ABŞ dövlət katibi Marko Rubio İrana qarşı əlavə hərbi əməliyyatların keçirilməsinə ehtiyac olmadığını bildirib.
KONKRET.az bildirir ki, AP agentliyinin məlumatına görə, Rubio bu barədə noyabrın 13-də, cümə günü açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqtonun zəifləmiş İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq artıq kritik həddə çatıb.
Onun fikirləri ABŞ Prezidenti Donald Trampın müharibənin hərbi baxımdan “faktiki olaraq başa çatdığı” barədə son açıqlaması ilə səsləşir.
“Düzünü desəm, hazırda bu rejimə vurduğumuz iqtisadi zərər o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac yoxdur. Biz onları ciddi şəkildə zəiflətmişik. Lakin hesab edirəm ki, qələbə İranın heç vaxt nüvə silahına sahib olmamasına zəmanət verməkdir”, – deyə dövlət katibi vurğulayıb.
Bununla yanaşı, Rubio müharibənin ABŞ iqtisadiyyatı üçün də müəyyən fəsadlar yaratdığını etiraf edib. Onun sözlərinə görə, hərbi qarşıdurma yanacağın qiymətinin artmasına səbəb olaraq amerikalılara da iqtisadi baxımdan təsir göstərib.
Dövlət katibi bildirib ki, Donald Tramp İranın nüvə proqramından qaynaqlanan təhlükəni görməzdən gələ, populyar olmayan müharibədən yayınaraq problemi növbəti prezidentin öhdəsinə buraxa bilərdi. Lakin Ağ Ev rəhbəri bu məsələyə cavabsız qalmaq istəməyib.
“Bu, ağırdır. Asan deyil və çətindir. Çox vaxt iqtisadi və digər baxımdan ağrılı nəticələrə səbəb olur. Biz bunu etiraf edirik”, – deyə Rubio fikirlərini yekunlaşdırıb.
Günay Əli
KONKRET.az
