Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – VİDEO + FOTOLARbackend

Fərhad da, Polad da, Bülbül də öz yuvasında... - VİDEO + FOTOLAR

Şuşalılar artıq Şuşaya qayıdır… 28 ildən sonra Azərbaycanın qəhrəman oğullarının əfsanəvi döyüşü nəticəsində düşmən tapdağından azad edilən Şuşada bu gün şuşalılar addımlayır. Artıq iki məşhur Şuşalı öz yurduna qayıtdı.

KONKRET.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dünən Şuşaya səfər ediblər.

Atası Bülbülün ev muzeyinə baş çəkən səfir həyətlərindəki 150-yə yaxın yaşı olan ağacı qucaqlayaraq “bu ağaca atamın əlləri dəyib” deyərək kövrəlib. Daha sonra Vətən torpağını əllərinə sürtərək hələ də azad Şuşada olduğuna inanmağın çətin olduğunu deyir.

Polad Bülbüloğlu azad Şuşada ilk dəfədir olur, amma Şuşa düşmən işğalında olanda iki dəfə 2007 və 2009-cu illərdə o, Bülbülün evini ziyarət edə bilib. İndi isə Bülbülün evi muzey olacaq. Səfir özü ilə memar da gətirib və bərpa üçün ilkin hesablama işləri aparılıb.

Polad Bülbüloğlu deyir ki, atasının evini ziyarət edərkən keçirdiyi hisslər sözlə ifadə ediləsi deyil:

“Mən xoşbəxtəm. Allaha dua edirəm ki, ölmədim bu günü gördüm. Mənim də yaşım çoxdur, ola bilərdi ki, bu günü, qələbəni görməyə bilərdim. Mən xoşbəxt adamam ki, Azərbaycan xalqının qələbəsini də gördüm, azad Şuşanı da gördüm, atamın evinə qayıtdım və bu gün mən buradayam. Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycanındır! Cənab Prezident bu günləri, bu anları, bu sevinci bizə bağışlayıb”.

P.Bülbüloğlu və Şəmsi Bədəlbəylinin nəvəsi Fərhad Bədəlbəyli daha sonra Şuşanın mərkəzində yerləşdirilən “Güllələnmiş heykəllər”i ziyarət edib. Səfir Şuşanın işğalından sonra ermənilər tərəfindən metallom kimi satılan həmin heykəlləri Heydər Əliyevin tapşırığı ilə necə əldə etdiyindən danışıb.

Bundan sonra məşhur şuşalılar Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinə baş çəkərək Azərbaycan xalqı, Azərbaycan əsgərləri üçün dua ediblər. Onlar, həmçinin Vaqifin məqbərəsini ziyarət ediblər.

Ardınca Cıdır düzündən Topxana meşəsinə baxıb Azərbaycanın Qüdsü, Kəbəsi olan Şuşanın havasını ciyərlərinə çəkərək qürurla doğma yurda qalib xalqın nümayəndəsi kimi, məğrur şuşalı kimi qayıtdıqlarına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.

 

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*