İrəvan və Bakı arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyiş fonunda ictimai rəydə dəyişikliklərin təmin olunması hər iki ölkə hökumətləri üçün əsas vəzifələrdən biri olaraq qalır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir aparatının rəhbəri Araik Arutyunyan bəyan edib.
Onun sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasında uzun illər davam edən münaqişə həm erməni, həm də Azərbaycan cəmiyyəti üçün hələ də həssas mövzu olaraq qalır.
Arutyunyan bildirib ki, ikitərəfli münasibətlərdə artıq əhəmiyyətli irəliləyiş əldə olunub. O, xüsusilə 8 avqust 2025-ci ildə keçirilmiş Vaşinqton sammitinin nəticələrini qeyd edib.
Baş nazir aparatının rəhbərinin sözlərinə görə, iqtisadi marşrutların blokdan çıxarılması prosesi tədricən həyata keçirilir, infrastruktur inkişaf etdirilir və logistika zəncirləri sadələşdirilir.
“Artıq müxtəlif ölkələrdən gələn mallar Azərbaycan ərazisindən keçməklə daha qısa marşrutlarla Ermənistana çatdırılır. Əminəm ki, yaxın vaxtlarda əks istiqamətdə də tədarüklər bərpa olunacaq. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilir, ölkə rəhbərləri fəal ünsiyyət qurur. Bu isə onu göstərir ki, biz uzun yol qət etmişik və nizamlanma prosesi çox sürətlə irəliləyir.
Təxminən 40 illik tarixə malik münaqişələrin adətən daha yavaş həll olunduğunu nəzərə alsaq, bu, müəyyən mənada istisna haldır”, – deyə Arutyunyan vurğulayıb.
O, əlavə edib ki, Ermənistan cəmiyyəti TRIPP (“Tramp Marşrutu”) layihəsinin ölkə və onun təhlükəsizliyi üçün əhəmiyyətini hələ tam şəkildə dərk etmir.
“Bu layihə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan kritik əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırkı mərhələdə biz – cəmiyyət, Ermənistan vətəndaşları bu marşrutun ölkəmiz və təhlükəsizliyimiz üçün nə dərəcədə vacib olduğunu hələ tam anlamamışıq”, – deyə o, bildirib.
Arutyunyanın sözlərinə görə, layihə çərçivəsində dünyanın aparıcı iqtisadiyyatı olan ABŞ Ermənistan infrastrukturuna ciddi investisiyalar yatırır. Bu isə həm infrastrukturun qorunmasını, həm də ölkə üçün mühüm iqtisadi dividendləri nəzərdə tutur.
O, qeyd edib ki, TRIPP marşrutu faktiki olaraq şərqdən qərbə yükdaşımaların həyata keçirilməsi üçün azsaylı alternativlərdən biridir.
Baş nazir aparatının rəhbəri əlavə edib ki, TRIPP Development Company şirkətinin yaradılması ilə bağlı ABŞ tərəfi ilə danışıqlar və praktiki iş davam edir.
“Əhəmiyyətli irəliləyiş əldə etmişik və proses arzu olunan tempdə davam edir. İstərdik ki, bir qədər daha sürətli olsun, lakin proses təbii şəkildə inkişaf edir və yaxın zamanda yerlərdə praktiki işlərə başlanılacaq”, – deyə Araik Arutyunyan bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
