Kremldə Baydenin Ukraynanı işğal altındakı torpaqlarını azad etmək məqsədilə Rusiyaya qarşı müharibəyə sövq edə biləcəyindən narahatdırlar.

KONKRET.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert rusların bu qənaətə gəlmələrinin səbəblərinə də toxunub:

“Birincisi, Bayden sələfi Donald Trampdan fərqli olaraq Rusiyanı Amerikanın əsas düşməni hesab edir.

İkincisi, Barak Obamanın prezident olduğu illərdə Ukrayna mövzusunu vitse-prezident Baydenə həvalə etmişdi. Bayden dəfələrlə Kiyevə səfər etmişdi. Bayden bu səfərləri zamanı Ukraynadakı separatçılıq və onun nəticələri barədə kifayət qədər məlumat əldə etmişdi.

Bu iki səbəbi əllərində rəhbər tutan Kreml Baydenin prezidentliyinin Rusiya üçün ciddi başağrısına çevriləcəyini proqnozlaşdırır. Bu istiqamətdə artıq ciddi siqnallar gəlməkdədir. Bir neçə gün əvvəl rus hərbçiləri Krımın şimal hissəsinin səmasında “Bayraktar” pilotsuz uçuş aparatların uçduğunu qeydə alıblar. Bəllidir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki hərbi uğurunda “Bayraktar” aparatlarının rolunu yüksək qiymətləndirərək Türkiyədən 49 pilotsuz uçuş aparatı alıb. Ukrayna Türkiyə ilə birgə bu aparatların birgə istehsalının hazırlıqlarına da başlayıb. Rusiyanın hakim və ekspert dairələri Ukraynanın “Bayraktar”ları əldə etdikdən bu yana Kiyevin müharibə hazırlıqlarına başladığını iddia etməyə başladılar. İndi isə rus hərbçilər həmin “Bayraktar”ları Krım səmasında görürlər”.

Elxan Şahinoğlu qeyd edib ki, noyabrın 26-da isə Ukraynanın silahlı qüvvələri Mariupol şəhəri istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçiriblər:

“Ukrayna ordusu separatçı “Donetsk Xalq Respublikası”nı Mariupol istiqamətində Vodian və Ujovk yaşayış məntəqələrini azad ediblər. Döyüşlərin davam etməsinə dair xəbərlər var. Kiyevdə anlayıblar ki, Moskva ilə danışıqlar nəticə verməyəcək. Kreml Donbası Ukraynanın tərkibində görmək istəmir. Ona görə də Ukraynanın siyasi və hərbi dairələrində hərbi təzyiq elementindən istifadəyə üstünlük verməyə başlayıblar. Əlbəttə, bu, Ukraynanın genişmiqyaslı müharibəyə başlaması anlamına da gəlmir. Ukrayna üçün risklər çoxdur.

Ukraynada Azərbaycan nümunəsindən çox danışırlar. Ancaq Azərbaycan Ermənistana qarşı savaşırdı. Rusiya Ermənistan üzərindən Dağlıq Qarabağ separatçılarına hərbi texnika göndərsə də, bunun işğalçılara xeyri olmadı. Çünki Azərbaycan Ordusu hərbi texnikanın mütləq əksəriyyətini darmadağın etdi. Ukrayna 2014-cü ildə olduğu kimi müharibəyə başlasa yenə Rusiya ilə üz-üzə qalacaq”.

Ekspert bildirib ki, Baydenin Amerika prezidenti seçilməsi və Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması Ukraynanı xeyli həvəsləndirib:

“Mariupol Ukrayna üçün strateji şəhərdir, Azov dənizinə çıxışı var. 2014-cü ildə Donbas separatçıları Maripolu ələ keçirməyə çalışırdılar. Bu baş versəydi, separatçıların dənizə çıxış imkanı yaranacaqdı. Mariupol fabrik və zavodları ilə də məşhurdur. Separatçılar şəhər sakinlərinin bir qisminin onlara simpatiya ilə yanaşmasından da istifadə etməyə çalışırdılar. Ancaq olmadı. Ukraynada yeni formalaşan ordu birlikləri 2014-cü ildə Mariupola daxil olaraq separatçılara strateji şəhəri işğal etməyə imkan vermədilər. İndi isə Ukrayna ordusu separatçıları Mariupol ətrafından uzaqlaşdırmağa çalışır. Çünki Kiyevdə hesab edirlər ki, Moskvanın və separatçıların gələcək planında Mariupolun ələ keçirilməsi əsas vəzifələrdən biri sayılır. Krıma gəldikdə isə Kiyev “Bayraktar”lar vasitəsilə havada Rusiyaya üstünlüyünü göstərməyə çalışır. Eyni ilə Azərbaycan da Ermənistanla savaşda “Bayraktarlar” vasitəsilə hava üstünlüyünü tamamilə ələ keçirmiş və işğalçının bütün texnikasını məhv etmişdi”. (teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*