“Ermənistanı himayə edən ölkələr Azərbaycanın tələbləri qarşısında geri çəkiləcək” – AÇIQLAMAbackend

"Ermənistanı himayə edən ölkələr Azərbaycanın tələbləri qarşısında geri çəkiləcək" - AÇIQLAMA

Neçə vaxtdır ermənilərin siyasi manipulyasiya mövzusuna çevirdiyi “humanitar fəlakət” mövzusu da qapandı. Azərbaycanın təklif etdiyi Ağdam – Xankəndi yolundan imtina edən ermənilər başqa çıxış yollarının qalmadığını bilsələr də, havadarlarının dəstəyinə ümid edirdilər. Amma reallıq fərqlidir və ermənilər də həmin reallığı qəbul etməyə məcburdurlar.

Reinteqrasiyanın başlaması üçün əhəmiyyətli şərtlərdən olan Ağdam marşrutunun işə düşməsi həm də Azərbaycanın siyasi iradəsini ortaya qoydu.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Tural Əliyev bildirib ki, Ağdam – Əsgəran – Xankəndi yolu ilə Azərbaycana məxsus yük maşınlarının Xankəndiyə daxil olması Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir:

“Çünki o vaxta qədər bir çox beynəlxalq təşkilatlar, bəzi dövlətlərin vəzifəli şəxsləri çalışırdılar ki, Ağdam – Xankəndi yolu, ümumiyyətlə, gündəmə gəlməsin. Yalnız Laçın yolu açılsın. Azərbaycana təzyiq etməklə Ermənistan ərazisindən Xankəndiyə yüklər daşınsın. Amma buna nail ola bilmədilər və rəsmi Bakı bu məsələdə bir addım geri çəkilmədi. Söz verdiyi kimi, “yalnız Ağdam – Xankəndi yolu açıldıqdan sonra paralel Laçın yolundan da yük daxil ola biləcək” bəyanatına əməl etdi və Qırmızı Xaç Komitəsinə aid yük maşınları Laçın yoluna daxil oldu. Bu o deməkdir ki, Bakı növbəti dəfə beynəlxalq ictimaiyyətə bir mesaj ünvanladı ki, Qarabağ Azərbaycanın daxili işidir və orada yaşayan erməniəsilli sakinlər də Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, reinteqrasiya prosesi qaçılmazdır və sülh yolu məhz bundan keçir. Buna mane ola biləcək hər hansı dövlət və ya dövlətlər Azərbaycanın növbəti tələbləri qarşısında geri çəkilməli, reallıqla barışmalı olacaqlar. Çünki regionda sülh istəyən qüvvələr yalnız reinteqrasiya prosesinə kömək etməlidirlər. Bu prosesin qarşısını almağa çalışmamalıdırlar”.

Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin ləğv edilməsinə də toxunan politoloq əlavə edib ki, bu proses əvvəl-axır baş verməlidir: “Qarabağ ərazisindəki qanunsuz erməni yaraqlıları sülhə təhdiddir. Eyni zamanda, qanunsuz hərbi birləşmələr Qarabağ ərazisində qaldıqca eskalasiya ehtimalını hər zaman saxlayır. Həmin yaraqlılar dərhal, qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əks halda onlar anti-terror əməliyyatı üçün legitim hədəfdir. Çünki orada qaldıqca, Azərbaycan Ordusuna qarşı daim təxribatlar törədəcəklər və gələcəkdə dinc əhalinin köçürülməsinə ciddi təhlükədirlər.

Azərbaycan bir daha bəyan edir ki, müharibə istəmir və sülh imkanları bitməyib. Bu isə qarşı tərəfə və Ermənistanın arxasında dayanan havadarlarına mesajdır”, – deyə politoloq fikrini tamamlayıb.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*