Dünya Rusiyanı Post-Putin dövründə bölüşdürməyi düşünür – ŞƏRHbackend

Dünya Rusiyanı Post-Putin dövründə bölüşdürməyi düşünür - ŞƏRH

Bir neçə uğursuz həmlədə irimiqyaslı itkilərdən sonra Rusiya komandanlığı anlayıb ki, yay aylarında Ukrayna bataqlığında hərbi uğur qazanmaq mümkün olmayacaq. Təkcə bir uğursuz hücumdə 2 tank batalyonu, çox sayda zirehli texnika, şəxsi heyəti ilə birlikdə məhv edildi.

Ukrayna Ordusu ərazidə lokal üstünlüklərinin miqyasını genişləndirir, artileriyadan mükəmməl effektivliklə istifadə edir. Çünki Qərb ölkələrinin peyk və bütün kəşfiyyat vasitələri rusların demək olar ki, onlayn rejimdə hər bir hərəkətini Ukraynaya ötürür. Artıq havada Rusiya təyyarə və helikopterləri görünmür, səmada üstünlük, xüsusilə də PUA-lar vasitəsi ilə Ukrayna tərəfindədir. ABŞ-ın 40 milyard dollarlıq hərbi yardım paketinin ardınca, Avropa Komissiyası 30 milyard avro əlavə vəsait ayırıb. Ukraynada hərbi əməliyyatlarda bir milyon insan döyüşür ki, onun 200 mini daimi ordu, yerdə qalanları çağırışçı və könüllülərdir. Bu pullar olmadan Ukrayna ordunu təchiz edə bilməzdi.

Dünəndən ruslar Xarkov şəhəri və vilayətindən geri çəkilməyə başlayıb. Qondarma Donbas respublikalarının rezervistlərini isə döyüş mövqelərindən geri çəkirlər. Rusiya hakimiyyəti daxili narazılığı və gənclərin döyüşmək istəmədiyini başa düşür, ölkədə səfərbərlik çağırmağa ehtiyat edir. Sıravi ruslar nə qədər imperiya təfəkkürü ilə yoğrulsalar da, Ukraynada ölməyi mənasız hesab edirlər.

Kadırovun birləşmiş Tik-tok qoşunları isə həmişəki kimi gic-gic videolar quraşdırmaqla Rusiya siyasi hakimiyyətinə yaltaqlıqlarını gündəlik rejimdə həyata keçirirlər. Hər gün isə Çeçenistana və başqa vilayətlərə “200 nömrəli yük” gəlməkdə davam edir. Rusiyanın canlı qüvvə sarıdan itkiləri 30 min nəfərə yaxınlaşır.

Qərb mənbələrinin yaydığı məlumata görə, Rusiya “hər kəs öz yerində qalsın” prinsipi ilə müharibəni bitirəcəyinə dair Ukrayna və Avropa liderlərinə mesajlar göndərib, lakin müsbət cavab ala bilməyib. Ukraynadakı savaş üzərindən hər kəs karlı çıxmağa, sonrakı qaliblə münasibətləri qorumağa və geosiyasi dividentlər qoparmağa çalışır. Buna görə heç bir dövləti qınamaq olmaz, hamı öz dövlət maraqlarından çıxış edir. Qərb ölkələri Rusiyanın sürətli parçalanmasından qorxur, çünki o halda Çin Urala qədər gəlib çıxa bilər. Dünya Rusiyanı Post-Putin dövründə bölüşdürməyi düşünür. Putin sağ olduqca sadəcə Rusiyanı taqətdən salmaqla məşğul olacaqlar. Putinə gəlincə isə Qərb kəşfiyyatının məlumatına görə, onkoloji xəstəlikdən əziyyət çəkən Rusiya Prezidentinin vəziyyəti ruscadır və bu ilin avqustunda səhhəti ilə əlaqədar hakimiyyəti başqa bir şəxsə ötürə bilər.

Müəllif: Əli Məhərrəmli

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*