Böyük Britaniyaya vizaların rəsmiləşdirilməsi 8 aprel tarixindən etibarən bahalaşacaq.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, demək olar ki, bütün viza növlərində qiymət artımı müşahidə olunacaq. Qısamüddətli (6 aya qədər) turizm vizasının rüsumu 127 funt sterlinqdən 135 funt sterlinqə yüksələcək. 2 illik qonaq vizası 475 funtdan 506 funtadək, 5 illik qonaq vizası isə 848 funtdan 903 funtadək bahalaşacaq. Ən böyük artım 10 illik qonaq vizasında qeydə alınacaq — bu viza 1059 funtdan 1128 funt sterlinqə qalxacaq.
Tələbə vizasının qiyməti 524 funtdan 559 funt sterlinqə yüksələcək. Şəxsi tibbi müalicə üçün verilən viza 14 funt bahalaşaraq 234 funt olacaq. Vizasız giriş hüququ olan ölkə vətəndaşları üçün elektron giriş icazəsinin qiyməti 16 funtdan 20 funta qalxacaq. Hava limanı tranzit vizası isə 70 funtdan 74,5 funt sterlinqə qədər artacaq.
