“Həyat normala dönəcək, amma bu illik…” – Doktor Vasif İsmayılbackend

“Həyat normala dönəcək, amma bu illik...” - Doktor Vasif İsmayıl

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl cari ildə koronarusla mübarizə ilə bağlı geniş müsahibə verib.

KONKRET.az onunla olan müsahibəni təqdim edir:

– Vasif doktor, yanvarın 18-dən Azərbaycanda vaksinasiya başlayıb. Prosesi ilkin qiymətləndirməniz necədir?

– Görünür, TƏBİB vaksinasiyaya yaxşı hazırlaşıb. Çalışdığım xəstəxanada komandalar var, gördüyüm qədəri ilə prosesə kifayət qədər hazırdırlar. Sənədləşdirmə işi düzgün aparılır. Hələ ki, hər hansı şikayət yoxdur.

– Azərbaycan cəmiyyətinin vaksinasiyaya münasibətini necə dəyərləndirirsiz?

– Cəmiyyət çox mürəkkəb bir quruluşdu. Bütün cəmiyyətlərdə eyni tendensiyalar, eyni patternlər (davranış örnəkləri) hiss olunur. Bəli, bizdə bəzi insanlar peyvəndə inanmır və vaksinasiya olunmayacaqlarını deyirlər. Bütün dünyada belələri var. Yəni Azərbaycan cəmiyyətinin çox da fərqli olduğunu düşünmürəm.

– “Peyvənd olunmuram” deyən insanlara nə tövsiyə edərdiniz?

– Onlara nümunə göstərmək və onlarla danışmaq lazımdır. İnsanları məcbur etmək olmaz. Amma əgər karantin rejimindən qurtulmaq istəyiriksə, peyvəndlənməyə getmək məcburiyyətindəyik.

– Bəs vaksinasiyadan imtina edənlər hansı təhlükə ilə üz-üzə qala bilər?

– Əslində əhalinin 60 faizi peyvəndlənsə, qalan insanlar o qədər də təhlükə içərisində olmazlar. Zənnimcə, dünyanın səlahiyyət sahibləri əhalinin 60 faizinin peyvəndlənməsinə çalışacaq. Çünki epidemiologiya belə bir şeydir, əgər əhalinin 60 faizi peyvəndlənirsə, xəstəlik orada yayılmır. Ona görə də bəzi peyvəndlənməmiş insanlar peyvənd olunmuş insanların hesabına təhlükədən sovuşacaqlar.

– Doktor, dünyanın bəzi aparıcı ölkələrində – Avropada, ABŞ-da, eləcə də Türkiyədə kütləvi vaksinasiya prosesinə start verilib. Bu ölkələrin üstünlükləri nədir?

– Əslində üstünlükləri yoxdur. Hər kəs özünə yaxın olan istehsalçı şirkətin peyvəndini götürdü. Hələlikdə kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Çünki bunun üçün əlimizdə obyektiv faktlar yoxdur. Gözləyək, görərik.

Xəstəlik məsələsində inkişaf etmiş və etməmiş ölkələr arasında çox da böyük fərq ortaya çıxmadı. Məsələn, ABŞ inkişaf etmiş ölkədir, amma oradakı hadisələr çox da inkişaf etməmiş İrandakı kimi getdi.

İnkişaf etməkdə olan Azərbaycanda proses inkişaf etmiş ölkələrdən daha yaxşı irəliləyir. Yəni hər cəmiyyət öz bacarığına uyğun davranır. Hesab edirəm ki, hansı peyvəndin daha yaxşı olduğunu, daha uyğun nəticələr verdiyini öyrənmək üçün zamana ehtiyac var.

– Məlumdur ki, Azərbaycan Çinin “Sinovak” şirkətində istehsal olunan “KoronaVak” (CoronaVac) peyvəndinin tətbiqinə üstünlük verdi…

– Şəxsən mən “KoronaVak” olunmaq istəməzdim. Mən üzü Qərbə dönmüş insanam. Amma gəlin Çinin və onun şirkətlərinin haqqını yeməyək. Onlar da bu işi bacarırlar. Burada bir fakt da var, adıçəkilən vaksin Çinin birinci yox, ikinci peyvəndidir. Qardaş Türkiyə öz mütəxəssislərini göndərərək bu peyvəndin istehsalında iştirak edib.

Bunun da müəyyən məqsədləri var. Çünki peyvənd milli təhlükəsizlik məsələsidir. Təhlükəsizlik məsələsində Türkiyəyə güvənirəm. Ona görə də bu peyvəndi qəbul edəcəm.

– Maraqlıdır, özünüzə qalsaydı, hansı peyvəndə üstünlük verərdiniz?

– Yəqin ki, “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi koronavirusa qarşı vaksinə üstünlük verərdim. Amma bir şeyi nəzərə alaq ki, mən həkiməm və uzun illərdir dərman şirkətləri ilə işləyirəm, onların haqqında müəyyən bir fikrə sahibəm. Həmişə “Pfizer”ə güvənmişəm.

– İndi hamını bir sual düşündürür – vaksinasiyadan sonra hər şey sona çatacaqmı, yoxsa virus öz aktivliyini saxlayacaq?..

– Əgər bütün dünya əhalisinin 60 faizindən çoxu peyvənd olunarsa, indiki virus tamamilə yox çıxa bilər. Lakin bu, bir az çətin görünür. Doğrudur, həyat normala dönəcək, amma bu, 2019-cu ilin yox, 2021-ci ilin normalı olacaq. Düşünürəm ki, yeni normativlərə də öyrəşəcəyik.

– Əhali vaksinin müxtəlif yan təsirlərinin olduğundan məlumatlıdır və bundan narahatdır. Sizcə, peyvəndin yaratdığı problemlər qalıcı ola bilərmi?

– Baxır hansı peyvəndə. Fəallığı dayandırılmış (inaktiv) peyvəndlərin çox da ciddi problemləri olmur. Doğrudur, peyvəndin yenə də bəzi problemləri olan və xüsusən də immun sistemi yaxşı işləməyən insanlara vurulması düzgün deyil. Amma göründüyü qədərilə sağlam insana tətbiq olunan bu vaksində ortaya çıxan yan təsirlər müvəqqətidir.

“Pfizer”in peyvəndində də bəzi keçici halların ortaya çıxdığını demək lazımdır. Onu da qeyd edək ki, artıq COVID-19 vaksinasiyası milli peyvənd təqviminə salınıb. /Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*