Kamil Musəvi öz hərəkətləri ilə Milli Məclisə layiq olmadığını göstərdi – REAKSİYAbackend

Kamil Musəvi öz hərəkətləri ilə Milli Məclisə layiq olmadığını göstərdi - REAKSİYA

  • Qulu Məhərrəmli: “Millət vəkilliyinə namizəd olan şəxs emosiyalarını idarə etməyi bacarmalıdır”
  • Akif Nağı: “Heç kəs öz rəqibini təhqir edib, ona qarşı qara piyar aparmaqla səs toplamağa çalışmamalıdır”

“Torpaq uğrunda ölən varsa, vətəndir”.

“Odlar yurdu” kimi tanınan Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda bu günə qədər on minlərlə qeyrətli vətən oğlu canından və qanından keçərək şəhidlik zirvəsinə ucalıb. Elə bir o qədər də insan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, öz sağlamlığını itirib və qaziyə çevrilib. Bu gün həm dövlət, həm də cəmiyyət şəhidlərimizin xatirəsini əziz tutur, qazilərimizə isə sayğı ilə yanaşaraq, onların istər maddi, istərsə də mənəvi tələbatını layiqincə ödəməyə çalışır.

Təəssüflər olsun ki, bəzən torpağa və vətənə olan borcunu layiqincə ödəyən insanlar bunun əvəzində təmənna güdməyə və mənfəət axtarmağa başlayırlar. Vay o gündən ki, vətən üzərindən şou yaratmağa səy göstərəsən. Bax, o zaman nə cəmiyyət, nə dövlət, nə də  uğrunda canını fəda etdiyin, sağlamlığını itirdiyin torpaq səni bağışlamır. Bir cümlə ilə onu da qeyd edim ki, Allah heç də hər kəsə ən uca zirvə olan şəhidlik, yaxud qazilik nəsib etmir. Bunu bəlkə də çoxumuz arzulayırıq, lakin Uca Allah içimizdən bəzilərinə belə şərəfli yolu keçməyi nəsib edir. Odur ki, bizim borcumuz Allahın bizi seçərək ucaltdığı bu ali məqamın dəyərini bilməkdir.

Öz sağlamlığını vətən uğrunda itirən, bu səbəbdən həm cəmiyyət, həm də dövlət tərəfindən böyük nüfuz qazanan, sayğı göstərilən, maddi və mənəvi dəstək alan qazimiz Kamil Musəvi onunla eyni dairədən deputatlığa namizəd olan Fəzail Ağamalı ilə görüşdə özünü “millətin vəkili” olmağa adekvat aparmadı. Hesab edirəm ki, millətə vəkillik edəcək şəxs öz etik davranışı, danışıq tərzi, səbri, dinləmək bacarığı, yüksək siyasi intellektuallığı ilə digər insanlardan seçilməlidir. Onsuz da bizim Milli Məclisdə sadaladığım bu keyfiyyətlərdən xəbərsiz olan deputatlarımızın sayı çox idi. Onların sırasına eyni xüsusiyyətlərin daşıyıcısı olan bir şəxsin qatılması yolverilməzdir. Bu şəxs torpaq uğrunda sağlamlığından keçən bir qazi olsa belə…

Mövzu ilə bağlı KONKRET.AZ-la fikirlərini bölüşən tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli də hesab edir ki, istənilən münasibət sivil qaydada tənzimlənməlidir: “Bir namizədin digərindən xoşu gəlməyə, yaxud bəzən əhali çılğın ola bilər. Nəticədə isə bir-birilərinə qarşı təhqiramiz ifadələr işlədə, daş-qalaq edə, qova bilərlər. Bu halların heç biri təqdir olunası deyil. Narazılıq bildirmək təbii haldır. Lakin bunun ifadə forması ifrat dərəcədə olmamalıdır. Ona görə də namizədlər bir-birilərinə qarşı etik çərçivələr əsasında davranmalı və səbir nümayiş etdirməlidirlər”.

Qulu Məhərrəmlinin sözlərinə görə, millət vəkilliyinə namizəd olan şəxs emosiyalarını idarə etməyi bacarmalıdır. Danışıq tərzi isə etik çərçivədə olmalıdır: “Çünki bu şəxslər bir nümunədirlər. Böyük bir kütləni parlamentdə təmsil edəcək şəxslər yüksək səviyyə sahibi olmalıdırlar. Ona görə də bu cür kəskin və ifrat davranışları qəbul etmirəm. Hər kəsin bərabər hüququ var və o hüquqdan eyni şəkildə yararlanaraq seçici ilə görüş keçirə, yaxud mövqeyini səsləndirə bilər. Bununla razılaşmayanlar isə sadəcə təmkinli davranmalı, yaxud həmin görüşdən imtina etməlidirlər. Yenə qeyd edirəm ki, bu cür davranış doğru deyil”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da deputatlığa namizədlər Kamil Musəvi və Fəzail Ağamalı arasında baş verən anlaşılmazlığa münasibət bildirib.

Saytımıza açıqlamasında Akif Nağı baş verənləri xoşagəlməz hadisə kimi dəyərləndirib: “Heç kəs öz rəqibini təhqir edib ona qarşı qara piyar aparmaqla səs toplamağa çalışmamalıdır. Bu, düzgün yol deyil. Hər kəs seçicilərə özünü, gördüyü işləri, qabiliyyətini, düşüncəsini təqdim etməlidir. Seçicilər isə namizədin həyat və mübarizə yoluna, ictimai-siyasi fəaliyyətinə nəzər salaraq seçim etməlidirlər. Əks tərəfin üzərinə bu cür düşmək, ona qarşı kampaniya təşkil etmək, insanların qarşısında çətin duruma salmaq doğru mübarizə yolu deyil. Hər kəs 50-100 nəfəri ətrafına toplayıb, alternativinə qarşı hansısa bir hücum təşkil edə bilər. Amma 100 nəfər insan bütün dairənin səsi və seçimi demək deyil. Bu yolverilməzdir və narahatlıq doğuran bir məsələdir”.

Akif Nağı qeyd edib ki, namizədlərə müəyyən şərait yaradılıb və bəzi çərçivələr götürülüb: “Ancaq bu o demək deyil ki, hədləri aşmaq lazımdır. Kamil Musəvi torpaq uğrunda sağlamlığını itirib və qazidir. Bu yolla parlamentə düşmək təqdir olunan hal deyil”.

Hazırladı: Müşviq ƏHMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*