Bütün hallarda Lukaşenko “qurbanlıq keçidir” – ANALİTİKAbackend

Bütün hallarda Lukaşenko "qurbanlıq keçidir" - ANALİTİKA

Mirzə Rəşad Bakuvi

Bu Lukaşenko rəsmi Moskvanın nəyinə lazım? Belarus diktatorunu dəstəkləməklə, yaxud onu xilas etməklə, Ukraynadan sonra Qərblə konfrantasiyada Rusiyaya ikinci cəbhə lazımdırmı? Lukaşenko üçün çəmbər getdikcə daralmaqdadır.

Daha bir sərt “şapalaq” Avropa İttifaqından gəldi. Qurum onun özünü prezident elan etməsini legitim saymadı. Həm daxildə xalqın etimadını itirmiş, həm də ciddi legitimlik problemi yaşayan “Batka” üçün çıxış qapısı görünməkdədir. Xalq və ona mübarizəsində mənəvi-siyasi dəstək verən Qərb artıq sərhədlərində xeyli mənfi imicilə məşhurlaşan diktatordan qurtulmaqda qərarlıdır.

Məsələ burasındadır ki, Lukaşenko da anlayır ki, artıq zorakılıq da onu xilas etməyəcək, çünki nə Ordu, nə də hüquq-mühafizə orqanlarının generallarından bununla bağlı dəstək ala bilib. Kimsə xalqla düşmən olmaq istəmir, kimsə tarixə xalqının qanını tökən general, əsgər, zabit adıyla düşmək istəmir. Hər gün xalqın sıralarına minlərlə sistem işçisinin qoşulması haqqında xəbərlər də diktatora əlavə psixoloji təzyiq yaradır.

Belarusun ən böyük zavod və fabriklərinin, həyati vacib təşkilatlarının on minlərlə işçisi ümumxalq tətillərinə qoşulmaqdadırlar. Görün hansı vəziyyətdirsə, adam çarəsizlikdən dünən-srağagün it-pişik münasibətində olduğu RF prezidenti Vladimir Putinə zəng vurub kömək istəyib. Həm də belə bir həyasız arqumentlə ki, bəs guya yaxınlaşan təhlükə təkcə Belarus yox, Rusiya üçündür! Artıq indidən ölkədə xalqın onun qurduğu idbar sistemə qarşı səmimi etirazlarını və dəyişim arzusunu Qərblə əlaqələndirməyə başlayıb adam.

Putinə həyəcan təbili çalır ki, ay aman, Belarusu itiririk! Yadıma bilirsiz nə düşdü? 1945-ci ilin aprelində Sovet Ordusu Berlinin 65 km-də dayanmışdı və son hücuma hazırlaşırdı. Avropanı sosializmə qurban verməmək üçün diktator Adolf Hitler çarəsizcə cəbhədə başqa bir düşməni olan ingilislərə çağırış ünvanlayırdı ki, nə edirsiz edin Reyxstaqa İngilis-ABŞ ordusu Sovet ordusundan tez yetişsin.. İndi bir vacib sual hamını düşündürür. Putin Lukaşenkonu xilas edəcəkmi və ya xilas edə biləcəkmi?

Edəcəksə, necə edəcək? Məlumdur ki, Putinin Lukaşenkonu xilas edə bilməməsi, post-sovet məkanındakı digər avtoritar-dostları narahat edə bilər. Axı bu “diktatorlar klubu” fəaliyyətlərini sinxronlaşdırıblar, az qala bir-birinin klonlarıdırlar. Eyni zamanda, Belarusda diktaturanın yenilməsi Putinin özü üçün də sonun başlanğıcı ola bilər. Çünki dərhal sırada kimdir proqnozu bütün siyasi icmalların baş sualına çevriləcək… Hardan baxırsan bax, vəziyyət həm Putin, həm də Lukaşenko üçün qəlizdir..

