Keçmişdən gələn xəttin nəticəsi, gələcəyə doğru dərinləşmənin ilk addımı – BAKI BƏYANNAMƏSİbackend

Keçmişdən gələn xəttin nəticəsi, gələcəyə doğru dərinləşmənin ilk addımı - BAKI BƏYANNAMƏSİ

Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova və Əsəd Qayseri arasında “Bakı bəyannaməsi” imzalanacaq. Azərbaycan və Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi”ndən sonra imzalanacaq “Bakı bəyannaməsi” də mahiyyəti və əhəmiyyətinə görə, xüsusi maraqla gözlənilir. Maraqlıdır, bəs “Bakı bəyannaməsi”ndən gözləntilər nədir və hansı müsbət tərəfləri var? Üçtərəfli bəyannamə nəyə xidmət edəcək?

Turab Rzayev

Mövzunu KONKRET.az-a dəyərləndirən siyasi şərhçi Turab Rzayev bölgənin gələcəyinin Türkiyə-Azərbaycan-Pakistan itiifaqından asılı olduğunu, bu baxımdan, “Bakı bəyannaməsi”nin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bir sözlə, bu üçbucağın verəcəyi qərarlar Yaxın və Orta Şərqin taleyini həll edəcək. Artıq Amerika Birləşmiş Ştatları bölgədən çıxır, biz bunu ABŞ-ın Əfqanıstandan ordusunu çıxarmaqda, Qətərdəki hərbi bazalarını bağlamaqda, yaxın dövrdə Körvəzdəki əsgərlərini çıxarmağı planlaşdırmasında görürük. Amerika Yaxın və Orta Şərqdən çəkilərkən, onu əvəz edəcək qüvvə isə Türkiyədir. Necə ki, Əfqanıstanda Kabil hava limanına nəzarət Türkiyədən xahiş edilib və Türkiyə də yeni şərt öz yanında Macarıstan və Pakistanı istədiyi ilə bağlı şərt irəli sürüb. Türkiyə Pakistanı yanında həm də Talibanla olan xüsusi əlaqlərinə görə Türkiyə və Taliban arasında vasitəçilik etmək və qarşıdurmaların olmaması baxımından istəyib. Həmçinin, biz bunu digər istiqamətlərdə də görə bilərik. Məsələn, Amerika Birləşmiş Ştatları Qətərdə 3 hərbi bazasını bağlayıb, lakin Türkiyənin Qətərdə 2 hərbi bazası fəaliyyət göstərir və hal-hazırda Qətər dövləti də o bazaları qoruyur. Ona görə də Yaxın Şərqin, Mərkəzi Asiyanın gələcəyində Azərbaycan-Türkiyə-Pakistan ittifaqı mühüm rol oynayacaq”.

“Burada əlbəttə ki, Azərbaycan həmişə Türkiyənin yanında olmalıdır. Pakistanın da Azərbaycana Vətən müharibəsində verdiyi dəstək bəllidir. Artıq Taliban da Əfaqanıstanda hakimiyyəti tam ələ keçirdikdən sonra bu itiifaqa Əfqanısan da qoşulacaq. Eyni vaxtda Avropa İttifaqı (Aİ) ilə yola getməyən, lakin Türk köklü olduğunu bildiyimiz, həmişə Türk Şurasına, Turan birliyinə can atan Macarıstan da bizim yanımızda olacaq, həmçinin, Qətər də bizimlə birlikdə olacaq və digər dövlətlər də zamanla bu ittifaqa qoşulmaq istəyəcək”-deyə, analitik vurğulayıb.

