“İki deyil, dörd adanın hamısını Rusiyadan alacağıq” – Yeni Rus-Yapon müharibəsi başlayır? – ŞƏRHbackend

"İki deyil, dörd adanın hamısını Rusiyadan alacağıq" – Yeni Rus-Yapon müharibəsi başlayır? - ŞƏRH

Sabiq hökumət başçısı Şindzo Abenin kabinetində xarici işlər naziri vəzifəsini tutan, hakim Liberal Demokrat Partiyasından olan  tanınmış siyasətçi Fumio Kisida adıçəkilən partiyanın yeni sədri və ölkənin baş naziri seçilib. Yeni baş nazirin şimal əraziləri üzərində Rusiya ilə mövcud olan problemi (Rusiyaya məxsus Cənubi Kuril silsiləsinin dörd adası Yaponiyada belə adlanır – qeyd) necə həll edəcəyi hər kəsin diqqət mərkəzindədir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Abenin Rusiyadakı diplomatiyasını dəyərləndirən Kişida, “dörd şimal adasının hamısını Yaponiyaya qaytarmaq” üçün səy göstərmək niyyətində olduğunu ifadə edib. Beləliklə də, Kişida 2 adanı və Habomai və Şikotanı geri qaytarmaq üçün Abeanın siyasi xəttindən uzaqlaşdığını diqqətə çatdırıb. Hələ əvvəlki hökumətdə xarici işlər naziri vəzifəsini tutduğu zamanlarda Kişida  baş nazir  tərəfindən irəli sürülən “barışıq diplomatiyasından” narazılığını ifadə edib. Buna görə də, Rusiya tərəfi onun ABŞ-a bağlı olduğunu deyib və tənqid atəşinə tutub.

Kişida isə “Beynəlxalq arenada fəal iştirakımızı nümayiş etdirəcək və milli maraqlarımızı qoruyacağıq” açıqlaması ilə ölkəsinin və dünyanın gündəmini zəbt edib. Kişida xarici və təhlükəsizlik siyasətindən bəhs edərkən,  ABŞ-la əməkdaşlığı davam etdirəcəyini deyib,  lakin Yaponiyanın Rusiya ilə münasibətlərindən bəhs etməyib. Qeyd edək ki, Fumio Kişida Yaponiyanın müasir tarixində ən uzun müddətli xarici işlər naziri olub. Sabiq baş nazir Abenin kabinetində XİN rəhbəri kimi, prezident Putinin 2016 -cı ildə Yaponiyaya səfəri zamanı danışıqlarda fəal iştirak edib.

Lakin cənab Kişida Abe ilə Putin arasında 1956 -cı il Sovet -Yapon Birgə Bəyannaməsinə əsaslanan “Sinqapur müqaviləsi” ilə bağlı konkret pozitiv qeydlərdən yayınıb. Hansı ki, bu müqavilə imzalandıqdan sonra, Rusiya Yaponiyaya iki adanı – Habomai və Şikotanı təhvil verməlidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Abe sadəcə iki adanın Rusiyadan alınıb Yaponiyaya verilməsi üçün çalışsa da, Kişida 4 adanın hamısını istəyir.

Siyasətçilərin fikrincə Kişida LDP sədri vəzifəsinə seçildiyi üçün, onun Abe-nin Rusiya məsələsindəki siyasi xəttindən əhəmiyyətli dərəcədə kənara çıxması şübhə altındadır. Yaponiya Məşvərət Palatasının üzvü və Yapon İntibah Partiyasının lideri ” Kişida Rusiya ilə danışıqlar xəttini dəyişdirsə (Birgə Yapon-Sovet Bəyannaməsi), onda işləməyəcək” deyib.  Bu baxımdan “Mən cənab Kişidadan Abenin Rusiya istiqamətindəki siyasi kursunu davam etdirməsini tələb etdim” – deyə Yapon siyasətçi vurğulayıb.

Digər tərəfdən Rusiya tərəfi Kişidanı “Rusiya haqqında çox sərt açıqlamalar verən yapon siyasətçilərindən biri” kimi xarakterizə edir və Kreml öz ehtiyatlı mövqeyi gücləndirir. Artıq Rusiyanın dövlət agentliyi olan “Tass”da Kişidanın “ABŞ-la strateji bir ittifaqın və Yaponiyanın müdafiəsinin gücləndirilməsinin tərəfdarıyıq” açıqlaması dərc olunub və Yapon siyasətçinin portreti təqdim edilib.  Kişidanın dörd adanı Rusiyadan almaqla bağlı çıxışları isə, bununla bağlı illərdir heç bir irəliləyiş olmaması səbəbindən o qədər də ciddi qarşılanmır.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*