Mənim 33 illik siyasi təcrübəm və müşahidələrim onu deməyə əsas verir ki, ölkəmizdə xoşa gəlməyən halların baş verməsinin əsas səbəbkarları keçmiş kommunistlərdən, komsomoldan və başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır!
Vəzifədə olanların hər birinin tərcümeyi-halı və keçmişi araşdırılmalıdır. 1987-1993-cü illərdə biz Heydər Əliyevin müdafiəsinə qalxanda bu insanlar başqa respublikalarda və başqa qurumlarda qaçıb gizlənmişdilər. Bu tip adamlar fürsətdən istifadə edərək, hakimiyyətdə təmsil olunan bəzi vəzifə sahiblərinin köməkliyi və dəstəyi ilə hakimiyyətin yuxarı eşalonunda özlərinə yer eləmiş (Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı) və məqsədli şəkildə Heydər Əliyevçilərə, YAP-ı yaradanlara qarşı gizli mübarizə apararaq öz arzu və istəklərinə çatmışlar. 1987-1993-cü illər ərzində Heydər Əliyevi müdafiə edənlər, 1992-ci ilin aprelində “Yaş senzi mitinqlərinin “təşkilatçıları”, 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalı, 1992-ci ilin noyabrından YAP-ı yaradanlar, 1994-cü ilin oktyabrında dövlət çevrilişinin qarşısının alınmasında sinəsini qabağa verənlər, 1995-ci ilin martında ikinci dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak edənlər yavaş-yavaş vəzifələrdən uzaqlaşdırılmış, Ulu Öndərə, cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevə sadiq insanlar barədə yanlış, qərəzli məlumatlar verilərək onun komandasından, YAP-ın Siyasi Şurasından və rəhbər strukturlardan uzaqlaşdırılmışlar.
Nəticələr isə göz qabağındadır! Mən inanıram və inanmaq istərdim ki, yaxın zamanda bəzi məsələlərə aydınlıq gətiriləcək, qərəzli və satqın bəzi vəzifəli şəxslərin, o cümlədən YAP-ın rəhbər strukturlarında özlərinə yuva qurmuş əqidəsiz və mövqesiz adamlar ifşa edilərək öz layiqli cəzalarını alacaqlar! İslahatlar dalğası Prezident Administrasiyasında, YAP-da və digər qurumlarda davamlı olmalıdır! Hər bir bir cinayətkar və rüşvətxor öz cəzasını almalıdır, bunu bütün Azərbaycan xalqı tələb edir. Azərbaycan xalqının 90 faizi cənab Prezidentin arxasındadır, əgər lazım gələrsə, Onun və Dövlətimizin müstəqilliyi yolunda Şəhid olmağa hazırıq!