Rzayev hesab edir ki, eyni dövrdə Rusiya ilə münasibətlərdə də yeni bir müstəviyə qədəm qoyulacaq: “Yəni, Türkiyə ilə Rusiya həm Suriyada, həm Liviyada, həm də Qarabağda rəqib olsalar da, bir-birini başa düşdükləri qarşılıqlı platforma yaranıb. İndi isə biz bu platformanı böyük ehtimalla Mərkəzi Asiyada da görəcəyik. Çünki Mərkəzi Asiyada cəbhənin bir tərəfində artıq Paksitan var, cəbhənin mərkəzində Türkiyədir, digər tərəfdə isə Şimal alyansına yaxın Rusiya var. Bu məqamda artıq Orta Asiyada da yeni bir idarəetmə formatı yaranacaq və bu format Pakistan-Azərbaycan-Türkiyə-Rusiya masası şəklində formalaşacaq. Əgər, Orta Asiyada yeni bir iğtişaş baş verməsə, Talibanın ora keçməsi ilə Mərkəzi Asiyanın parçalanması baş verməsə, o zaman biz Mərkəzi Asiyada da Rusiya, Türkiyə, Pakistan və Azəbaycan masasını görə biləcəyik”.

Araz Aslanlı

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı da KONKRET.az-a şərhində bəyannamənin əsas motivlərinə münasibət bildirib: “Azərbaycan uzun müddət balanslaşdırılmış xarici siyasət kursuna bağlı olub. Düzdür, indi də onu doktrina olaraq saxlayır, amma balanslaşdırılmış xarici siyasətdə əvvəllər milli maraqlar mərkəzdə idi, yəni, milli maraqları təmin etmək üçün böyük güclər arasında balans qurmaq, eyni zamanda böyük güclərin maraqları ilə Azərbaycanın maraqları arasında balans qurmaq nəzərdə tutulurdu. Lakin geridə qalan mərhələ göstərdi ki, ümumi balansı gözləməkdənsə, maraq mərkəzli balans daha vacibdir. Bunun digərindən mahiyyətcə fərqi isə odur ki, bizim maraqlara önəm verənlərin arasında balans yaratmaq nəzərdə tutulur”.

“Yəni, biz gördük ki, xüsusi ilə də Türkiyə və Pakistan bizim bütün məsələlərimizə tam dəstək verir ki, bu da kritik məqamdır.

İkincisi, bizim üçün həyati maraq kəsb edən dövrdə həmin strateji dəstəklərin fasiləsiz və bütün istiqamətlərdə davam etdirilməsini gördük. Yəni, bizim bütün milli məsələlərimizə tam dəstək vermək. Bunu digər hansısa ölkə ilə bağlı mübahisələndirmək olar, amma Türkiyə və Pakistan üçün bunu heç vaxt mübahisləndirməmişik. Eyni zamanda, həyati dövrlərdə fasiləsiz və bütün istiqamətlərdə dəstəyi də daha çox bu iki dövlətdən görmüşük. Bu baxımdan, “Şuşa bəyannaməsi”ndən sonra Pakistan və Türkiyə ilə birgə sənədin qəbul oluması, həm də bu günə qədər davam edən xəttin təbii nəticəsi, bundan sonra yarana biləcək hansısa yaxınlaşmanın, balanslaşmış xarici siyasətdən bir qədər kənarlaşan siyasətin xəbərçisidir”-deyə, Aslanlı vurğulayıb.

O, növbəti mərhələdə Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirləri, hökumət başçıları və prezidentlər səviyyəsində də yeni sənədlərin imzalanmasının gözlənilən olduğunu səsləndirib: “Bununla da yəqin ki, həm iqtisadi, həm siyasi, həm mədəni, həm də təhlükəsizlik sahələrini əhatə edən çox ciddi dərinləşmə görəcəyik və bu dərinləşmə təbii ki, sülhə və əməkdaşlığa xidmət edən dərinləşmə olacaq. Eyni zamanda, 44 günlük müharibənin nəticələrini qəbul etmək istəməyənlərin qarşısında sədd olacaq bir dərinləşmə olacaq. Yəni hansısa güclər ki, 44 günlük müharibənin nəticəsini qəbul etmir, bu prosesin nəticəsini geri çevirmək niyyətindədir, o niyyətlərin qarşısında sədd olacaq bir dərinləşmə. Və qeyd etdiyim kimi, parlament rəhbərləri səviyyəsində qəbul olunan bu bəyanat qeyd keçmişdən gələn xəttin nəticəsi, amma gələcəyə doğru dərinləşmənin ilk addımıdır”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*