İstanbuldakı erməni məktəblərində Ermənistan vətəndaşı olan uşaqların təhsil almasına qadağa qoyulacaq?backend

İstanbuldakı erməni məktəblərində Ermənistan vətəndaşı olan uşaqların təhsil almasına qadağa qoyulacaq?

Türkiyənin Təhsil Nazirliyinin müfəttişləri İstanbulda fəaliyyət göstərən erməni məktəblərində yoxlamalara başlayıb.

KONKRET.az xəbər verir ki, yaxın vaxtlarda yoxlamaların yunan və yəhudi icmalarına məxsus təhsil müəssisələrini də əhatə edəcəyi bildirilir.

Ermənistanın Ermenihaber.am portalının məlumatına görə, müfəttişlər məktəb direktorlarına bundan sonra Ermənistan vətəndaşı olan şagirdlərin qəbul edilməsinin qadağan ediləcəyini bildiriblər. Onlara həmin uşaqların Türkiyənin dövlət məktəblərinə köçürülməsi təklif olunub.

2012-ci ildə qəbul edilmiş qaydalara əsasən, xarici ölkə vətəndaşı olan uşaqlar milli azlıqların məktəblərində “qonaq şagird” statusunda təhsil ala bilirdilər. Lakin onlar məzuniyyət haqqında diplom almaq hüququna malik deyildilər.

Təxminən 14 ildir tətbiq olunan bu praktikanın qəfil dayandırılması İstanbulun erməni icması və hüquq müdafiəçiləri arasında ciddi narahatlıq yaradıb.

İnsan hüquqları və məzlumlarla həmrəylik assosiasiyası MAZLUMDER hazırda Ermənistan vətəndaşı olan şagirdlərin təhsil hüquqlarının pozulması ilə bağlı faktları araşdırır. Təşkilat Türkiyədə nəşr olunan həftəlik erməni “Agos” qəzetinə bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları, təhsil müəssisələri, aidiyyəti qurumlar və bu qərardan zərər çəkən ailələrlə görüşlər keçirməyə çalışır.

Qeyd olunur ki, bu hadisələr Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin elan edildiyi bir vaxtda baş verir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*