“İran və ABŞ arasında son dövrlərdə müşahidə olunan nisbi sakitlik daha çox taktiki fasilə təsiri bağışlayır. Çünki tərəflər arasında əsas ziddiyyətlər aradan qalxmayıb. İranın nüvə proqramı, regional təsir imkanları, Hörmüz boğazının təhlükəsizliyi, İsrail faktoru və ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu əvvəlki kimi gündəmdə qalır. Sadəcə hazırkı mərhələdə həm Vaşinqton, həm də Tehran böyükmiqyaslı qarşıdurmanın risklərini hesablayır və birbaşa toqquşmadan yayınmağa çalışır”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

“ABŞ üçün regionda yeni müharibənin iqtisadi və siyasi yükü ağır ola bilər, İran isə daxili iqtisadi təzyiq və sanksiyalar fonunda uzunmüddətli eskalasiyanın nəticələrindən ehtiyat edir. Buna görə tərəflər müəyyən qədər kontrollu və ölçülü davranmağa üstünlük verir”.
Politoloq qeyd edir ki, bununla yanaşı, gələcəkdə yenidən hərbi və siyasi gərginliyin artması ehtimalı kifayət qədər yüksək olaraq qalır.
“Çünki bölgədə vəziyyət çox həssasdır və kiçik bir insident belə sürətlə böhranı böyüdə bilər. Xüsusilə İranın regiondakı müttəfiq qüvvələri ilə bağlı hər hansı toqquşma, Hörmüz boğazında təhlükəsizlik problemi və ya nüvə proqramı ətrafında yeni iddialar gərginliyi yenidən artırmağa qadirdir. Digər vacib məqam isə ABŞ daxilində siyasi dəyişikliklərin Vaşinqtonun siyasətinə birbaşa təsir etməsidir. Əgər Ağ Evdə daha sərt xətt tərəfdarlarının mövqeyi güclənərsə, diplomatik kanallar arxa plana keçəcək. Ona görə indiki sakitlik tam sabitlikdən çox, qarşılıqlı risk hesablamaları nəticəsində yaranmış müvəqqəti balans kimi görünür”.
Müşviq Tofiqoğlu
KONKRET.az
