Ermənistan siyasi dairələrində Paşinyan hakimiyyətinin sərt tənqid edilməsinə səbəb düşmən ölkənin son üç ildə düşdüyü acınacaqlı vəziyyətdir.
Dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Ermənistanın atdığı addımlar, həyata keçirdiyi kurs erməni siyasi ekspertləri qane etmir.
Ölkədə siyasi qütbləşmə isə gündən-günə dərinləşir. Rusiya və Qərbin maraqlarının toqquşduğu Ermənistana Hindistan və İran da boylanmaqda davam edir. Hindistanın İran üzərindən Ermənistanı silahlandırması, İranın isə düşmən ölkəyə dəstəyini davam etdirməsi regionda hərbi-siyasi balansın pozulmasına səbəb olur.
ABŞ-ın hərbi təlimlər keçirməsi, Aİ missiasının Azərbaycanla sərhəddə yerləşdirilməsi Rusiyanı əməlli başlı qıcıqlandırıb. Deməli, Ermənistan tezliklə oturduğu iki stulun biri ilə vidalaşmalıdır.
Əks halda düşmən ölkə iki qütbün arasında məhv olacaq və dövlətçiliyini tamamilə itirəcək.
KONKRET.az xəbər verir ki, erməni siyasi ekspert Artur Xaçikyan hesab edir ki, Ermənistan dövlətçiliyinə təhlükəni Nikol Paşinyan yaradır: “Belə təəssürat yaranır ki, Ermənistanın məğlubiyyəti üçün hər şey edilir. Biz sanki qəsdən məğlubiyyət yolundayıq və vəziyyəti daha da gərginləşdirmək üçün çalışırıq”.
Hakimiyyətin anti-Rusiya addımlarından danışan Xaçikyan qeyd edib ki, bununla Ermənistan hakimiyyəti Bakının imkanlarını genişləndirir. Ekspert Qərbin razılığı ilə mövcud vəziyyətin və qarşıdan gələn yeni eskalasiyanın baş verə biləcəyini istisna etməyib: “Dünya böyük müharibəyə doğru irəliləyir. Biz isə ətrafımızda baş verənləri anlamalıyıq. Təkcə Ukraynada deyil, Qara dənizdə də eskalasiya müşahidə olunur. Qərb Ukraynaya uzaqmənzilli raketlər verməyi planlaşdırır.
Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti Rusiyanı Türkiyə və Azərbaycana qarşı müharibəyə sürükləməyə və bununla da ikinci cəbhə yaratmağa çalışır”.
Xaçikyan hesab edir ki, Rusiya vəziyyətə müdaxilə etməsə, Ermənistan müttəfiqini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edəcək və Rusiyanın regionu tərk etməsini tələb edəcək. Əgər Rusiya müdaxilə etsə, o zaman onun üçün ikinci cəbhə açılacaq. Eyni zamanda, ekspert Rusiyanın hazırkı vəziyyətə müdaxiləsini şübhəli sayır.
Beləcə, Cənubi Qafqaz ermənilərin əli ilə çalxalanır. Böyük oyunçuların əlində alətə çevrilən Ermənistan bütün ümidlərini Qərbin regiona gəlməsinə bağlayıb. Amma Paşinyanın düşündüyü gediş çox təhlükəlidir və hər an Ermənistanın məhvi ilə nəticələnə bilər. Paşinyan buna etinasız yanaşsa da, erməni siyasi elitası onları gözləyən fəlakətin fərqindədir.
Vəli Həsənov,
KONKRET.az