Fransada prezident seçkilərində Emmanuel Makron bütün ölkə üzrə 27,6 faiz səs toplayaraq liderdir. Belə ki, artıq protokolların 97 faizi hesablanıb. Sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen 23,41 faiz səslə ikinci, solçu “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon isə 21,95 faiz səslə üçüncü yerdədir.
Bəs görəsən, Makron bu seçkilərdə qalib gələ bilərmi? Fransada yeni lider seçilərsə bu, Fransa-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, son iki həftəyə qədər seçkilərdə Marin Le Penin ikinci tura keçməsi gözlənilmirdi. Yanvar və fevral aylarının exit-pollarına baxsaq, görərik ki, sorğularda digər namizədlərin adları hallanırdı. Ultra sağçı Mili Birlik partiyasının lideri Marin Le Pen Makronu üstələyərək birinci turu başa vurmuş oldu. Seçkilərdə kimin qalib gələcəyi ilə bağlı fikir irəli sürmək heç də asan deyil. Çünki birinci turun nəticələrinə baxsaq, görərik ki, ki onlar arasında fərq çox deyil. Ukrayna müharibəsində Makronun ABŞ-ın yanında yer alması beynəlxalq güclərin Makron üzərində dayanmasına səbəb oldu. Makron qlobal güclərin istədiklərini yerinə yetirməkdədir. Fransada kimin hakimiyyətə gəlməsi dünyanın siyasi dairələri üçün çox vacibdir. Fransa Avropa İttifaqının siyasi mərkəzi hesab edilir. Çin-ABŞ, Rusiya-ABŞ kimi hegemon dövlətlər arasındakı geosiyasi qarşıdurmada Fransanın oynayacağı rol çox vacibdir. Burada Britaniya-Almaniya arasındakı münasibətləri də unutmamamlıyıq. Ona görə də, seçkilərin nəticələri Avropa dövlətləri üçün çox önəmlidir”.

Politoloq əlavə edib ki, Fransa liderinin dəyişməsi Paris-Bakı münasibətlərinə ciddi təsir etməyəcək:
“Azərbaycanla münasibətlərə gəldikdə isə Fransda kimin hakimiyyətə gəlməsi Azərbaycan üçün o qədər də böyük rol oynamır. Bu dövlət hər zaman ermənipərəst bəyanatları ilə seçilib. Fransa rəsmiləri müəyyən çərçivəyə qədər erməni diasporunun xoşuna gəlmək siyasətini davam edirlər. İstər Makron olsun, istər Le Pen, ümumi ortaq məxrəc dəyişməyəcək. Fransanın Cənubi Qafqaz siyasəti Paris-Ankara, Paris-Moskva arasında olan münasibətlərin nəticəsi kimi dəyərləndirilməlidir və sistemli şəkildə təhlil edilməlidir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
