Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə erməni təxribatını müzakirə edib – FOTObackend

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə erməni təxribatını müzakirə edib - FOTO

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qarşı tərəfi səmimi salamlayan nazir Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğulayıb.

Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı bu günədək sərgilənən birmənalı dəstək ilə bağlı təşəkkürünü ifadə edən nazir, Baş katibin raket atəşinə məruz qalan Gəncə şəhərinə səfər etməsinin Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri ilə yerində tanış olmaq baxımından xüsusi önəm kəsb etdiyini və mənəvi əhəmiyyətinin yüksək olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın destruktiv əməlləri barədə qarşı tərəfi məlumatlandırıb. Uzun illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün ciddi təhdid təşkil etdiyi vurğulanıb. Azərbaycanın xoş niyyət nümayiş etdirərək üç dəfə humanitar atəşkəsə razılıq verdiyi və hər üç dəfə də bu humanitar atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulduğu qeyd edilib. Sonuncu Cenevrə danışıqlarında da mülki əhalini hədəf almamaq öhdəliyini götürən Ermənistanın yenidən bu öhdəliyini kobud şəkildə pozduğu və Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutulduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bakıda Türk Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” tədbirinin əhəmiyyətini qeyd edən nazir, Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işlərinin həyata keçiriləcəyi və bununla əlaqədar dövlətimiz tərəfindən bütün səylərin səfərbər ediləcəyini bildirilib.

Öz növbəsində, Baş katib Bağdad Amreyev səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edib. O, Türk Şurasının Azərbaycanın yanında olduğunu və ölkənin haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Baş katib Bağdad Amreyev Bakıda təşkil edilmiş tədbirin əhəmiyyətini təsdiq edərək, bu kimi tədbirlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvafiq layihələrin həyata keçirilməsi və beləliklə də bu ərazilərdə əhalinin yenidən normal həyatının bərpa edilməsinə dəstək olduğunu qeyd edib.

Tərəflər, həmçinin Türk Şurasının qarşıdan gələn zirvə görüşünə hazırlıq, eləcə də təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*