Diplomatların əvəzinə silahlar danışacaq? – “Azərbaycanla Ermənistan istəməsə belə, müharibə başlaya bilər”backend

Diplomatların əvəzinə silahlar danışacaq? - "Azərbaycanla Ermənistan istəməsə belə, müharibə başlaya bilər"

Ermənistanla şərti sərhəddə dünən və bu gün baş verənlər cəmiyyətdə narahatlıq doğurub. Artıq müharibənin yenidən alovlana biləcəyi barədə ehtimallar səsləndirilir.

Maraqlıdır, son gərginlik müharibəyə səbəb ola bilərmi?

KONKRET.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd bildirib ki, indiki məqamda gərginliyin artması ehtimalı zəifdir:

“Bu hadisələrdən sonra Azərbaycan və Ermənistan öz ordularını dislokasiya yerlərindən çıxarıb əraziyə gətirməyib. Bu, o deməkdir ki, tərəflər müharibə istəmirlər. Ən azı, dirəniş göstərirlər ki, müharibə olmasın. Gərginliyin artması isə yaz-yay aylarına təsadüf edə bilər”.

Bununla belə, ekspert yeni müharibənin baş verə biləcəyini də istisna etməyib: “Bunu Qərbin, xüsusilə də ABŞ mediasının Cənubi Qafqaz regionunda müharibə proqnozlarından da görmək mümkündür”.

Ekspert xatırladıb ki, 12 fevral hadisəsi 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan və Ermənistan sərhədində baş verən ilk silahlı insidentdir.

“Amma Ermənistan tərəfinin xoşagəlməz insidentin araşdırılacağı və müvafiq tədbirlərin görüləcəyi açıqlaması iki ölkənin münaqişə tarixində ilk dəfədir, baş verir. Adətən Azərbaycan hərbçilərini vuran erməni hərbçilərinin mükafatlandırıldığına şahid olurduq”.

Onun sözlərinə görə, bölgədə yeni müharibənin olmasında Qərb və Rusiya maraqlıdır və bu, qaçılmaz ola bilər. “Hətta Azərbaycanla Ermənistan müharibə etmək istəməsələr belə, bu, baş verə bilər. Xüsusilə Zəngəzur dəhlizinin açılmaması və məsələnin uzanması Azərbaycanla Ermənistan arasında gərginliyi artıracaq. Əgər sülh danışıqları nəticəsiz qalsa, yeni müharibə zamanı münaqişə ocağı Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində olacaq”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə KONKRET.az-a açıqlamasında bildirib ki, Ermənistan ona havadarlıq edən Rusiya və Fransa sülh müqaviləsinin imzalanmasında maraqlı olmasa da, yeni müharibə baş verməyəcək:

“Bu, lokal toqquşmadır. Ermənistan ordusunun özünə gəlməsi üçün uzun illər lazımdır. Onlar, yəqin ki, bütün hadisələrdə Azərbaycanı günahlandırmağa çalışacaqlar. Biz öz işimizi görməliyik. Ordumuzun döyüş qabiliyyətini yüksəltməliyik”.

O hesab edir ki, 12 fevral təxribatı gözlənilən idi. “İndi bəziləri diqqəti əsas hədəfdən yayındırmaq üçün müxtəlif versiyalar səsləndirirlər. 12 fevral tarixinə diqət yetirsəniz, şimal qonşumuzun xarici işlər nazirinin müavini Mixail Qaluzinin, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun bəzi açıqlamaları müəyyən ipucları verir. Hesab edirəm ki, dünən sərhədçimizin yaralanması və axşam saatlarında Tovuzda olan gərginlik məqsədyönlü şəkildə və bilərəkdən həyata keçirilib. Ermənistan Müdafiə Nazirliyi də açıq şəkildə etiraf edib ki, onların hərbi polisi bu məsələni araşdıracaq. Artıq araşdırmaya da ehtiyac qalmayıb. Dövlət Sərhəd Xidməti hərbçilərimizə atəş açılan postu darmadağın edib və həmin cinayətkar da cəhənnəmə vasil olub”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*