Asiya sosial mediasında Ukrayna münaqişəsinə reaksiyalar əsasən Rusiyayönlü olub. Əhalinin bu məsələdə Rusiyanı dəstəkləməsinin bir neçə səbəbi var.
KONKRET.az-ın məlumatına görə, “Indian Narrative” yazır ki, bu, cəmiyyətdə güclü anti-Amerika və anti-Qərb əhval-ruhiyyəsi ilə bağlıdırdir.
Cənub-Şərqi Asiya dövlətlərinin Ukrayna münaqişəsinə münasibətini şərtləndirən iki amil var. Birinci amil onların ənənəvi olaraq başqa ölkələrin daxili işlərinə qarışmaması və uzaq dövlətlərə münasibətdə neytral mövqe tutmasıdır. İkinci amil isə hərbi əməliyyatların geosiyasi nəticələri və bununla bağlı narahatlıq hissi keçirən kiçik dövlətlərin öz böyük qonşularına güvənsizliyi ilə əlaqəlidir. Yeganə istisna isə Sinqapurdur. Sinqapur əməliyyatın əvvəlindən Moskvanı beynəlxalq hüquq normalarını və suveren dövlətlərə təcavüzü qadağan edən BMT Nizamnaməsini pozaraq Ukraynaya təcavüz etməkdə qınadı. Baş nazir Li Hsien Loong xəbərdarlıq edib ki, beynəlxalq münasibətlər “kim daha güclüdürsə, o haqlıdır” prinsipi əsasında qurulsa, dünya Sinqapur kimi kiçik ölkələr üçün təhlükəli yerə çevriləcək.
Regionun qalan 9 ölkəsi BMT Baş Assambleyası fövqəladə iclasında Rusiyanın Ukraynadakı əməliyyatını kəskin şəkildə pisləyənə və dərhal atəşkəsə çağırana qədər bitərəf qaldı. Bu qətnaməni 141 dövlət, o cümlədən Cənub-Şərqi Asiyanın səkkiz ölkəsi, həmçinin İndoneziya, Malayziya, Sinqapur, Filippin, Bruney, Tailand, Kamboca və Myanma dəstəkləyib. Vyetnam və Laos isə bitərəf qalıb.
Müxtəlif ölkələrin bu münaqişəyə fərqli reaksiyaları var. İndoneziya hələ əməliyyat başlamazdan əvvəl Rusiyanı Ukrayna ilə mübahisəni sülh yolu ilə həll etməyə çağırırdı və hərbi əməliyyatın pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpasını poza biləcəyi barədə xəbərdarlıq edirdi. Fevralın 24-də prezident Coko Vidodo xüsusi əməliyyatı dayandırmağa çağırıb və Xarici İşlər Nazirliyi Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozan istənilən hərəkəti pisləyib. İndoneziya əvvəlcə Rusiyanın adını çəkmədən qeyri-müəyyən bəyanatlar verməklə kifayətlənsə də, sonradan həm BMT Baş Assambleyasının, həm də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının qətnaməsinə görə mövqeyini dəyişdi.
Xüsusi əməliyyatın başlanmasından iki gün sonra Bruney Xarici İşlər Nazirliyi “hər hansı bir dövlətin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün pozulmasını” pisləyən bəyanat yaydı. Hərbi əməliyyatların başlanğıcında Filippin bu məsələdə tamamilə səssiz qaldı. Filippinin müdafiə naziri Delfin Lorenzana bildirdi ki, ölkəsi münaqişədən təsirlənmədiyi üçün neytral qalacaq. Bu mövqe Filippinin Çinlə mübahisəsində Cənubi Çin dənizi məsələlərini beynəlmiləlləşdirmək cəhdləri ilə tamamilə ziddiyyət təşkil edir. Lakin münaqişə davam etdiyi və Ukrayna dağıntılar və itkilərlə üzləşdiyi bir vaxtda Filippin Rusiyanın hərəkətlərini açıq şəkildə pislədi.
Malayziyanın baş naziri İsmayıl Sabri Yaakob daha ehtiyatlı mövqe tutub və Ukraynada baş verən hadisələrdən kədərləndiyini bildirib. Daha sonra onun ofisi bəyanatında “ciddi narahatlıq” ifadəsinə yer verib və bütün tərəfləri münaqişənin gərginliyini azaltmağa çağırıb. Taylandın cavabı az-çox Malayziyanın mövqeyinə bənzəyib. Rəsmi Banqkok “dərin narahatlığını” ifadə edib və münaqişənin dialoq yolu ilə həllinə çağırıb.
Kamboca da neytral mövqe tutaraq münaqişənin sülh yolu ilə həllini arzuladığını bildirib. Moskvanı incitməməyə çalışan Vyetnam münaqişədən “dərin narahat olduğunu” açıqlayıb və “müvafiq tərəflərin” təmkinli davranmalı, beynəlxalq hüquqa riayət etməli və sülh yolu ilə həll axtarmalı olduğunu bildirib. Çünki Rusiya son 20 ildə onun ən mühüm hərbi tərəfdaşı olub. Laos da Vyetnam kimi Moskva ilə uzunmüddətli münasibətlərini korlamaq istəməyib və onu Ukraynada xüsusi əməliyyat keçirdiyinə görə tənqid etməyib. Buna görə də o, BMT-də keçirilən səsvermədə bitərəf qalıb. Myanma öz hərbi xuntası ilə Rusiyanın hərəkətlərini açıq şəkildə dəstəkləyən yeganə Asiya ölkəsidir. Myanma ölkənin qanuni seçilmiş hökumətinin devrilməsi səbəbindən praktiki olaraq beynəlxalq təcrid vəziyyətində olduğundan, onu silahla və digər ehtiyacları ilə təmin edən Rusiya və Çindən çox asılıdır. Ona görə də bu ölkənin seçimi yoxdur və o, Moskvanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməyə məcburdur.
Lakin sosial media reaksiyaları (əsasən İndoneziya və Malayziya kimi Cənub-Şərqi Asiya ölkələrində) Rusiyayönümlü olub. İndoneziyada çoxları hətta Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyib.
Onların bu məsələyə reaksiyası Qərbə hörmətsiz yanaşmaları ilə bağlıdır. Bu münaqişəni NATO-nun Rusiyanın təsir dairəsinə keçməsinə cavab kimi təqdim etməyə üstünlük verən bəzi İndoneziya alimləri də fikirlərin formalaşmasına təsir göstərir. Eyni münasibət Rusiyanı Qərblə mübarizə aparan revizionist güc kimi görən Çində də mövcuddur.
Müşviq Tofiqoğlu,
KONKRET.az
