Çin Tayvan boğazında sabitliyi pozmağa yönəlmiş təxribatlara cavab verəcək.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun sözçüsü Vu Çen Tayvan boğazında Çinin maraqlarını təhdid edən təxribatlara qarşı qətiyyətli tədbirləri görəcəklərini bildirib.
Tayvan hakimiyyətinin Ukrayna müharibəsi ilə adadakı vəziyyət arasında oxşarlıq yaratmağa çalışdığını və ABŞ siyasətçilərinin bunu dəstəklədiyini bildirən Vu
“Tayvan Ukrayna deyil. Problem Çinin daxili işidir və xarici müdaxilə qəbuledilməzdir”, – deyib.
Vu heç bir gücün Çinin birləşməsinə mane ola bilməyəcəyini ifadə edib.
Qeyd edək ki, “Vahid Çin” prinsipini qəbul edən Pekin administrasiyası Tayvanın onun ərazisinin bir hissəsi olduğunu bildirir. Çin Tayvanı dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır.
İqbal Rzayev,
KONKRET.az