Məsələ burasındadır ki, xalqın etimadını bu səviyyədə itirən Lukaşenko heç Putinə də lazım olmaya bilər. Zatən Lukaşenko daim geopolitik hiyləgərliyi və bazarlığı yaxşı bacardığından, həm Putindən, həm də Qərbdən zaman-zaman divident almağa nail olurdu. Putin onun çox paxırını bağlayıb, istər maddi, istər siyasi və mənəvi. Ancaq vəziyyət artıq fərqlidir. Lukaşenko, hətta zor gücünə bu vəziyyəti biraz uzatsa belə, ümumi prosesi çoxdan uduzub. Məğlubiyyət xofu isə onun isterikasını artırıb, daha təhlükəli tipə çevirib, beynəlxalq siyasi dairələrlə manevr yollarını qapadıb, yeganə yolu var, o da uçurum. İndi ümidi Putinə qalan “Batka” ya sığınacaq alıb canını qurtaracaq, ya da xalqa qaşıdurmaya gedib özünü fiziki-mənəvi yox edəcək.

Məsələnin ən maraqlı cəhəti odur ki, bu duruma düşən Lukaşenko Moskvanın nəyinə lazımdır? İndən belə onu və siyasi sistemini maliyyələşdirməyə Rusiyanın büdcəsi yetməz, çünki özünün daxildə nə qədər sıxıntıları var pul sarıdan. Bir də ki, siyasi-mənəvi cəhətdən Rusiyaya qarşı köklənmiş bir Belarus cəmiyyətinə maddi dəstək vermək rəsmi Moskvanın könlüncə olmayacaq. İkincisi, Belarusdakı olaylara Qərbin indiki çox sərt reaksiyası fonunda Lukaşenkonu xilas etməsi Putinə Qərblə konfrantasiyada Ukraynadan sonra daha bir mürəkkəb cəbhə açacaq ki, çətin Putin administrasiyası bunu arzulaya.

Çünki hazırda sanksiyalarla Rusiyanı sıxan Qərblə münasibətləri düzəltmək üçün Putin gizli ajanlarla Avropa siyasətçilərini dilə tutmaqla məşğuldur. Uzun sözün qısası, Putin administrasiyası da çətin vəziyyətdədir, həm də indən belə Putin Belarus dövlətilə bir ittifaqda birləşmək illüziyalarından da gərək əl çəksin, daha inanmıram ki, kimsə Belarus xalqına bunun son çarə olduğunu inandıra bilsin. Belarus xalqı hazırkı vaxtda həqiqi siyasi azadlıqlara bir təşnədir… Hər iki diktator üçün daha bir və ən pis çıxış yolu da var, bu da odur ki, Putin Lukaşenkonu hərbi cəhətdən dəstəkləyir, rus tanklarını Minskə göndərir, Belarusda faktiki vətəndaş müharibəsi başlayır, bununla da Putin çoxdandır kənarda qaldığı və Qərb siyasi dairələrilə sino getdiyi siyasi bazarlıq meydanına geri dönür.. Ancaq faciə vəd edən bu qorxulu ssenari Putinin özünün də sonu ola bilər.

Hakimiyyəti qorumaq üçün qardaş qanını tökməyi Rusiya xalqı Putinə heç vaxt bağışlamaz, beynəlxalq siyasi nəticələri isə ağır olar! Görünən o ki, bütün hallarda Lukaşenko “qurbanlıq keçidir”. Belarus daha əvvəlki kölə, müti Belarus olmayacaq. Xalq arzuladığı və istədiyi siyasi azadlığını əldə edəcək. Ancaq bir qorxulu tendensiya da ağır siyasi proseslərin fonunda ölkədə iqtisadi və sosial sıxıntıların meydana gəlməsidir. Belarus xalqı faktiki humanitar böhran astanasındadır və Qərb bunu nəzərə almalıdır.. Gözləyək, görək proseslər bizi hara aparır, daha doğrusu, Belarus xalqını..

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*